PDF Oxu

Sosial

  • 38

Malıbəyli və Quşçular kəndlərinin işğalından 24 il ötür...

Malıbəyli və Quşçular kəndlərinin işğalından 24 il ötür...

İşğal zamanı təxminən 50 nəfər dinc sakin Ermənistan ordusu tərəfindən vəhşicəsinə öldürüldü

Azərbaycan daha bir işğal tarixini anır. Ermənistan silahlı qüvvələri tərəfindən Şuşanın Malıbəyli və Quşçular kəndlərinin işğalından 24 il ötür. Yuxarı Quşçular - Azərbaycan Respublikasının Şuşa rayonunun inzibati-ərazi vahidində kənddir. 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib.

Yuxarı Quşçular kəndinin tarixi 18-ci yüzillikdə buraya yerləşən əhali ilə başlayır. Bu əhali Tovuz ərazisindən köç edib. Əhalinin mənşəyi Orta Asiyadan köç etmiş Kuşun tayfasındandır. Qarabağ müharibəsinin başlanğıcında Ermənistan qüvvələri Qarabağın ermənilər yaşayan hissələrini tamamilə ələ keçirdikdən sonra, azərbaycanlılar yaşayan məntəqələrə hücum etməyə başladılar. 1992-ci ilin yanvar ayında ermənilər Xankəndi şəhərindəki Azərbaycan XTPD qüvvələrini sıxışdıraraq çıxardılar. Bundan sonra ermənilər Şuşa şəhərinin işğal edilməsi məqsədilə onu mühasirəyə almağa başladılar. Bu proses zamanı onlar eyni vaxtda, 1992-ci il fevralın 12-də Şuşa rayonunun Malıbəyli və Quşçular kəndinə hücum etdilər. Kəndlərin hər ikisi bir günün içində işğal edildi, işğal nəticəsində təxminən 50 nəfər dinc sakin Ermənistan ordusu və muzdlu əsgərləri tərəfindən vəhşicəsinə öldürüldü. Yerdə qalan əhali qaçmaqla canını qurtara bildi, kəndlərin hər ikisi isə tamamilə yandırıldı.

Erməni terrorçuları Xocalını işğal etmək üçün, ilk növbədə Malıbəyli və Quşçular kəndlərini zəbt etdilər. 1992-ci il fevralın 10-da erməni birləşmiş hərbi hissələri Malıbəyli kəndinə üç tərəfdən hücuma keçdilər. Malıbəyli və Quşçular kəndlərinin kişiləri mərdliklə müdafiə olunaraq düşməni kəndə girməyə, camaatdan girov götürməyə imkan vermirdilər. Gecə ikən Malıbəylinin dinc əhalisi qonşu Quşçular kəndinə gətirilir. Malıbəyli və Quşçular kəndlərinin 3 minədək əhalisi düşmən əlinə keçməmək üçün ya Xocalıya, ya da Ağdama doğru hərəkət etməli idi. Düşmən Xocalı istiqamətində əhalini qırmaq və girov götürmək üçün güclü hazırlıq işləri görmüşdü. Odur ki, Malıbəyli əhalisi soyuq fevral gecəsində Abdal və Gülablı kəndləri istiqamətində 16 km yolu keçib Ağdama tərəf gəlməyə qərar verdi.

Hər iki qədim kənd fevralın 11-dən 12-nə keçən gecə işğal olundu.

A.SƏMƏDOVA

Digər xəbərlər