ABŞ-da Xocalı soyqırımını tanıyan ştatların sayı 19-a çatdı
Bu gün dünya ictimaiyyətinə Azərbaycan həqiqətlərinin geniş şəkildə çatdırılmasının nəticəsidir ki, beynəlxalq ictimaiyyət erməni işğalı altında olan Qarabağda və Xocalıda baş verən olayları layiqli və düzgün qiymətləndirir. Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılır. Elə bu səbəbdən, dünyanın bir neçə ölkəsi tərəfindən Xocalı soyqırımının rəsmən tanınması barədə qərar qəbul edilib. Soyqırımı qətliam kimi tanıyan ABŞ ştatları - Texas, Nyu-Cersi, Corciya, Men, Nyu-Meksiko, Arkanzas, Missisipi, Oklahoma, Yuta və başqa ştatlar qətnamələr qəbul ediblər. Qeyd edək ki, ötən il bu siyahı 17-yə çatmışdı. Bu il Xocalı soyqırımı ərəfəsində Amerikanın daha iki ştatı, bu faciənin tanınması barədə qətnamə qəbul edib. Belə ki, ABŞ-ın Nebraska ştatının qubernatoru Pit Rikets (Pete Ricketts) bəyannamə imzalayaraq, 26 fevral tarixini bütün Nebraska ştatında "Xocalını Anma Günü" elan edib və ştat sakinlərini bu günü hüznlə yad etməyə çağırıb. Bu bəyannamə, Nebraska ştatında Xocalı qətliamı ilə bağlı qəbul edilmiş ilk sənəddir. Belə ki, ABŞ-da Xocalı qətliamını tanıyan və pisləyən ştatların sayı 18-ə çatıb. Bundan əlavə, ABŞ-ın daha bir ştatı Xocalı qətliamını tanıyıb. ABŞ-ın Havay ştatının qubernatoru Deyvid İqe (David Ige) Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar bu faciənin tanınması ilə bağlı xüsusi bəyannamə imzalayıb. Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan bildirilib ki, Baş Konsulluğa daxil olmuş bəyannamədə, qubernator Havay ştatının sakinləri adından Xocalı faciəsi ilə bağlı dərin kədərini ifadə edərək, amansız qəddarlığa məruz qalmış günahsız qətliam qurbanlarının anılmasının önəmini vurğulayır. Sənəddə qeyd olunur ki, 1992-ci ilin 25-26 fevral tarixində baş vermiş Xocalı qətliamı zamanı 600 nəfərdən çox mülki insan qətlə yetirilib. Qubernator bildirir ki, oxşar qəddarlıqların yenidən baş verməməsi üçün Xocalı qurbanlarını hörmətlə yad etmək vacibdir. Bəyannamənin sonunda qubernator D.İqe arzu edib ki, tarix bir daha belə bir faciənin şahidi olmasın.
Beləliklə, bu bəyannamə daxil olmaqla ABŞ-da Xocalı qətliamını tanıyan və pisləyən ştatların sayı 19-a çatıb.
Xocalı soyqırımı təkcə Azərbaycanın deyil, bütün dünyanın, bəşəri faciəsidir. Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilən cinayətdir. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə, amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər. Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması və bu istiqamətdə gerçəkləşən layihələrin coğrafi məkanı ilbəil genişlənir.
ZÜMRÜD