PDF Oxu

Sosial

  • 26

Aliment qadına verilən sədəqə deyil

Aliment qadına verilən sədəqə deyil

"Aliment məhkəmə qərarı əsasında həyata keçirilir və onun icrası məcburidir". Bu sözləri hüquq müdafiəçisi Səməd Vəkilov boşanan ailələrdə ataların alimentdən imtina etməsi ilə bağlı danışarkən deyib. S.Vəkilov bildirib ki, "İcra haqqında" qanuna görə, aliment ödəyən şəxslərə 10 gün könüllü icra müddəti verilir, ödənmədikdə isə məcburi icra tədbirləri həyata keçirilir.

Onun sözlərinə görə, məcburi icra tədbirlərindən sonra aliment verilmirsə, o zaman Cinayət Məcəlləsinin 366-cı maddəsi ilə həmin şəxs barəsində cinayət işi açılır: "Məhkəmə qərarından imtina etmək olmaz. Amma etiraf edək ki, hələ də alimentin verilməsindən imtina halları mövcuddur. Buna səbəb kimi atanın iqtisadi vəziyyətinin çətin olması, işsizliyi və sosial problemləri göstərilir. Lakin qəsdən boyun qaçıranlara da rast gəlmək mümkündür".

Alimenti ödəyə bilməyənlər üçün güzəştlərin olduğunu deyən hüquq müdafiəçisi vurğulayıb ki, məhkəmə ödəməni bütöv şəkildə həyata keçirə bilməyənlər üçün məbləğin hissə-hissə ödənməsi ilə bağlı qərar qəbul edir: "Ailə Məcəlləsinin 76-cı maddəsində göstərilir ki, ata bir uşağa görə qazancının 1/4, 2 uşağa görə 1/3, 3 uşağa görə isə yarı hissəsini aliment ödəməlidir. İşsiz atalar isə Nazirlər Kabinetinin uşaqların saxlanması ilə bağlı müəyyən etdiyi sabit pul məbləğini, yəni 117 manatı ödəməlidirlər".

"Bəzən elə hallar olur ki, ata xarici ölkə, ana isə Azərbaycan vətəndaşıdır. Belə olan halda, alimentin ödənilməsi hər iki ölkənin qanunvericiliyinə əsasən həyata keçirilir. Atanın qazancı belə hallarda da əsas götürülür. Yalnız onların görüş hüquqlarında müəyyən çətinliklər yaranır.

Avropa Şurasının Nazirlər Komitəsinin 1998-ci ildə ailə işlərində vasitəçilik mövzusunda olan tövsiyələri var ki, burada boşandıqdan sonra aliment öhdəlikləri, ata ilə ananın uşaqla ünsiyyəti, psixoloji və fiziki cəhətdən sağlam olması, mənəvi cəhətdən tərbiyə olunması, valideynin birinin əcnəbi olması ilə əlaqədar onların görüşməsi və digər hüquqlar öz əksini tapıb.

Boşanan ailələrdə alimentin verilməsi atanın üzərinə düşürsə, ananın üzərinə uşağın təlim-tərbiyəsi və digər öhdəliklər düşür. Düşünürəm ki, hər bir problem bir tərəfli deyil, ata və ananın birgə səyi nəticəsində aradan qaldırılmalıdır. Çünki istənilən halda, əziyyət çəkən yeganə şəxs uşaq olur"- deyə S.Vəkilov qeyd edib.

"Aliment hər bir halda ödənməlidir"

Məsələ ilə bağlı saytımıza açıqlama verən psixoloq Təhminə Çələbi isə söyləyib ki, valideynlər arasında uçuruma övladlar düşür: "Çox təəssüf ki, Azərbaycanda boşanma nəticəsində övlad atanı tamamilə itirir. İki tərəf münasibətə girə, birgə yaşaya bilmirsə, bu, o demək deyil ki, onu tamamilə həyatından çıxarmalıdır. Belə olan halda, uşaqlarda psixoloji zədələr əmələ gəlir ki, bu da onların gələcək həyatına təsir edir. Təsəvvür edin ki, uşaq hər iki valideynini görür, lakin müəyyən müddətdən sonra anlamadığı səbəblərə görə, atasını görmür. Atanın boşandıqdan sonra özünə yeni həyat qurması, digər övladlarının dünyaya gəlməsi uşaqlarda özünə güvənmək, fobiyalar, atılma qorxusu kimi psixoloji problemlər yaradır ki, bu da nevroz və digər xəstəliklərin yaranmasına gətirib çıxarır. Boşanma ərəfəsində olan ailələrdə ata uşaqla görüşərək, onu bu hala psixoloji cəhətdən hazırlamalıdır".

Psixoloqun fikrincə, aliment hər bir halda ödənməlidir: "Çox təəssüf ki, bəzən alimenti qadına verilən sədəqə kimi qiymətləndirirlər. Aliment onun övladının müəyyən ehtiyaclarının qarşılanması üçün verilə biləcək ən kiçik məbləğdir. Bu kimi problemlər övladın ataya olan münasibətlərinə təsirsiz ötüşmür. Boşandıqdan sonra ata ilə ana arasında hər hansı problemlər olmadıqda, ünsiyyətləri normal qaldıqda, uşaqlar ağır zədələr almırlar. Bəzən elə ailələr var ki, onların bir yerdə yaşaması uşaqlara ayrı yaşamalarından daha ağır zərbə vurur. İstər ailə çərçivəsində, istərsə də boşandıqdan sonra hər iki tərəf özlərini deyil, uşaqlarını düşünməlidirlər. Çünki onlar arasında olan münasibətlər uşaqları həm müsbət, həm də mənfi istiqamətə yönəldə bilər".

Nailə Məhərrəmova

Digər xəbərlər