Jirayr Libaredyan: "Əgər biz törətdiyimiz cinayəti etiraf etmiriksə, nəyə görə ümid etməliyik ki, başqaları ermənilərə qarşı törədilmiş cinayətləri tanıyacaq?"
Xalqımızın ən böyük faciələrindən biri olan Xocalı soyqırımından 24 il keçir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri hələ SSRİ dövründə Xankəndi şəhərində yerləşən, zabit və gizirlərinin xeyli hissəsi ermənilərdən ibarət olan 366-cı motoatıcı alayının zirehli texnikası və hərbçilərinin köməyi ilə Xocalı şəhərini yerlə yeksan edib, sakinlərə amansızlıqla divan tutub, onları vəhşicəsinə, qəddarlıqla, ağlasığmaz işgəncələrlə qətlə yetiriblər...Erməni təcavüzkarlarının xalqımıza qarşı törətdiyi bu növbəti kütləvi qırğın - Xocalı faciəsi 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoydu. 1275 dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst oldu. 8 ailənin bütün üzvləri öldürüldü. 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirildi, diri-diri yandırıldı, başları kəsildi, üzlərinin dərisi soyuldu, körpə uşaqların gözləri çıxarıldı, meyitlər təhqir olundu. Xocalıların öz doğma torpaqlarında, ev-eşiklərində yaşamaq haqqı əllərindən alındı. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixində olan qiymətlərlə 5 milyard rubl dəyərində ziyan vurulub.
Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi, öz amansızlığına və qəddarlığına görə, bəşəriyyətə və insanlığa qarşı törədilən cinayət idi. Bir çox milli faciələrimiz kimi Xocalı soyqırımına da siyasi-hüquqi qiymətin verilməsi Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra mümkün oldu. 1994-cü ildə Ulu Öndərin təşəbbüsü ilə Milli Məclis 26 fevral - "Xocalı soyqırımı günü haqqında" xüsusi qərar qəbul etdi. Sənəddə hadisənin başvermə səbəbləri, günahkarları təfsilatı ilə açıqlanır. Böyük Öndərin 25 fevral 1997-ci il tarixli Sərəncamına əsasən, hər il fevralın 26-sı saat 17-00-də Azərbaycan ərazisində Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur. 1996-cı ilin 24 fevralında xocalı sakinləri ilə görüşən Heydər Əliyev faciənin xalqımızın qəhrəmanlıq tarixində xüsusi rolu olduğunu bildirib. Prezident İlham Əliyevin bugünkü fəaliyyəti Heydər Əliyev amallarına xidmətin nümunəsidir. Dövlətimizin başçısı Azərbaycan həqiqətlərinin, həmçinin Xocalı soyqırımının təfərrüatlarının dünya ictimaiyyətinə çatdırılması, torpaqlarımızın azadlığı üçün böyük qətiyyətlə çalışır. Ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi əziz tutulur, onların xatirəsinə abidə ucaldılıb, bu abidə Prezident İlham Əliyevin qayğısı ilə yenidən qurulub, ətrafı abadlaşdırılıb. Dövlətimizin başçısı hər il fevralın 26-da dövlət və hökumət nümayəndələri ilə birgə Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılan abidənin önünə gəlir, soyqırımı qurbanlarının xatirəsini yad edir.
"Xocalıya ədalət" kampaniyasının səmərəsi isə ildən-ilə artır
Heydər Əliyev Fondu da Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. Heydər Əliyev adına Fondun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva bu sahədə böyük fədakarlıq və vətənpərvərlik nümayiş etdirir. Fondun dəstəyi və təşkilatçılığı ilə soyqırımı ilə bağlı xüsusi layihə çərçivəsində dünyanın bir sıra ölkələrində aksiyalar, silsilə tədbirlər, sərgilər, anma mərasimləri keçirilir. Fondun bu mövzuda çox sayda nəşrləri, filmləri, demək olar ki, dünyanın bütün ölkələrinə çatdırılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 8 may 2008-ci ildə elan edilən "Xocalıya ədalət" kampaniyasının səmərəsi isə ildən-ilə artır. Bu kampaniya çərçivəsində keçirilən tədbirlərdən məqsəd Xocalıdakı cinayətə hüquqi-siyasi qiymətin verilməsinə, bütün dünyanın Xocalı soyqırımını tanımasına nail olmaqdır. Təsadüfi deyil ki, 31 yanvar 2010-cu ildə dünyanın 56 ölkəsinin üzv olduğu İslam Konfransı Təşkilatının Parlament Assambleyasının 6-cı sessiyasında Xocalı faciəsi insanlığa qarşı cinayət kimi qiymətləndirildi. Təəssüf ki, insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilə nəticələnmiş Xocalı soyqırımına hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilməyib. Prezident İlham Əliyevin bu məsələdəki qətiyyəti, bu istiqamətdə gördüyü işlər əminliklə deməyə əsas verir ki, gec-tez nüfuzlu beynəlxalq təşkilatlar, bütün dünya Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcək.
