PDF Oxu

Sosial

  • 22

NAXÇIVAN: inkişafın yeni mərhələsi

NAXÇIVAN: inkişafın yeni mərhələsi

İlham Əliyev: "Naxçıvan Azərbaycanda liderdir və ümid edirəm ki, siz gələcəkdə də liderliyi saxlayacaqsınız"

Müasir tariximizin 30 ildən artıq bir mərhələsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər bəyan edirdi ki, "mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin. Naxçıvanın uğurlu inkişafı Azərbaycanın uğurlu inkişafı deməkdir. Bizim müstəqilliyimizin möhkəmləndirilməsi deməkdir. Burada gedən işlər məni çox sevindirir. Mən əminəm ki, bu gözəl ənənələr gələcək illərdə də davam etdiriləcək və Naxçıvan Muxtar Respublikası həm iqtisadi inkişaf sürətinə görə, həm də infrastruktur layihələrinin səviyyəsinə görə nəinki regionda, hətta dünya miqyasında qabaqcıl yerlərdə olacaqdır".

Bu davamlı innovativ inkişaf Ulu Öndərin layiqli siyasi davamçısı ölkə Prezidenti Cənab İlham Əliyevin muxtar respublikaya xüsusi diqqətinin sayəsindədir. MR-də operativ reallaşdırılan siyasi, iqtisadi istahatlar dəqiq, operativ icra olunan layihələr hesabına dinamik inkişaf qorunmuş, məqsədyönlü fəaliyyət nəticəsində, ilk növbədə muxtar respublikamızın hərtərəfli tərəqqisində mühüm amil olan ictimai-siyasi sabitlik qorunub saxlanılmışdır. Ötən dövr ərzində bütün iqtisadi fəaliyyət sahələrində sürətli inkişafa rəvac verən səmərəli iqtisadi siyasət tarazlı və davamlı inkişaf üçün başlıca amil olmuş, şəhər və rayonlarda canlanma yaranmış, iş adamlarının normal fəaliyyəti üçün əlverişli biznes mühiti formalaşdırılmış, yeni təsərrüfat subyektləri yaradılmış və işsizliyin səviyyəsi xeyli dərəcədə azalmışdır.

Muxtar Respublikada analoqu olmayan uğurlar

Naxçıvan Muxtar Respublikasında sosial həyatın bütün sahələrində analoqu olmayan uğurların qazanılmasında bir başlıca səbəb vardır: o da Ulu Öndərimizin yoluna sədaqət və bu yolun uğurla davam etdirilməsidir. Müdriklərin fikrinə görə, "Qısa vaxtda böyük izlər qoymaq hər şəxsə qismət olmur. Bunu edənlər əsl siyasi xadimlərdir". Muxtar respublikamızda sosial-iqtisadi inkişaf sahəsində əldə olunan nəticələr seçilən düzgün siyasi xəttin bəhrəsi olmaqla yanaşı, həm də rəhbər faktorunun real siyasi fəaliyyətdə təsdiqidir. 1996-cı ildən ötən dövrdə muxtar respublikada bütün makroiqtisadi göstəricilərin artım tempi təmin edilmiş, 2013-cü ildə ümumi daxili məhsulun həcmi 1995-ci ilə nisbətən 54 dəfə, sənaye məhsulunun həcmi 95 dəfə, əsas kapitala yönəldilən investisiyalar 340 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 9 dəfə, nəqliyyat sektorunda yük daşınması 24 dəfə, informasiya və rabitə xidmətlərinin həcmi 107 dəfə, pərakəndə əmtəə dövriyyəsi 30 dəfə, əhaliyə göstərilən pullu xidmətlər 47 dəfə, ixracın həcmi 201 dəfə, əhalinin gəlirləri isə 55 dəfə artmışdır. Bir sıra əsas göstəricilər baxımından son illərdə yaradılmış iqtisadi potensial və qazanılmış uğurlar muxtar respublikamızın yarandığı 1924-cü ildən keçən 70 ildən artıq bir dövrdə əldə olunanları xeyli üstələyir. Diqqəti bir fakta cəlb edək: əgər 1996-cı ilə qədər muxtar respublikada ümumilikdə 56 sənaye müəssisəsi fəaliyyət göstərirdisə, ötən 18 ildə onların sayı 8 dəfə artaraq 438-ə çatmışdır.

İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, cəmiyyətin inkişafının əsas şərtlərindən biri elm və təhsildir. Müasir dövrün tələblərinə cavab verən kadr potensialının formalaşdırılmasında, çevik və işlək mexanizmlər üzərində dövlət idarəçiliyi sisteminin yaradılmasında bu, vacib məsələdir. Bu baxımdan, Naxçıvandakı elm və təhsil quruculuğu regionda yeniləşmənin əsas hərəkətverici qüvvəsi rolunu oynayır. Vaxtilə tarixinin orta əsrlər dövrü belə, lazımi səviyyədə tədqiq edilməyən Naxçıvanın bu gün 5 min illik tarixə malik şəhər mədəniyyəti öyrənilmiş, ilkin yaşayışın və şəhərsalma yerinin arqumentləri kimi Naxçıvandakı tarixi abidələrin pasportlaşdırılması işi başa çatdırılmış, Naxçıvan Duzdağ mədəniyyəti yeni elmi istiqamət kimi müəyyənləşdirilmiş, aktual məsələlərə həsr olunmuş beynəlxalq konfrans və simpoziumlar keçirilmişdir. Ali Məclis Sədrinin xüsusi Sərəncamı əsasında "Naxçıvan tarixi" çoxcildliyinin hazırlanması da bu qədim yurdun keçmişinin yaşadılmasına, bu günün yaradılmasına və gələcəyinin təmin edilməsinə olan dərin inamın göstəricisidir.

Təhsil infrastrukturunun yenilənməsi, yeni məktəb binalarının tikilməsi dünya təhsil sisteminə inteqrasiya istiqamətində atılan mühüm addımlardır. 1996-cı ildən başlayaraq muxtar respublikada müasir informasiya texnologiyaları ilə təmin olunmuş 220 məktəb binası istifadəyə verilmiş, orta ixtisas və ali təhsil məktəbləri üçün tədris korpusları tikilmişdir. Bu gün Havuş, Bist, Nəsirvaz, Kükü, Şahbulaq, Teyvaz kimi ucqar dağ kəndlərinin məktəblərində şagirdlərin kompüterlərdən, elektron lövhələrdən, müasir laboratoriyalardan, fondunda on minlərlə ədəbiyyat olan kitabxanalardan və internetdən istifadə etməsini təkcə təhsilin inkişafı sahəsində görülən cari işlər kimi səciyyələndirmək olmaz. Bu, bütövlükdə, ölkə Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi, xalqın və dövlətin gələcək müqəddəratına hesablanmış "İqtisadi resursların insan kapitalına çevrilməsi" prinsipinin konkret bir regionda əməli iş müstəvisinə keçirilməsinin əyani ifadəsidir.

Naxçıvanın inkişafında intibah dövrü

İntibaha qovuşan müasir Naxçıvanın inkişafında əsas xarakterik cəhətlərdən biri də ərzaq və enerji təhlükəsizliyinin təmin olunmasıdır. Muxtar respublikada bu iki amil həyata keçirilən islahatların prioritet istiqamətini təşkil edir. Əgər 1996-cı ildə muxtar respublikada 1 su-elektrik stansiyası vardısa, hazırda elektrik stansiyalarının sayı 6-ya çatdırılmış, yaşayış məntəqələri tamamilə qazlaşdırılmışdır. 2009-2013-cü illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı, 2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin etibarlı ərzaq məhsulları ilə təminatına dair və 2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə dövlət proqramlarının qəbul olunması və icrası muxtar respublikada yerli istehsalın həcminin artmasına, əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatına geniş imkanlar yaratmışdır. Bir zaman zəruri ərzaq və sənaye məhsullarına olan tələbatını tamamilə idxal hesabına ödəyən muxtar respublikada bu gün 106-sı ərzaq, 226-sı qeyri-ərzaq olmaqla, 332 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir, Naxçıvanın ixrac potensialı artırılır.

