Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının şura iclası keçirilib. İclasda Qobustan rayon təşkilatının şura üzvləri, idarə heyətinin üzvləri, ərazi ilk təşkilatlarının sədrləri iştirak ediblər.
YAP Qobustan rayon təşkilatının sədri Füzuli Gülaliyev iclasın gündəliyini elan edib, müzakirəyə çıxarılan məsələlər barədə məlumat verib,əsasən 2015-ci ildə görülmüş işləri təhlil etmək və 2016-cı il üçün iş planı ətrafında fikir mübadiləsi aparılacağını qeyd edib. Rayon təşkilatının sədri F.Gülaliyev çıxış edərək 2015-ci il ölkəmizin ictimai-siyasi həyatında bir çox əlamətdar, möhtəşəm və xüsusi miqyaslı hadisələrlə zəngin olduğunu, ölkədə həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu respublikamızın dünya birliyinə inteqrasiya prosesini daha da sürətləndirmiş, ölkədə qazanılmış, ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsinə şərait yaranmışdır. Bu siyasi kurs, bütövlükdə respublikamızda olduğu kimi, YAP Qobustan rayon təşkilatı tərəfindən də əzmlə müdafiə edilmişdir. YAP Qobustan rayon təşkilatı respublikamızda keçirilən 1 noyabr 2015-ci il parlament seçkilərində fəal iştirak etmişdir. Təşkilatımız nizamnamə tələblərinə uyğun olaraq təşkilat strukturunun möhkəmləndirilməsi istiqamətində xeyli iş görmüşdür. Ötən dövr ərzində ideologiya təşkilat işlərinin səviyyəsi yüksəlmiş ilk təşkilatlarla əlaqələrin möhkəmləndirilməsi sahəsində tədbirlər həyata keçirilmişdir. Hesabat dövründə partiya üzvlərinin sayı 2265 nəfərə çatdırılmışdır. 2015-ci ilin hesabat dövründə partiya sıralarına 84 nəfər qəbul edilmişdir. Hesabat dövründə rayon partiya təşkilatının üzvləri rayonumuzda keçirilən bütün tədbirlərdə fəal iştirak etmişlər. F.Gülaliyev Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının 2016-cı il üçün iş planında ölkə həyatının bütün sahələrinin tam əhatə olunduğunu diqqətə çatdırıb. Bildirib ki, iş planında Yeni Azərbaycan Partiyasının qurucusu Ümummilli Lider Heydər Əliyevin ölməz ideyalarının, eləcə də Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti Cənab İlham Əliyevin nitq və çıxışlarının, verdiyi fərman və sərəncamlarının geniş kütlə arasında təbliği və izahı sahəsində ardıcıl işlər apararaq, rayonda aparılan quruculuq və abadlıq işlərində partiya üzvlərinin fəal iştirakının təmin olunması üçün lazımi tədbirlərin görülməsinə diqqəti artırmışdır.
İclasda YAP Qobustan rayon təşkilatının şura üzvlərinin və onun qadınlar şurasının, gənclər təşkilatının, nəzarət-təftiş komissiyasının illik iş planları ətrafında müzakirələr aparıb, fikir və təkliflərini bildiriblər. Müzakirələrdən sonra iş planları səsə qoyularaq qəbul olundu. Sonra cari məsələlərə baxılıb, qarşıda duran vəzifələr ətrafında ətraflı fikir mübadiləsi aparıldı. Hesabat ətrafında çıxış edən şura üzvlərindən Əlisəfa Cəbiyev, Atabəy Cahangirov, Lalə Maxsudova, YAP fəallarından Elman Mikayılov, Qadir Əkbərov və digərləri çıxış edərək ölkədə, eləcə də rayonda gedən quruculuq və abadlıq işlərindən, əhalinin işlə təmin olunmasından, əsasən, gənclərin işlə təminatından, onlara göstərilən qayğıdan və Yeni Azərbaycan Partiyasının uğurlarından bəhs ediblər. Şura iclasında çıxış edən Qobustan rayon icra hakimiyyətinin başçısı, idarə heyətinin üzvü Adil Məmmədov YAP Qobustan rayon təşkilatının 2016-cı ildə də rayon ictimaiyyəti ilə sıx əlaqələr quraraq rayonun ictimai-iqtisadi fəaliyyətin möhkəmləndirilməsində daha da fəal iştirak etmələrini qeyd etdi. YAP fəallarının rayonda əhali ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, rayonda gedən quruculuq və abadlıq işlərindən, yeni iş yerlərinin yaradılmasından bəhs etdi. İcra başçısı son zamanlar dövlət başçımız Cənab İlham Əliyev tərəfindən verilən fərman və sərəncamlardan irəli gələn məsələlərlə bağlı geniş kütlə arasında təbliği və izahı sahəsində ardıcıl işlər aparıldığını və bu işlərin davam etdiriləcəyini bildirdi.
Rəfiqə Kamalqızı