31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibəti ilə rayonda silsilə tədbirlər keçirilir. Rayonun ərazisində yerləşən təhsil, səhiyyə, sənaye müəssisələrində dəyirmi masalar, müxtəlif müsabiqələr və bayram şənlikləri təşkil olunur.
Növbəti belə bayram tədbiri rayon icra hakimiyyətinin təşkilatçılığı ilə rayonun Yeni Günəşli yaşayış massivində yerləşən 2 saylı Uşaq Evində təşkil olunmuşdur. Uşaqları və bayram şənliyində iştirak edən iştirakçıları təbrik etmək üçün rayon icra hakimiyyəti başçısının müavini Afət Həsənova 2 saylı Uşaq Evində olmuşdur.
Xüsusi tərtibatla bəzədilmiş Uşaq Evində bayram əhval-ruhiyyəsi hökm sürürdü. Uşaqları salamlayan rayon icra hakimiyyəti başçısının müavini Afət Həsənova 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibəti ilə onları təbrik edib. Afət Həsənova öz çıxışında ölkə başçısı möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın uşaqlara göstərdikləri diqqət və qayğıdan ətraflı danışıb.
2 saylı Uşaq Evinin müdiri Sevda Hacıyeva uşaqlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına, ölkənin Birinci Xanımı Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Uşaqların böyük həvəslə iştirak etdikləri şənlikdə uşaqlar arasında müxtəlif yarışlar təşkil olundu və onlara rayon icra hakimiyyəti başçısının bayram hədiyyələri paylanıb.
Sonda Qurban Abbasov adına Mədəniyyət Sarayının incəsənət ustalarının uşaqlar üçün hazırladıqları bayram konserti fidan balaların sevincinə sevinc qatıb.
ZÜMRÜD