PDF Oxu

Sosial

  • 35

Daşkəsən rayon icra hakimiyyəti başçısının şəhər inzibati- ərazi dairəsi üzrə nümayəndəsinin hesabat yığıncağı keçirilibdir

Daşkəsən rayon icra hakimiyyəti başçısının şəhər inzibati- ərazi dairəsi üzrə nümayəndəsinin hesabat yığıncağı keçirilibdir

Dünən Daşkəsən rayon icra hakimiyyəti başçısının şəhər inzibati-ərazi dairəsi üzrə nümayəndəsinin hesabat yığıncağı keçirilibdir. Hesabat yığıncağı Daşkəsən rayon icra hakimiyyəti başçısı Əhəd Abıyev, RİH aparatının məsul işçiləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat, hüquq-mühafizə orqanlarının rəhbərləri və kənd sakinlərinin iştirakı ilə birgə keçirilib.

Daşkəsən şəhər İƏDÜ nümayəndəsi Nüsrət Vəliyev hesabat mərüzəsi ilə çıxış edərək 2015-ci il ərzində nümayəndəliyin ərazisində görülən işlərdən, cari ildə qarşıda duran vəzifələrdən və onları narahat edən problemlərdən danışıbdır: "Daşkəsənlilər ölkəmizdə gedən ictimai-siyasi proseslərdə fəal iştirak etmiş, yüksək nailiyyətlər qazanmışlar. Belə ki, 2015-ci ilin may ayının 16-da ilk Avropa Oyunlarının məşəli Daşkəsən rayonuna gətirilmişdir. Rayon əhalisinin böyük coşqu ilə qatıldığı ilk Avropa Oyunlarının məşəlinin qarşılanma və Estafet mərasimləri Bakı Avropa Oyunları Təşkilat Komitəsi tərəfindən yüksək qiymətləndirilmiş və qərb regionunda yeganə olaraq Daşkəsən rayonu ilk Avropa Oyunlarının "Xatirə" medalı ilə təltif edilmişdir". N.Vəliyev onu da bildirib ki, rayon rəhbərliyinin təşəbbüsü ilə "Daşkəsən şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi, çirkab sutəmizləyici qurğunun layihələndirilməsi və tikintisi layihəsi"nin icrasına başlanılıbdır. Layihədə içməli su ehtiyatı şəhərdən 18-20 km məsafədə yerləşən "Qarainək" və "Gurbulaq" su qaynaqlarından götürərək magistral polietilen boru xətləri ilə şəhərə çatdırılması nəzərdə tutulub. Su tikiləçək 4 su anbarı vasitəsi ilə şəhərə paylanacaq. Magistral xətt üzrə işlərin 99,05%-dən çox hissəsi artıq tamamlanmışdır. Kanalizasiya şəbəkəsində 13500 metr xəttin tikintisi başa çatdırılmışdır. Bu layihənin həyata keçirilməsi nəticəsində Daşkəsən şəhərinin əhalisi fasiləsiz olaraq ekoloji cəhətdən təmiz su ilə təmin olunacaqdır. Şəhər nümayəndəliyi rayonda abadılıq-quruculuq işləri barədə də məlumat verib. Həmçinin bildirib ki, 12-14 noyabr 2015-ci il tarixlərdə Daşkəsən şəhəri və Alunitdağ qəsəbəsində güclü küləklə müşahidə edilən qasırğanın törətdiyi fəsadların aradan qaldırılması istiqamətində Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev dərhal tədbirlər planı işləyib və onu əməli şəkildə icra edib.

Hesabat yığıncağında Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev sakinlərə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda ölkə Prezidenti Cənab İlham Əliyevin dövlət qurumları və yerli icra strukturları qarşısında qoyduğu vəzifələr barədə ətraflı məlumat verib.

Ə.Abıyev, rayonda görülən və cari ildə görüləcək işlərdən də danışıb, həmçinin rayonda fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatlara bu istiqamətdə öz tapşırıq və tövsiyələrini veribdir. Sonda sakinləri maraqlandıran suallar cavablandırılıbdır.

Hesabat yığıncağında çıxış edən şəhər sakinləri də yüksək səviyyədə həllini tapmış problemlərə, aparılan möhtəşəm layihələrə görə ölkə Prezidenti Cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını və razılıqlarını bildirərək, bu qayğının onları dünya şöhrətli Prezidentimizin ətrafında daha sıx birləşməyə ruhlandırdığını ifadə ediblər.

Şəhər sakinləri, həmçinin onları narahat edən digər problemlərlə bağlı təkliflərini, istək və arzularını rayon rəhbərliyinin diqqətinə çatdırıblar.

R.KAMALQIZI

Digər xəbərlər