PDF Oxu

Sosial

  • 35

Ermənistan 2016 - uçuruma doğru

Ermənistan 2016 - uçuruma doğru

İşğalçı ölkə siyasi-iqtisadi iflasın bir addımlığında

Sosial-iqtisadi sahədə böyük tənəzzül yaşayan, siyasi çaxnaşmalar meydanına çevrilən Ermənistanda müşahidə edilən hadisələr onu deməyə əsas verir ki, 2016-cı il də Yerevan üçün ağır il olacaq. Xüsusilə də, Rusiya rublunun dəyərsizləşməsi bu vəziyyəti daha da mürəkkəbləşdirib. Əvvəllər xaricdən külli miqdarda yardım alan Ermənistanın bu ildən ondan məhrum olacağı bildirilir. Bu isə əhalinin maddi vəziyyətinə ciddi təsir göstərməkdədir. Digər tərəfdən, daxili imkanların məhdudluğu əlavə inkişaf mənbələrini axtarıb tapmağa imkan vermir. Faktiki olaraq bütün iqtisadi sistem kənar amillərdən asılı vəziyyətdədir. Rəsmi Yerevanın yeritdiyi qeyri-konstruktiv xarici siyasət onun regional əməkdaşlıq layihələrində iştirakını imkansız edir. Bu istiqamətdə Ermənistan rəhbərliyinin hansısa dəyişiklik etmək istəyi də hiss olunmur. Onun hərəkətsizliyi ölkəni tam tənəzzülə aparıb çıxara bilər.

Ekspertlərin arqumentləri iqtisadi sahə ilə yanaşı, geosiyasi aspekti də əhatə edir. Məsələnin maraqlı tərəfi də məhz bundadır. Çünki müstəqillik əldə etdikdən sonra Ermənistanın iqtisadi vəziyyəti həmişə ağır olub. Mütəxəssislər hər il Ermənistana kənardan 2 milyard ABŞ dolları həcmində pul vəsaiti göndərildiyini söyləyirlər. Onun 90%-i Rusiyadan gəlirdi. İndi bu imkan yoxdur.

Qaqik Çarukyan: "Sarkisyan öz axmaq fəaliyyəti ilə Ermənistanı zibilliklər ölkəsinə çevirib"

Erməni mətbuatı olan "Lragir.am"ın yazdığına görə, hakim partiyaya kifayət qədər loyal olan, hətta hakimiyyətin bir hissəsi hesab edilən, Milli Təhlükəsizlik Şurasının üzvü, Milli Olimpiya Komitəsinin rəhbəri və hamisi, ölkənin bir nömrəli oliqarxı Çarukyanın müxalifətə keçməsi Sarkisyan üçün ciddi siqnaldır. Qaqik Çarukyan onu da bildirib ki, Ermənistanın bu gün məhvə doğru sürüklənməsinin səbəbkarı S.Sarkisyan və onun axmaq fəaliyyətidir. Mətbuatın verdiyi məlumata görə, Serj Sarkisyan Qaqik Çarukyana qarşı tətbiq edə biləcəyi bütün rıçaqların hamısını birdən işə salıb. Çarukyan isə prezidentin ona müharibə elan etdiyini söyləyib və növbəti dəfə əhalini Sarkisyanı hakimiyyətdən devirməyə çağırıb. Maraqlı məqam isə, ondadır ki, Çarukyan Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın tərəfdaşı hesab olunur və eyni komandanın üzvüdürlər. Koçaryan isə hazırda Rusiyanın AFK "Sistema" şirkətininin direktorudur və Kremlin ehtiyat kadrları skamyasında fəxri kürsüyə malikdir. Beləliklə, Çarukyan-Koçaryan cütlüyünün bir araya gəlməsi Sarkisyanın hakimiyyətdən uzaqlaşdırılması faktorunun reallaşacağına əminlik yaradır. Ancaq məsələ ondadır ki, Koçaryanın Kremlin icazəsi olmadan bu tip qərarlar qəbul etməsi inandırıcı deyil. Yaranmış vəziyyət bir daha onu sübut edir ki, artıq nə Rusiya, nə də Qərb Sarkisyanı dəstəkləmir.

İşğalçı ölkənin dövlət büdcəsi yox səviyyəsindədir

Hər bir ölkədə ictimaiyyət, idarəçi və intellektual dairələr geridə qalan ötən ildə hansı uğurlar qazanıldığı və bundan sonrakı hədəflərin nələr ola biləcəyi barədə geniş müzakirələr aparırlar. Faktlar belə deməyə əsas verir ki, bu baxımdan, Ermənistanda vəziyyət dəhşətli həddə çatmışdır. Belə ki, erməni ekspertlərinin sözlərinə görə, il ərzində ölkə miqyasıqnda heç bir uğur, nəzərəçarpacaq irəliləyiş, nailiyyət əldə edilməmiş, sosial-iqtisadi vəziyyət "müstəqillik" tarixində görünməmiş dərəcədə pisləşmiş, kriminal vəziyyət dözülməz həddə çatmışdır.

