PDF Oxu

Sosial

  • 47

Daşkəsəndə 8 Mart Beynəlxalq Qadınlar bayramı yüksək səviyyədə qeyd olunub

Daşkəsəndə 8 Mart Beynəlxalq Qadınlar bayramı yüksək səviyyədə qeyd olunub

Dünən 8 Mart Beynəlxalq Qadınlar günü ilə bağlı Daşkəsən rayon icra hakimiyyətinin və YAP Daşkəsən rayon təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirilib. Görüşdə Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev çıxış edərək bildirib ki, qadın olan yerdə məhəbbət, səmimiyyət, mehribançılıq və gözəl həyat var: "Qadın bir də ona görə bizim üçün əziz və müqəddəsdir ki, o, anadır. Məhəmməd peyğəmbər buyururdu ki, cənnət anaların ayaqları altındadır".

Ə.Abıyev Azərbaycan qadınının Şərqdə ilk dəfə olaraq demokratik şəraitdə seçmək və seçilmək hüququ qazanmışdır: "Bu gün Azərbaycan qadınının səsi-sorağı dünyanın müxtəlif ölkələrindən və ali məclislərindən gəlir. Müstəqil Azərbaycanın parlamentində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ölkənin Birinci Xanımı kimi çox fəal, gərgin iş aparır, beynəlxalq aləmdə Azərbaycan qadını haqqında onun xoş əməllərinə dair yüksək ideoloji təminat yaradır. Digər qadın deputatlarımız da özlərinin yüksək intellekti, dəyərli təklifləri ilə nümunə göstərirlər. Əbədiyaşar Ulu Öndərimizin gözəl bir sözü vardır. O, həmişə qadınlardan söz düşəndə deyirdi ki, mən dünyanın bir çox ölkələrində olmuşam. Azərbaycan qadınları qədər gözəl xanımlar görməmişəm".

Ə.Abıyev rayonun xanımlarını təbrik edərək bildirib ki, biz hamımız müstəqil Azərbaycanın qurucusu və memarı, əbədiyaşar Ulu Öndərin qurduğu müstəqil dövlətin vətəndaşlarıyıq: "Ulu Öndər Heydər Əliyevin siyası kursunun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin qüdrətlənməsi və zənginləşməsi naminə hər birimiz özümüzə məxsus töhfələr verməliyik. Daşkəsənli qadınlar bu işdə öz əzmkarlıqlarını, təşəbbüskarlıqlarını günbəgün artırırlar".

Ə.Abıyev çıxışının sonunda rayonun fəal qadınları bir daha təbrik edərək, onlara xoşbəxtlik arzulayıb.

Bayram tədbirində icra başçısının müavinləri Cavanşir Qocayev və Namiq Süleymanov, YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev, YAP Daşkəsən rayon təşkilatı qadınlar şurasının sədri Rəna Aslanova və digərləri çıxış edərək Daşkəsən rayon icra hakimiyyətinin başçısı Ə.Abıyevin rayonun ictimai-fəal qadınlarının əməyinə verdiyi qiyməti, diqqət və qayğını çox yüksək qiymətləndirdilər.

Çıxış edənlər tərəfindən əlamətdar gün münasibətilə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın timsalında bütün Azərbaycan xanımlarının ünvanına xoş sözlər deyildi, səmimi arzular bildirildi.

Bayram tədbirinin sonunda 40 nəfər qadına qiymətli hədiyyələr verildi.

R.HÜSEYNOVA

Digər xəbərlər