PDF Oxu

Sosial

  • 28

"Qarabağla bağlı erməni yalanları dünya ictimaiyyətinə çatdırılır"

"Qarabağla bağlı erməni yalanları dünya ictimaiyyətinə çatdırılır"

Bu gün xarici ölkələrdə müəyyən sayda azərbaycanlı gənclər təhsil alır. Azərbaycanda dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birini təşkil edən gənclər siyasəti, onun tərkib hissəsi kimi gənclərin xaricdə təhsil almaları ilə bağlı dövlət proqramları qəbul edilərək həyata keçirilib və bu proses davam edir. Yüzlərlə azərbaycanlı gənc dövlət hesabına müxtəlif xarici ölkələrdə təhsil almağa göndərilir. Həmin gənclərin vəzifəsi təhsil aldıqları ölkələrdə yüksək təhsil səviyyəsi əldə etməklə bərabər, həm də Azərbaycanı layiqincə təbliğ etməli, ölkəmiz barədə həqiqətləri olduğu yerin insanlarına çatdırmalıdır. Bu isə gənclərimizdən yüksək vətənpərvərlik nümunəsi sərgiləməyi tələb edir. İtaliyada təhsil alan, eyni zamanda orada Azərbaycanı, onun tarixini, mədəniyyətini, dilini layiqincə təmsil edən bir gənc xanımla müsahibəni sizə təqdim edirik.

Məryəm Mehdiyeva Azərbaycan Dillər Universitetinin tərcümə fakültəsində təhsil alıb. Sonra İtaliyanın Peruca şəhərində beynəlxalq münasibətlər və reklam fakültəsində oxuyub. Hal-hazırda Romanın La Sapienza Universitetində magistratura təhsili alır. 3 il Venesiyanın Ka Foskari Universitetində italyalı tələbələrə Azərbaycan dilini tədris edib. Həmçinin, 2 il Ural-Altay ədəbiyyatı fənni çərçivəsində "Kitabi-Dədə Qorqud" mövzusunda seminar keçib.

-Bir gənc olaraq, İtaliyada ölkəmizi necə təbliğ edirsiniz?

- Hər bir gənc, ilk növbədə öz ölkəsini mədəniyyəti, savadı, geniş dünyagörüşü ilə təmsil və təbliğ etməlidir. Fikrimcə, bizim gənclərin də ən azı avropalılar qədər müasir və savadlı olması fikrini onlara aşılamaq ən vacib məsələdir. Mən bu işdə əlimdən gələni etməyə çalışıram. Hər zaman Azərbaycanın tarixi, ədəbiyyatı, iqtisadiyyatı, görkəmli şəxsiyyətləri haqqında italiyalı dostlarıma məlumatlar verirəm. Romada Azərbaycanın əlamətdar günləri ilə bağlı müxtəlif mövzularda və formatda tədbirlər keçirilir. Mən bir Azərbaycan vətəndaşı olaraq, belə tədbirlərin hər birində iştirak etməyə və öz töhfəmi verməyə çalışıram.

- İtaliyalı gənclər arasında Azərbaycan dilini, mədəniyyətini öyrənməyə meyil varmı, ümumiyyətlə bu sahədə italiyalı mütəxəssislər yetişə bilərmi?

- İtaliyalı gəncləri yeni, maraqlı olan hər bir şey haqqında məlumat almağa açıqdırlar. Önəmli olan onların diqqətini çəkmək, Azərbaycan dilini, mədəniyyətini öyrənməyin onlara faydalı olacağı mesajını verməkdir. Bildirmək istərdim ki, İtaliyada artıq Azərbaycanla bağlı tədqiqatlar aparan insanlar var. Azərbaycan dilini tədris etdiyim Ka Foskari Universitetində Azərbaycan dilini bilən professor, ədəbiyyatımızı tədqiq edən tədqiqatçılar, öz elmi işlərini Azərbaycana dair yazan tələbələr var. Eynilə də Romanın La Sapienza Universitetində də belə tədqiqatçılar, Azərbaycan haqqında kitab nəşr edən alimlər var.

- İtaliyalılar Qarabağ həqiqətləri ilə geniş məlumatlara malikdirlərmi?

- Biz olduğumuz hər tədbirdə bu mövzuya toxunmağa çalışırıq. Universitetimiz də bu mövzuya biganə deyil. La Sapienza Universitetinin professorlarının tədqiqat mövzularından biri də budur. İtaliyada fəaliyyət göstərən, azərbaycanlılar tərəfindən yaradılmış bir neçə tələbə təşkilatı var. Onların təşəbbüsü ilə müxtəlif tədbirlər, genişmiqyaslı flaşmoblar təşkil olunur. Həmin tədbirlərin bir neçəsi mediada da yer alıb. Düşünürəm ki, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq hər bir azərbaycanlı gəncin borcudur. Bu yöndə Azərbaycan lobbiçiliyinin bir sıra uğurları var. Onlar arasında ölkəmizin 2011-ci ilin oktyabrında BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini, bir neçə gün öncə AŞPA-da qəbul olunmuş "Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi" adlı məruzəsinin qəbulunu, davamlı şəkildə azərbaycanlıların Almaniya, Fransa, Türkiyə, Ukrayna və digər ölkələrin hökumət qurumlarına və dövlət orqanlarına üzv seçilmələrini xüsusi qeyd etmək olar. Belə uğurlar sayəsində Qarabağla bağlı erməni yalanlarını ən yüksək tribunalardan dünya ictimaiyyətinə çatdırılır.

- Qarşıdan Xocalı soyqırımının 24-cü ildönümü gəlir. Bu barədə İtaliyada təhsil alan azərbaycanlı tələbələr hər hansı tədbirlər planlaşdırırmı?

- Bu gün Azərbaycan dövləti uğurlu xarici siyasəti ilə seçilir və regionun aparıcı ölkəsi kimi özünü artıq təsdiq edib. Xarici siyasətin bir hissəsi olaraq biz xaricdə təhsil alan tələbələr öz səylərimizi birləşdirməliyik. Mən qarşıdan gələn Xocalı soyqırımının növbəti ildönümün ilə əlaqədar xaricdə təhsil alan tələbələri aktiv fəaliyyət göstərməyə çağırıram. Birgə addımlarıız nəticəsində daha geniş insan kütləsini əhatə edərək ermənilərin xalqımıza qarşı törətdikləri cinayətlər haqqında məlumat verə, qarşı tərəfin yalan və saxtakarlığının qarşısını ala bilərik. İtaliyada təhsil alan azərbaycanlı tələbələr Xocalı soyqırımının ildönümünü sosial şəbəkələr üzrə bir neçə aksiya və əcnəbi tələbələr arasında məlumatlandırıcı tədbirlərin keçirilməsi ilə qeyd edəcək.

Tofiq Abdulla

Digər xəbərlər