PDF Oxu

Sosial

  • 23

Daşkəsəndə 20 Yanvar faciəsinin 26-cı ildönümü böyük ehtiramla yad edildi

Daşkəsəndə 20 Yanvar faciəsinin 26-cı ildönümü böyük ehtiramla yad edildi

Dünən Daşkəsən rayon Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin 26-cı ildönümü münasibətilə ümumrayon anım mərasimi keçirildi. Daşkəsən rayon icra hakimiyyəti başçısı Əhəd Abıyevin müvafiq Sərəncamı əsasında tədbirlər planı hazırlanmış, rayonun idarə, müəssisə və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində, 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı toplantılar, dəyirmi masalar, müzakirələr və digər anım tədbirləri keçirilib. Ümumrayon anım tədbirində iştirak edənlərin hər biri səsləndirilən qəmli musiqilərin sədaları altında Şəhidlər Xiyabanına üz tutdular. Anım mərasimində Daşkəsən rayon icra hakimiyyəti başçısı Əhəd Abıyevin adından Şəhidlər Xiyabanındakı əbədi məşəlin önünə əklil qoyulmuş, rayon sakinləri şəhid qəbirləri üzərinə tər çiçəklər düzdülər.

Keçirilən anım tədbirində rayon rəhbəri Ə.Abıyev şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və iştirakçıları, rayon ağsaqqalları ilə görüşmüş, onların ehtiyac və qayğıları ilə maraqlanmışdır: "20 Yanvar xalqımızın qürur və qəhrəmanlıq tarixidir. Biz azadlığımız uğrunda gedən bütün şəhidlərimizlə fəxr edirik. Onların əziz xatirəsi, həmişə olduğu kimi, bu gün də Daşkəsəndə böyük ehtiramla yad olunur və qəlbimizdə əbədi yaşayacaqdır".

Ə.Abıyev, həmçinin bildirdi ki, 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür: "Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu qıra bilmədi. Xalqın başına gətirilən bu cinayət sovet imperiyasının iç üzünü bariz bir şəkildə ortaya çıxartdı. Əslində, imperiyanın Bakıda bu qanlı hadisəni törətməklə İttifaqa üzv olan digər respublikalara göz dağı vermək planı, imperiyanı zor gücünə mühafizə etmək təşəbbüsü də boşa çıxmış oldu. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda günahsız insanların gülləbaran edilməsi əməliyyatı SSRİ Müdafiə Nazirliyi, DİN xüsusi təyinatlıları və SSRİ DTK-nın təxribat qrupları tərəfindən təşkil olunmuşdu. Bu, Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, ərazi bütövlüyü, suverenlik uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda "erməni kartından" məharətlə istifadə etdi. Guya Bakıya qoşun onları, hərbi qulluqçuların ailələrini qorumaq, "millətçi ekstremistlər" tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu açıq riyakarlıq, imperiyanın növbəti qəddarlığını ört-basdır etmək üçün qabaqcadan hazırlanmış iftiralar və böhtanlar idi. Çünki sovet rəhbərliyinin "dəlilləri", hətta həqiqətə yaxın olsaydı belə, Bakıya təpədən-dırnağadək silahlandırılmış qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11 min 500 əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi".

Ə.Abıyev, həmçinin bildirib ki, həmin illərdə Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında yaradılan informasiya blokadasına baxmayaraq, ən çətin, ağır günlərdə xalqla bir yerdə olan Ümummilli Liderimiz Heydər Əliyev 20 Yanvar faciəsi ilə bağlı yüksək səviyyədə, çəsarətlə vətənpərvərlik mövqeyi nümayiş etdirmişdir: "Ulu Öndərimiz 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək xarici jurnalistlər qarşısında çıxış etmiş, Mixail Qorbaçovun xaqımıza düşmən siyasətini qətiyyətlə ifşa edərək hadisəyə siyasi-hüquqi qiymət vermiş, özünün etiraz səsini ucaltmışdır. Xalqımızın mərd oğlu, müdrik dövlət xadimi Heydər Əliyev 20 Yanvar qanlı cinayətinin digər təşkilatçılarını da qəzəblə ittiham etmiş, vətənimizin bütövlüyü, milli müstəqilliyimiz uğrunda canlarını fəda etmiş bütün şəhidlərin ailələrinə dərin hüznlə başsağlığı vermiş, onlara Allahdan səbr və dəyanət arzulamışdır".

Daşkəsən rayon icra hakimiyyətinin başçısı qeyd edib ki, Ümummilli Liderin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə hüquqi qiymət verilməsi məsələsi öz həllini tapmışdır: "20 Yanvar tarixi Ümumxalq Hüzn Günü elan edilmişdir. 20 Yanvar faciəsini həmişə uca tutan Ulu Öndərimiz onların adlarının əbədiləşdirilməsinə, şəhidlərin ailə üzvlərinə maddi və mənəvi qayğı göstərilməsinə daim diqqətlə yanaşıbdır. Bu gün bu humanist siyasət möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı bu qəbildən olan vətəndaşlarımıza- müharibə veteranlarına, şəhid ailələrinə, əlillərə daim diqqət və qayğı göstərir və onların problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifə olaraq bir tələb kimi qarşıya qoyur. 16 yanvar 2016-cı il tarixdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Fərmanına əsasən 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması və "1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün yenidən artırılması ölkə başçısının bu sahəyə həssas və qayğıkeş münasibətinin təzahürüdür. Bu il xalqımız 20 Yanvar hadisələrinin 26-cı ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. Bakının ən möhtəşəm məkanında Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər Xiyabanı xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrilib. Şəhidlərimiz və Şəhidlər Xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, əziz ruhları şad olsun!"

Keçirilən ümumrayon anım mərasimindən sonra Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə şəhid ailələrinin evlərinə baş çəkdi, onlara maddi yardımlar göstərildi.

R.KAMALQIZI

Digər xəbərlər