Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında "Naxçıvan tarixi" 3 cildlik kitabının 2016-cı il üçün elan edilmiş Azərbaycan Respublikası Dövlət Mükafatına təqdim edilməsi məsələsi müzakirə edilib və müvafiq qərar qəbul olunubdur. Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə "Naxçıvan tarixi" 3 cildlik kitabını müstəqillik dövründə humanitar və ictimai elmlər sahəsində azərbaycançılıq məfkurəsi əsasında yaradıldığını və ən sanballı əsərlərdən biri kimi dəyərləndiribdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 6 avqust 2012-ci il tarixli sərəncamı əsasında hazırlanmış "Naxçıvan tarixi" 3 cildlik monoqrafik tədqiqatı müstəqillik illərində aparılmış tədqiqatlar əsasında, azərbaycançılıq meyarlarının işığında yazılmış sanballı elmi nəşrdir. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin və Naxçıvan Dövlət Universitetinin əməkdaşları tərəfindən hazırlanmış "Naxçıvan tarixi" 3 cildlik nəşrində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan diyarının çoxəsrlik tarixi və müasir inkişafı öz əksini tapmışdır. "Naxçıvan tarixi" 3 cildlik nəşrinin hazırlanmasında arxeoloji qazıntıların nəticələrindən, arxiv sənədlərindən, nadir yazılı və etnoqrafik mənbələrdən, dövri mətbuat materiallarından istifadə olunmuşdur. Beləliklə, qədim Azərbaycan torpağı olan Naxçıvanda daş dövründən başlayaraq inkişaf edən proseslər, burada ilk insan məskənləri və ilkin şəhərsalma, boyalı qablar mədəniyyəti və sosial-iqtisadi münasibətlər, regionda duzçıxarmanın tarixi və əhəmiyyəti kimi məsələlərin təqdimatında müasir tarixşünaslıq elminin reallıqları öz əksini tapmışdır. Naxçıvan əhalisinin etnik tərkibinə, habelə Naxçıvanda etnik-mədəni proseslərə, ilkin dini inanclara, "Naxçıvan" sözünün mənşəyinə həsr edilmiş tədqiqatlarda Naxçıvan ərazisinin ən qədim zamanlardan müasir azərbaycanlıların ulu əcdadlarına mənsub olduğu konkret elmi dəlillərlə əsaslandırılmışdır. Azərbaycanın qədim dövlətçilik tarixində Atabəylər dövlətinin yeri və əhəmiyyətindən, qədim dövrlər və orta əsrlərdə bu regionda aparılan tarixi mübarizələrdən, Naxçıvandakı hürufi-sufi mərkəzlərindən bəhs edən fəsillərdə Azərbaycan tarixinin mühüm əhəmiyyətə malik olan qiymətli səhifələri açıqlanmışdır. Naxçıvan xanlığına, Naxçıvan Araz-Türk hökumətinə, "Moskva" və "Qars" müqavilələrinə dair üzə çıxarılmış zəngin materiallar regionun tarixinin aydın mənzərəsini canlandırmağa əsas vermişdir. Kitabda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətinin Naxçıvan dövrləri haqqında qiymətli sənədlər və materiallar, elmi-nəzəri qənaətlər oxuculara təqdim olunmuşdur. Naxçıvanın müstəqillik illərindəki hərtərəfli və sürətli inkişafı Azərbaycanda aparılan böyük quruculuq hərəkatı ilə əlaqəli şəkildə təhlil edilərək dəyərləndirilmişdir.
Çoxcildliyin ayrı-ayrı fəsillərində Azərbaycanda elm, ədəbiyyat və mədəniyyətin, milli-memarlıq sənətinin inkişafında Naxçıvandan çıxmış alimlərin, yazıçıların, mədəniyyət və incəsənət xadimlərinin rolu və xidmətlərinə geniş yer ayrılmışdır. Ümumi həcmi 19 fəsildən və 1536 səhifədən ibarət olan "Naxçıvan tarixi" 3 cildlik kitabında 30-dan çox xəritə oxuculara çatdırılmışdır.
"Naxçıvan tarixi" 3 cildlik nəşri Azərbaycan tarixinin mühüm tərkib hissəsi olmaqla yanaşı, torpaqlarımıza qarşı ərazi iddialarında olanlara əsaslı şəkildə elmi cavab verilməsi üçün də əhəmiyyətli mənbədir.
R.KAMALQIZI