Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) kollektivi və tələbələri ilin son istirahət gününü Bilgəhdə yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatda ahıllarla birlikdə keçirib. UNEC tələbələrinin təşəbbüsü ilə həyata keçən görüşdə çıxış edən universitetin rektoru, professor Ədalət Muradov ahılları 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibəti ilə təbrik edib. Ə.Muradov vurğulayıb ki, bütün dünyada olduğu kimi, respublikamızda da ahıl insanlara dövlət qayğısı ildən-ilə artır: "Gündən-günə yeniləşən, müasirləşən, daha qüdrətli, zəngin dövlətə çevrilən Azərbaycanın hər bir vətəndaşı, o cümlədən burda yaşayan insanların sağlamlığı, əhval-ruhiyyəsinin yaxşı olması bizi çox sevindirir. Bu, dövlətin həyata keçirdiyi siyasətin humanizmindən, insana qayğısından xəbər verir. Dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətin qayəsi də bundan ibarətdir."
Sonra Universitetin Yaradıcılıq Mərkəzinin üzvləri pansionat sakinləri üçün, pansionatın özfəaliyyət dərnəyinin üzvləri isə tələbələr üçün mahnılar oxuyub, musiqilər ifa ediblər. Həmçinin, ahıllar da UNEC kollektivini və tələbələri özlərinin əl işləri ilə tanış ediblər.
Sonda ahıllar tələbələrə yeni başlayacaq qış imtahan sessiyasında uğurlar arzulayıblar.
Rəfiqə HÜSEYNOVA