1 Mart - Beynəlxalq Mülki Müdafiə Günü ilə bağlı ənənəvi olaraq Səbail rayonunda silsilə tədbirlər keçirilir. Bu münasibətlə rayondakı 189-190 saylı orta məktəbdə Səbail rayon icra hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi Səbail rayon Fövqəladə hallar və Mülki müdafiə şöbəsinin birgə təşkilatçılığı ilə maarifləndirici xarakterli tədbir keçirilib.
Səbail rayon icra hakimiyyətinin nümayəndələri, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları MM İdarəsinin, nazirliyin Dövlət Yanğından Mühafizə İdarəsinin Səbail rayon hissəsinin, Səbail rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları, rayon Ağsaqqallar və Veteranlar təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri 189-190 saylı orta məktəbin direktoru, əməkdar müəllim Ceyran Kuliyeva açıq elan edərək tədbirin keçirilmə məqsədi barədə danışıb.
Tdbirdə çıxış edən Səbail rayon icra hakimiyyəti başçısının müavini Abit Əliyev bildirib ki, Beynəlxalq Mülki Müdafiə Günü münasibəti ilə rayon icra hakimiyyəti tərəfindən müvafiq sərəncam qəbul olunub və bir sıra tədbirlər hazırlanıbdır. Buna uyğun olaraq rayonun bir sıra idarə və təşkilatlarında, o cümlədən təhsil müəssisələrində mararifləndirici xarakterli tədbirlər keçirilir.
Rayonun fövqəladə hallar və mülki müdafiə şöbəsinin rəisi, polkovnik-leytenant Nazir Əkbərov tədbirin keçirilməsinin əhəmiyyətindən danışaraq bildirdi ki, əsas məqsəd şagirdləri maarifləndirmək, baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmasının öyrədilməsidir.
Çıxışlardan sonra məktəbin həyətində süni yanğın hadisəsi təşkil olunub və həyəcan siqnalı verilib. Növbətçi müəllimlərin köməyi ilə məktəbin şagird kontingenti 4 dəqiqə ərzində məktəb binasından təxliyə olunub. Təxliyə olunan andan şərti xilasetmə əməliyyatına başlanılıb. Əvvəlcə "112" qaynar telefon xəttinə məlumat verilib.
Tədbirdə məktəb şagirdlərinin iştirakı ilə hadisə zamanı məktəb binasında qalan yaralılar həyətə çıxarılıblar. Onlara ilkin tibbi yardım göstərilib və təcili yardım maşınları ilə xəstəxanalara aparılıblar. Yanğın zamanı yanğınsöndürmə manqasının üzvləri tərəfindən yanğın lokalizə edilərək söndürülüb. Ətrafdakı radiasiyanın müəyyən olunması, əleyhqaz və digər vasitələrdən istifadə qaydaları izah edildi. Təlimlər çərçivəsində xilasedici, yanğınsöndürmə, radiasiya əleyhinə və digər mühafizə vasitələrinə, FHN xilasedicilərinin xüsusi texnikası və alətlərinə baxış keçirildi.
Sonra orta məktəbin siniflərində maarifləndirici açıq dərslər keçirilib. Bu dərslərdə şagirdlərə əyani vəsaitlər və videofilmlər nümayiş olundu, onların fövqəladə hallarla bağlı bilikləri yoxlanılıb.
Ü.ƏSGƏROV