YAP İsmayıllı rayon təşkilatının qərargahında gənclərin iştirakı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı dəyirmi masa keçirilib. Əvvəlcə soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova açaraq qeyd edib ki, "Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər.
Rayon təşkilatının sədri 1918-ci ilin mart ayından ermənilərin Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla soyqırımı həyata keçirdiklərini bildirib. 1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutub. Tariximizdə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə yeksan edilməsi ilə qurtarıb.
Bu gün Xocalı soyqırımının dünyada tanıdılması ilə bağlı "Xocalıya ədalət" kampaniyası çərçivəsində keçirilən tədbirlərin təqdirəlayiq olduğunu qeyd edən Ə.Vahabova "Xocalıya ədalət" kampaniyasının İslam Konfransı Təşkilatı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başladığını bildirib. Möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı məqsədyönlü işlərin məntiqi nəticəsidir ki, Pakistan, Meksika və Kolumbiya parlamentləri, Çexiya parlamentinin Beynəlxalq Əlaqələr Komitəsi, Amerikanın 21 ştatı Xocalı hadisələrinin soyqırımı aktı kimi tanınması haqqında qərar qəbul edib.
Tədbirdə çıxış edən rayon təşkilatının əməkdaşı Ramid Qasımov, partiyanın fəalları Bəxtiyar Fərəcov, Pərvanə Piriyeva və başqaları qeyd ediblər ki, iki əsr ərzində Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş soyqırımı aktına uzun illər siyasi-hüquqi qiymət verilməyib. Azərbaycan xalqının həyatında faciəli hadisələr barədə tarixi həqiqəti ilk olaraq Ulu Öndər Heydər Əliyev bəyan etdi. O, 1998-ci il martın 26-da bu əlamətdar tarix – Azərbaycanlıların Soyqırımı Günü haqqında Fərman imzaladı. Bu sənəd uzun illər bundan əvvəl baş vermiş hadisələr barədə həqiqəti açıqladı, xalqın yaddaşını təzələdi, onu öz tarixi köklərinə, mənəvi-əxlaqi dəyərlərinə, vətənə məhəbbət duyğularına qaytardı. Ümummilli Lider Heydər Əliyevin başladığı siyasəti bu gün onun layiqli varisi – Azərbaycan Prezidenti İlham Əliyev dönmədən həyata keçirir. Bildirilib ki, Azərbaycanın haqq işi qalib gələcək, qələbə bizimlədir. 31 Mart soyqırımı qurbanlarının xatirəsi daim əziz tutulmalı, qan yaddaşımız daha da möhkəmlənməli, düşmən layiqli cəzasını almalıdır.
ZÜMRÜD BAYRAMOVA