Ermənistanın dövlət büdcəsinin gəlirləri 2 milyard 583 milyon ABŞ dolları dəyərində proqnozlaşdırılıb

Bu gün Ermənistan hökumətinin ölkənin 2016-cı il üçün təsdiq etdiyi dövlət büdcəsi daha acınacaqlıdır. Belə ki, sənəddə dövlət büdcəsinin gəlirləri 1 trilyon 219,5 milyard, xərcləri isə 1 trilyon 411,9 milyard dram müəyyən edilib. Nəzərə alsaq ki, postsovet məkanında ən aşağı dəyərdə olan milli valyuta məhz Ermənistandadır və hazırda 1 ABŞ dolları 472 drama bərabərdir, o zaman gözümüzün qabağındakı bu rəqəmlər kifayət qədər "əriyir". Başqa sözlə, Ermənistanın dövlət büdcəsinin gəlirləri 2 milyard 583 milyon ABŞ dolları, xərcləri isə 2 milyard 991 milyon ABŞ dolları dəyərində proqnozlaşdırılıb.

Bu rəqəmlərə istinad edən erməni analitiklər bu il də ölkədə tənəzzülün davam edəcəyini, əhalinin güzəranının builkindən daha pis olacağını proqnozlaşdırırlar. Ekspertlər, həmçinin onu da bildirirlər ki, məhz bu il də ölkədə miqrasiya axını sürətlə davam edəcək.

Ermənistanın Statistika Komitəsinin məlumatına görə, ölkənin xarici borclarının təqribən 5 milyard ABŞ dollarına yaxın olması Ermənistan hökumətini çətin vəziyyətə salıb. Hər ötən ay Ermənistan xarici borclarının üstünə yenisini əlavə edir. Ekspertlərin fikrincə, əgər Sarkisyan rejimi ölkənin gələcəyi, xalqın rifahı haqqında düşünsəydi, uzun illər mənfəətlə işləyən iri dövlət müəssisələrini dəyər-dəyməz qiymətinə xarici səhmdarlara, o cümlədən Rusiya şirkətlərinə satmazdı. Elə son hadisələr bunu bir daha isbatlayır.

Ermənistanda əhalinin 41 faizi yoxsulluq səviyyəsindədir

Düşmən ölkədəki vəziyyəti daha yaxşı anlamaq üçün qeyd etmək yerinə düşərdi ki, rəsmi rəqəmlərə görə, 2015-cü ildə Ermənistan əhalisinin 41 faizi yoxsulluq səviyyəsindən də aşağı həddə yaşadığı halda, bu rəqəm növbəti il üçün yüksək olacağını proqnazlaşdırır. Ermənistanda sabit gəliri olmayan 280 minə yaxın insan var ki, onlar rəsmi statistikada işsiz sayılmırlar. Fəqət, bu insanların ailələrində adambaşına düşən gəlir minimal yaşayış təminatı həddindən də aşağı olduğundan, onlar ifrat yoxsul sayıla bilərlər. Həmin rəqəmləri də 41 faizin üzərinə əlavə etsək, onda belə çıxır ki, ölkə əhalisinin, demək olar ki, yarısı dilənçi vəziyyətində yaşayır. Bu isə sosial-iqtisadi vəziyyətin kifayət qədər gərgin olduğunu göstərir.

Bu gün artıq beynəlxalq təşkilatlar da Ermənistanda bu faktı təsdiqləməklə yanaşı, korrupsiyanın tüğyan etdiyini, bu bəlanın ölkəni fəlakətə sürüklədiyini, əhalinin geniş təbəqəsinin bundan son dərəcə əziyyət çəkdiyini, narazı qaldığını dilə gətirir, belə gedərsə, 2016-ci il ərzində sosial partlayışın qaçılmaz olacağını qeyd edirlər.

Beləliklə, bütün bu faktlar Ermənistan dövlətçiliyinin süquta doğru getdiyini, erməni xalqının isə sosial-iqtisadi problemlərin girdabında olduğunu bir daha sübut edir. Bir sözlə, görünən odur ki, Serj Sarkisyanın ölkədə yürütdüyü siyasət erməni xalqına xoş heç nə vəd etmir və Ermənistanı bir dövlət kimi məhvə aparır.

A.SƏMƏDOVA

Digər xəbərlər