"UBM Group" 31 mart soyqırımı ilə bağlı kampaniya həyata keçirir
XIX əsrin əvvəllərindən başlayaraq Qafqazda kütləvi şəkildə məskunlaşdırılan ermənilər az müddət sonra bölgəni, sözün əsil mənasında, "qan çanağı"na çevirdilər. Ermənilərin "Böyük Ermənistan" yaratmaq kimi qondarma ideyanın gerçəkləşməsi yolunda atdıqları addımlar azərbaycanlılara qarşı kütləvi qətillərin və soyqırımı aktlarının reallaşması ilə nəticələndi. Belə kütləvi qətllərdən olan 31 mart soyqırımı zamanı erməni daşnak və bolşevik dəstələri tərəfindən minlərlə azərbaycanlı qətlə yetirilmiş, çoxlu sayda yaşayış binaları, məscidlər yandırılmış, əhalinin əmlakı qarət edilmişdir. Soyqırım nəticəsində, təkcə Bakıda 11 minə yaxın dinc sakin, o cümlədən qadın, uşaq və yaşlı insanlar vəhşicəsinə öldürüldü, Şamaxı qəzasında 16 mindən çox azərbaycanlını, Quba kəndlərində isə 2 mindən çox günahsız insan qətlə yetirildi, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Muğanda və Dağlıq Qarabağda yüzlərlə kənd yandırıldı.
Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edildi. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulan həqiqətlər açıldı, təhrif edilən hadisələr əsl qiymətini aldı. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırım Günü elan edildi. Bununla da Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni strategiya müəyyənləşdi. Bu, həm də Azərbaycan xalqının əsrlər boyu üzləşdiyi mərhumiyyətlərə rəhbəri Heydər Əliyev olan dövlətin verdiyi əsl tarixi qiymət idi.
Məhz Ulu Öndər Heydər Əliyevin bu istiqamətdə başlatdığı əhəmiyyətli işlər bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Belə ki, hər il martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur, bütün dünyada bu münasibətlə müxtəlif tədbirlər, konfranslar, anım mərasimləri keçirilir.
Korporativ sosial məsuliyyət proqramı çərçivəsində ardıcıl layihələr həyata keçirən "UBM Group" şirkəti tərəfindən 31 mart soyqırımı ilə bağlı həqiqətləri geniş coğrafiyada yaymağı qarşısına məqsəd qoyaraq Facebook, Twitter, Instagram və YouTube sosial şəbəkələrində "Armenian Terror" adlı səhifə yaradılmış, fəal təbliğat kampaniyasına start verilmişdir.
Şirkət tərəfindən xüsusi olaraq hazırlanmış posterlər, rəsm əsərləri və video-kadrlar həmin səhifədə yerləşdirilir. Bütün dünyanı əhatə etmək məqsədilə bu təbliğat materialları Azərbaycan dili ilə yanaşı ingilis, rus, alman və fransız dillərində də hazırlanmışdır.
Xatırladaq ki, "UBM Group" bu ilin əvvəlindən 20 yanvar hadisələri ilə bağlı və "Xocalıya ədalət" kampaniyası çərçivəsində bütün sosial şəbəkələr və digər resurslar vasitəsilə geniş təbliğat işləri də aparmışdır.
Şirkət, həmçinin dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq bütün həmvətənlərimizi bu işdə fəal iştirak etmək çağırışını da edib: "Gəlin, tariximizi unutmayaq, unudulmasına da imkan verməyək. Sizi bizim paylaşdığımız təbliğat materiallarından istifadə etməklə, sosial şəbəkələrdə, mediada və səsimizin duyulduğu hər bir ölkədə təbliğatı gücləndirməyə çağırırıq. Şərhlər, xəbərlər, bəyənmələr, paylaşmalar, qeydlər və təşviqat üçün aşağıda qeyd olunmuş linklər və 31mart həqiqətlərindən istifadə etməyinizi xahiş edirik".
Ü.ƏSGƏROV