YAP Ağdam rayon təşkilatı və gənclər birliyinin birgə təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.
Yığıncağı giriş sözü ilə açan YAP Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyev qeyd edib ki, 24 il əvvəl 1992-ci il fevralın 26-da Xocalı erməni hərbi birləşmələri tərəfindən vəhşicəsinə dağıdıldı, onun müdafiəçilərinə və sakinlərinə amansız divan tutuldu:"XX əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş kütləvi qırğın hadisəsi öz amansızlığına və qəddarlığına görə, təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayət idi. Bəşəri cinayətləri törədənlər isə gec-tez həm ədalət, həm də elə bəşəriyyət, insanlıq qarşısında cavab verməli olurlar".
İ.Quliyev qeyd edib ki, həmin günlər Ağdam şəhərində mərkəzi meydana toplaşanlar izdihamlı mintiqlər keçirir, respublika rəhbərliyindən həqiqəti xalqdan gizlətməməyi və konkret tədbir görməyi tələb edirdilər. Dövlət rəhbərləri bu dəhşətli cinayət haqqında dünya ictimayyətinə tam və operativ məlumat vermək üçün heç bir addım atmadı və yalnız Ümummulli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımı özünün əsl siyasi-hüquqi qiymətini aldı. Bu soyqırımının beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görüldü.
Rayon təşkilatının sədri çıxışında Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində Heydər Əliyev Fondunun müstəsna xidmətləri olduğunu vurğulayıb. O bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın beynəlxalq miqyasda "Xocalıya ədalət" kampaniyası çərçivəsində reallaşdırdığı tədbirlərin dünya miqyasında Xocalı soyqırımının tanıdılmasında böyük əhəmiyyət kəsb edir. Bu gün uzun illər gizli saxlanılan həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı əməlləri də tarixin açılmamış səhifələrindən biridir.
Daha sonra YAP Ağdam rayon təşkilatının əməkdaşı Tofiq Cəfərov, rayon təşkilatının üzvü, Ağdam Dövlət Sosial İqtisad Kollecinin müəllimi Hamlet Cəfərov çıxış ediblər. Qeyd olunub ki, bu cinayət təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilmişdir. Bildirilib ki, bu gün Ermənistanda mühüm dövlət postları tutanlar - Seyran Ohanyan, Serj Sarkisyan, eləcə də Robert Koçaryan və digərləri baş vermiş soyqırımının günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidir. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırımı hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.
Sonda tədbir iştirakçılarına Xocalı faciəsindən bəhs edən video-çarx nümayiş etdirilib.
ZÜMRÜD