PDF Oxu

Sosial

  • 31

Suraxanıda Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilən "Əbədi ezamiyyət" sənədli filminin təqdimatı olub

Suraxanıda Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilən "Əbədi ezamiyyət" sənədli filminin təqdimatı olub

Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin, Suraxanı rayon icra hakimiyyətinin, YAP Suraxanı rayon təşkilatının və YAP Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan "Əbədi ezamiyyət" sənədli filminin rayon ictimaiyyətinə təqdimatı keçirilib.

Təqdimat mərasimində Milli Məclisin deputatları Sevinc Fətəliyeva və Ağacan Abıyev, rayon icra hakimiyyəti başçısı yanında şuranın üzvləri, YAP Gənclər Birliyinin fəalları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.Öncə tədbir iştirakçıları Ümummilli Liderin Heydər Əliyev Parkında ucalan abidəsini ziyarət ediblər.

Rayon icra hakimiyyətinin akt zalında keçirilən təqdimatda filmin nümayişindən əvvəl layihə haqqında söhbət açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirib ki, "Əbədi ezamiyyət" filmi Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ilin yanvarında parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edir. Yaradıcı heyət filmin hazırlanması üçün Bakı, Tbilisi, Moskva, Sankt-Peterburq və Paris şəhərlərindəki arxivlərdə araşdırmalar aparıb, Fransada Azərbaycan mühacirəti ilə bağlı tədqiqat aparan alimlərlə görüşləri və söhbətləri lentə alıb. Layihənin rəhbəri və filmin baş prodüseri Arzu xanım Əliyevadır.

Filmin rejissoru Fariz Əhmədov çəkilişlə bağlı məlumat verdikdən sonra film təqdim olunub. Bir saatadək davam edən film böyük maraqla izlənilib. Filmin nümayişindən sonra Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov film haqqında danışaraq bildirib ki, "Əbədi ezamiyyət" sənədli filmi Azərbaycanın müstəqillik tarixinin nisbətən az öyrənilən daha bir qaranlıq səhifəsinə işıq salır, xalqımızın və dövlətimizin bugünkü uğurlara çatmaq üçün keçdiyi keşməkeşli tarixə qürur hissi ilə baxmağa imkan verir. İ.Abbasov bu layihənin reallaşmasında Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın müstəsna rolu olduğunu xüsusi vurğulayıb.

Rayon rəhbəri bildirib ki, "Əbədi ezamiyyət" filmi Bakı Media Mərkəzinin Arzu xanım Əliyevanın baş prodüserliyi ilə çəkdiyi ikinci sənədli filmdir. "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu" adlı ilk sənədli film 2015-ci ilin mayında yerli televiziya kanalları vasitəsilə Azərbaycanda və "National Geographic" kanalı ilə 26 ölkədə nümayiş olunub. Yaradıçı heyətə, Arzu xanım Əliyevaya uğurlar arzulayıb.

Sonda İ.Abbasov bir daha bu xeyirxah layihəyə dəstək verənlərə minnətdarlıq edərək, Fransada qərib məzarlarda uyuyan soydaşlarımızın ruhuna "Allah rəhmət etsin!" söyləyib və rejissor Fariz Əhmədova Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin xatirə hədiyyəsini təqdim edib.

ZÜMRÜD

Digər xəbərlər