"Dövlətimizin ən qiymətli sərvəti onun vətəndaşlarıdır"

Muxtar respublikada həyata keçirilən sosial siyasətin mərkəzində insan amili dayanır. Ölkə Prezidenti Cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulamışdır ki, dövlətimizin ən qiymətli sərvəti onun vətəndaşlarıdır. Məhz bu prinsip üstün tutulmaqla əhalinin sağlamlığının qorunması, müasir tibbi avadanlıqlarla təchiz olunmuş səhiyyə ocaqlarının inşası muxtar respublikada səhiyyə sahəsində reallaşdırılan mühüm islahatlardandır. 1996-cı ildən ötən dövrdə muxtar respublikada 230-a yaxın səhiyyə ocağı tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Müasir diaqnostika-müalicə və doğum mərkəzlərində, rayon mərkəzi xəstəxanalarında, dispanserlər, sahə xəstəxanaları, həkim ambulatoriyaları və feldşer-mama məntəqələrində insanların müayinə və müalicəsi günün tələbləri səviyyəsində təşkil olunmuşdur. Hər hansı sahə üzrə infrastruktur yaradılarkən, ilk növbədə, əhalinin rahat yaşayışının təminatı ön planda saxlanılır. Muxtar respublikanın mövcud təbii potensialından istifadə edilməklə yüksək mühəndis-texnoloji yeniliklər əsasında aparılan bu işlər ən müasir infrastrukturun və insanların kommunal-məişət şəraitinin yaxşılaşdırılmasına hesablanıb. Müasir dövrdə inkişafın başlıca şərtlərindən biri olan informasiya-kommunikasiya texnologiyalarının təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə geniş tətbiqi, elektron kitabxanaların yaradılması, əhaliyə göstərilən rabitə xidmətlərinin səviyyəsinin yüksəldilməsi üçün yeni nəsil ATS-lərin quraşdırılması, hətta ucqar dağ kəndlərinin fiber-optik bağlantılarla təmin olunması və genişzolaqlı internet xidmətinin göstərilməsi inkişafın tərkib hissələridir.

Görülən işlər muxtar respublikada insanların yaşayış səviyyəsini də yaxşılaşdırmışdır. Təkcə 2013-cü ildə əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 358 min kvadratmetrdən artıq yaşayış sahəsi tikilmişdir ki, bu da 1995-ci illə müqayisədə 21 dəfə çoxdur.

Əldə olunan nailiyyətlər muxtar respublikanın keçdiyi intibah yolunun bəhrələridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvanın inkişafı barədə demişdir: "Azərbaycanın digər bölgələri də inkişaf edir. Amma sizə deyə bilərəm ki, bu baxımdan Naxçıvan Azərbaycanda liderdir və ümid edirəm ki, siz gələcəkdə də liderliyi saxlayacaqsınız. Bunu abadlıq-quruculuq işlərini, yeni binaların yüksək zövqlə, səliqə ilə, diqqətlə tikilməsini Naxçıvana gələn hər bir vətəndaş, qonaq görür. Hiss olunur ki, bu işlər böyük məhəbbətlə görülür. Bu da əsas şərtdir. Bəzən sual verirlər ki, uğurlu siyasətin əsas səbəbi nədir? Mən hesab edirəm ki, xalqa olan məhəbbətdir. Doğma torpağa olan məhəbbətdir. Əgər bu varsa, deməli, rəhbərlikdə olan şəxslər də öz doğma xalqına ləyaqətlə, məhəbbətlə xidmət edirlər. Bu, Naxçıvanda var və məni çox sevindirir".

Göründüyü kimi, müasir Naxçıvan bu gün tərəqqi və inkişafın ən yüksək zirvəsindədir. Məhz bu inkişafın nəticəsidir ki, muxtar respublikada əhalinin həyat səviyyəsi getdikcə yüksəlir, insanların torpağa bağlılığı, yurd sevgisi artır, yaşayış məntəqələri müasirləşir, əsas ərzaq məhsullarına olan tələbat yerli istehsal hesabına ödənilir, torpaqlarımız güclü və nizami ordu hissələri tərəfindən qorunur, Naxçıvan şəhəri zirvə görüşlərinə, beynəlxalq tədbirlərə, idman yarışlarına ev sahibliyi edir...

Beləliklə də, bu gün öz dinamik inkişafı ilə Naxçıvan yeni bir tarix yazır. Öz qədim tarixi, qədim mədəniyyəti ilə seçilən ulu Naxçıvan həm qədimliyi, həm də müasirliyi ilə inkişaf simvolu kimi ölkənin digər əyalətlərinə nümunə ola bilər.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər