Suraxanı rayon icra hakimiyyəti və Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə RİH-in akt zalında Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurasının aprelin 2-də keçirilmiş iclasında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin çıxışına dəstək tədbiri keçirilib. Rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, ziyalıların və gənclərin qatıldığı tədbirdə Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri açan rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, aprelin 2-də gecə saatlarından etibarən Ermənistan hərbi qüvvələri Azərbaycan kəndlərini, yaşayış məntəqələrini böyük miqyaslı silahlar-top və pulemyotlardan atəşə tutub, hərbi mövqelərimizə ardıcıl zərbələr endirilib: "Azərbaycan Ordusu vətəndaşların təhlükəsizliyini və öz mövqelərini qorumaq üçün Ermənistan silahlı qüvvələrinə lazımi cavabı verib və onları geri oturdub. Düşmən müdafiəsinin ön xəttində və dərinliyində cəmləşən hərbi hədəflərin koordinatları əvvəlcədən müəyyənləşdirilib. Silahlı Qüvvələrimizin atəş gücü vasitəsilə edilən həmlələr nəticəsində düşmənin döyüş texnikası, xeyli sayda canlı qüvvəsi və digər hərbi infrastrukturu sıradan çıxarılıb. Düşmənin çoxlu sayda hərbi qulluqçusu - polkovnik və general rütbəli zabitləri də zərbə nəticəsində məhv edilib".
Rayon rəhbəri ermənilərin xeyli sayda canlı qüvvə və hərbi texnika itirərək qorxu içində geri çəkilməsini və işğal altında olan mövqelərin Silahlı Qüvvələrimizin nəzarəti altına keçməsini ordumuzun mühüm qələbəsi kimi dəyərləndirib. Xüsusi vurğulanıb ki, ordumuz tərəfindən əldə edilmiş bütün bu uğurlar Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin müdrik rəhbərliyi altında davamlı inkişaf edən, maddi-texniki bazası daim gücləndirilən Azərbaycan Silahlı Qüvvələrinin və Azərbaycan xalqının tarixi nailiyyətidir.
Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, şəhid Elxan Həsənovun həyat yoldaşı Fatma Həsənova, Qarabağ müharibəsi veteranı Oqtay Əliyev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Suraxanı rayon Veteranlar Şurasının sədri Eldar Rüstəmov, milli qəhrəman Cavanşir Rəhimovun anası Lalə Rəhimova, Böyük Vətən Müharibəsi veteranı Seyfulla Baxışov, YAP Suraxanı rayon cənclər biliyinin üzvü Emil Lətifov və başqaları çıxış ediblər.
Tədbiri yekunlaşdıran Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov xüsusi vurğulayıb ki, 2016-cı il aprelin 2-si Azərbaycan Ordusunun tarixində parlaq qələbə günü kimi qalacaqdır. İ.Abbasov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevi, Azərbaycan Ordusunu, Silahlı Qüvvələrimizin bütün şəxsi heyətini bu böyük qələbə münasibətilə Suraxanı rayon ictimaiyyəti adından təbrik edib.
Sonda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevə müraciət qəbul edilib.
ZÜMRÜD