YAP Quba rayon təşkilatı qadınlar şurası 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar Azərbaycan Pedaqoji Universitetinin Quba rayon filialında tədbir keçirib. Tədbirdən öncə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Azərbaycan Pedaqoji Universitetinin Quba rayon filialının rektoru Əli Allahverdiyev bildirib ki, 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd etsək də, o müdhiş gecəni həm də iftixar hissi ilə xatırlayırıq:"Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanlarımızın vəhşicəsinə qətlə yetirilməsi xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə qüdrətini bütün dünyaya bəyan etdi. Ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları həmin gün canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
YAP Quba rayon təşkilatı qadınlar şurasının sədri Aysel Şeydayeva çıxışında 20 Yanvarda baş vermiş qanlı olaylardan dərhal sonra Vətənini və xalqını böyük məhəbbətlə sevən Ulu Öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransının əhəmiyyətini diqqətə çəkib: "Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı Nümayəndəliyinə gedərək xalqımızın kədərini bölüşməsi və qırmızı rejimin Azərbaycanda həyata keçirdiyi qanlı aksiyanı ifşa etməsi o dövrdə xalqımıza bir dayaq və təsəlli oldu. Xalq o ağır günlərində köməksiz olmadığını hiss etdi. Ulu Öndər Heydər Əliyev bu bəyanatı ilə, əslində Azərbaycanda gedən proseslərə qiymət verdi".
Quba rayon təşkilatında 20 Yanvarla əlaqədar silsilə tədbirlər keçirilib
YAP Quba rayon təşkilatı 20 Yanvar faciəsi ilə bağlı Quba Dövlət Sosial-İqtisadi Kolleci və rayon təşkilatının ərazi ilk partiya təşkilatlarında silsilə tədbirlər keçirib. Tədbirlərdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin qəhrəmanlıq mübarizəsindən danışılıb.
Tədbirdə YAP Quba rayon təşkilatı aparatının baş təlimatçısı Cəlal Qəribov çıxış edərək qeyd edib ki, 20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir.
Tədbirdə çıxış edən YAP Quba rayon təşkilatı aparatının təlimatçısı Qılman Qubatov qeyd edib ki, 20 yanvar hadisəsi zamanı dinc əhalinin kütləvi etiraz aksiyalarının ağır hərbi texnikanın köməyi ilə vəhşicəsinə dağıdılması, təkcə süquta uğramaqda olan sovet siyasi sisteminin qorunması cəhdi kimi deyil, həm də azərbaycanlıların tarixi torpaqlarından sıxışdırılıb çıxarılması ilə bağlı çar Rusiyasının əsrlərlə apardığı mənfur siyasətin davamı idi. O, qeyd edib ki, 20 Yanvar Azərbaycan xalqının tarixində, sadəcə ağrı-acı ilə xatırlanacaq gün deyildir. 20 Yanvar Azərbaycan xalqının şan və şərəf günüdür. Ümummilli Lider Heydər Əliyev Azərbaycan və müstəqillik uğrunda qanından keçən şəhidləri və əlil olmuşları Azərbaycanın ilk qaranquşları adlandırıb. Belə insanlara dövlət tərəfindən diqqət və qayğı göstərilir.
Tədbirdə YAP Quba rayon təşkilatı aparatının təlimatçısı Əhməd Baloğlanov çıxış edərək qeyd edib ki, şəhidlərimizin qanı bahasına qazanılan müstəqilliyinizi qanımızla və canımızla qorumalı, Ümummilli Liderimiz Heydər Əliyevin dediyi kimi, onu daimi, əbədi və dönməz etməliyik.
NƏZAKƏT