PDF Oxu

Sosial

  • 63

Çerkas Milli Universitetinin rektoru BSU-nun qonağı olub

Çerkas Milli Universitetinin rektoru BSU-nun qonağı olub

Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Asif Hacıyev Ukraynanın Boqdan Xmelnitski adına Çerkas Milli Universitetinin rektoru, professor Aleksandr Çerevkonı qəbul edib. Görüş zamanı Asif Hacıyev rəhbərlik etdiyi ali təhsil müəssisəsinin tarixi və fəaliyyəti barədə qonağa ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən regionda unikal slavyanşünaslığın mərkəzi kimi yaradılmış BSU-da slavyan ölkələri, o cümlədən ukraynaşünaslıq üzrə mütəxəssis hazırlanır. Rektor qeyd edib ki, BSU dünyanın bir sıra nüfuzlu universitetləri ilə əməkdaşlıq edir, birgə elmi konfranslar, ixtisasartırma kursları, tələbə mübadiləsi həyata keçirir. Universitetdə fəaliyyət göstərən tədris və mədəniyyət mərkəzləri barədə söz açan A.Hacıyev vurğulayıb ki, BSU tərəfindən Moskva Dövlət Linqvistik və Kiyev Linqvistik universitetləri, Poltava İqtisadiyyat və Ticarət Universiteti, Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti, Ural Federal Universiteti və başqa universitetlərdə Azərbaycan tədris və mədəniyyət mərkəzləri yaradılıb və fəaliyyət göstərir.

Bakı Slavyan Universitetində olmaqdan məmnunluğunu dilə gətirən professor Aleksandr Çerevko bu universitetlə əlaqələri genişləndirməyin hər iki tərəf üçün əhəmiyyətli olacağını bildirib. Çerkas Milli Universitetinin fəaliyyətindən danışan qonaq qeyd edib ki, bir sıra ixtisaslarla yanaşı universitetdə rus, ingilis, polyak, alman dilləri də tədris edilir, Çin və fransız dilləri üzrə tərcüməçilər hazırlanır. A.Çerevko BSU-da Ukrayna Tədris və Mədəniyyət Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirərək bu mərkəzin nəzdində fəaliyyət göstərən Ukrayna Bazar Günü məktəbinin əhəmiyyətini vurğulayıb. Çerkas Milli Universitetində Azərbaycan Tədris və Mədəniyyət Mərkəzinin yaradılması təklifini müsbət qarşılayıb.

Görüş çərçivəsində BSU və Çerkas Milli Universiteti arasında yenilənmiş əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilədə iki tərəf arasında tələbə və müəllim mübadiləsi, müştərək elmi layihələr və digər məsələlər nəzərdə tutulur.

ZÜMRÜD

Digər xəbərlər