Erməni ziyalısı Xocalı qətliamını tanımağa çağırır
Xocalıda törədilən faciəni ermənilərin özləri də etiraf edirlər. Belə ki, Ermənistan prezidentinin keçmiş müşaviri (Levon Ter-Petrosyanın administrasiyası), hazırda ABŞ-ın Miçiqan Universitetinin professoru olan və vaxtilə Qarabağ danışıqlarını aparanlardan biri Jirayr Libaredyan ehtiyatla da olsa erməniləri 24 il əvvəl Qarabağda törətdikləri cinayəti - Xocalı qətliamını tanımağa çağırır. J.Libaredyanın məqaləsində Qarabağ münaqişəsi və Xocalı qətliamı ilə bağlı, şübhəsiz ki, ermənilərin mövqeyini ifadə edən, məsuliyyəti Azərbaycanın üzərinə qoymağa hesablanan fikirlər əsas yer alır. Bununla belə erməni siyasətçinin Xocalıda dinc insanlara qarşı qətliam törədildiyini, insanların ancaq azərbaycanlı olduqları üçün qətlə yetirildiyinin etiraf olunduğunu əks etdirən mühüm fikirlər də var. Yazıçı-publisist J.Libaredyanın erməni qəzeti "Aqos"da dərc edilmiş məqaləsi ermənilər və erməni siyasətçilərini, həmçinin erməni xalqını həqiqəti görməyə bir çağırış idi.
J.Libaredyan yazır ki, erməniyə Xocalı haqda yazmaq çox çətindir: "Xocalı elə hadisədir ki, ermənilər başqalarına qarşı, indiki halda azərbaycanlılara qarşı vəhşiliklərdə ittiham olunur. Ermənilər qurbanlara görə günahkar olmağa öyrəşməyiblər, onlar üçün qurban obrazı xarakterikdir. Mən 1992-ci ilin fevralında Xocalıda nə baş verdiyini dəqiqliyi ilə bilmirəm, baxmayaraq ki, həmin vaxt erməni rəhbərliyinin tərkibində yer alırdım, respublika prezidentinin müşaviri idim. Bilirəm ki, bizim hökumətimiz baş verənlərlə bağlı hansısa əmr və ya haqq verməyib. Ermənilər bu haqda danışmırlar, Azərbaycan mənbələri isə Xocalını ciddi təhqiqat nöqteyi-nəzərindən yox, təbliğat məqsədi ilə istifadə etməkdə maraqlıdır. Deməli, onların dedikləri mötəbər deyil. 1999 və 2001-ci illərdə mən öz növbəti kitabım üçün Bakıda və Yerevanda azərbaycanlı və erməni məmurlarla müsahibələr götürəndə, azərbaycanlı məmurlar azərbaycanlıların törətdikləri haqda danışmaq istəmədilər, ermənilər isə Xocalı mövzusundan qaçdılar. Ümid edirəm ki, günlərin birində alimlər münaqişə tərəflərinin iştirakı ilə, əslində nə baş verdiyini müəyyən edəcəklər... Ermənilər artıq öz səhvlərini etraf etməlidirlər. Məlumdur ki, münaqişə hələ həll edilməyib və guya danışıqlar aparılır. Ancaq insan əzabları alver predmetinə çevrilə bilməz. Lakin mən əvvəllər publika qarşısında verdiyim sualı təkrarlayıram: qucağında nəvəsini tutan azərbaycanlı nənənin nəyi pisdir? Niyə onun nəvəsi təkcə azərbaycanlı olduğu üçün pis olmalıdır? Bu iki mülki şəxs azərbaycanlıların Qarabağda erməni kəndlərində apardıqları təmizləmələr zamanı oxşar vəziyyətə düşən erməni nənədən və onun nəvəsindən nə ilə fərqlənir?" Bu fikirlərlə barışmalıyıq ki, biz də haqlı deyilik və düzgün hərəkət etməyə başlamalıyıq".
Beləliklə, 24 il əvvəl bütün dünyanın gözü qarşısında baş verən Xocalı faciəsini görməməzlikdən gələrək yüz il öncə uydurma "erməni soyqırımı" barədə heç bir hüquqi əsası olmayan qanun qəbul etmək heç bir ölkəyə başucalığı gətirməz və belələri heç bir halda haqq-ədalət qarşısında duruş gətirə bilməyəcəklər və dünya bilməlidir ki, bu cinayət təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün dünya sivilizasiyasına, bəşəriyyətə qarşı törədilib. Bu gün Ermənistanda mühüm dövlət postlarını tutanlar - Seyran Ohanyan, Serj Sarkisyan, eləcə də Robert Koçaryan və digərləri baş vermiş soyqırımının günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına əsl soyqırımı hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidir.
RƏFİQƏ KAMALQIZI