"Milli Şura" da rüsvayçı vəziyyət hökm sürür. Elə bilirdik ki, siyasi rəqiblərin ən pis vəziyyəti bu günə qədər gördüklərimiz, bildiklərimizdir. Amma demə, betərin də betəri varmış və hər keçən gün radikal müxalifətin timsalında bunu daha aydın, daha aşkar formada görməkdəyik. Amma bütün hallarda ortalıqda hər hansı gözlənilməz, öncədən hesablanmayan, proqnozlaşdırılmayan əlahiddə hadisə-filan yoxdur.
Məhdud və dar çərçivə
Əlbəttə ki, "Milli Şura" daxilində yaranmış durumdan betərini təsəvvür etmək, sadəcə mümkün deyil. Çünki "Milli Şura" seçkilərdə məğlub olduqdan sonra, bilavasitə iflasa uğrayıb və bundan betəri yoxdur. Ancaq bu gün orada yekə-yekə bəyanatlar verən Cəmil Həsənli-Əli Kərimli cütlüyü hələ də elə sanır ki, bunların sözləri keçərlidir. Halbuki bundan sonra "Milli Şura"nın fəaliyyət göstərməsi əsla mümkün deyil.
"Milli Şura"da cəmləşən şəxslər özlərini mövcud vəziyyətdən xilas etmək iqtidarında da deyillər. Müxalifət düşərgəsinə ardıcıl xronoloji tarixi baxış etsək, hər dövrdə bu və buna bənzər situasiyaların şahidi olarıq. Amma bu vəziyyəti hamıya şamil etmək olmaz. Belə bir durum çox məhdud və dar çərçivəni əhatə edir. Yəni bu radikal, nəyin bahasına olursa-olsun, hakimiyyətə gəlmək, iddialarını reallaşdırmaq mövqeyində olan kiçik qrupun düşdüyü durumdur. Bu, sadəcə həmin adamların şəxsi bioqrafiyasıdır ki, öz fəaliyyətləri ilə perspektivlərinin qarşısına böyük sədd çəkiblər. Ona görə də, adıçəkilən qurum və ona qədərki təşkilatlar hansı taleyi yaşayıblarsa, həmin tale indi də yaşanmaqdadır. Sadəcə, o talenin son günlərinə az bir müddət qalıb, nə qədər seçki prosesi davam edir, bəlkə bu təşkilatın adı bir qədər də çəkiləcək. Radikal düşərgənin mənsubları isə növbəti dönəm üçün yeni adlar üzərində baş sındırmalı olacaqlar. Onların sindromları məhz bundan ibarətdir, təzə ad tapıb, köhnəsindən imtina etmək...