PDF Oxu

Sosial

  • 111

Azərbaycan elmi ictimaiyyəti Milli Ordumuzu dəstəkləyir

Azərbaycan elmi ictimaiyyəti Milli Ordumuzu dəstəkləyir

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Milli Ordumuza dəstək məqsədilə "Azərbaycan əsgərinin zəfəri: inam və dəstək" mövzusunda tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik, millət vəkili İsa Həbibbəyli Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, son günlər cəbhədə baş verən hadisələrdən, erməni silahlı qüvvələrinin təxribatlarından, əsgərlərimizin qəhrəmanlıqlarından söz açıb. İ.Həbibbəyli bildirib ki, aprelin 1-dən-2-nə keçən gecədən başlayaraq işğalçı Ermənistan Azərbaycana qarşı növbəti silahlı təxribata başlayıb: "Ermənistan hərbi qüvvələri Azərbaycan kəndlərini, yaşayış məntəqələrini atəşə tutur, hərbi mövqelərimizə ardıcıl zərbələr endirir. Ordumuz vətəndaşların təhlükəsizliyini və öz mövqelərini layiqincə qoruyur, düşmənə lazımi cavab verir. Vurğulanıb ki, strateji əhəmiyyətə malik bir neçə yüksəklik düşməndən azad olunub".

Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətindən söz açan millət vəkili İ.Həbibbəyli ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlərdən danışıb. Bu sahədə Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərini xüsusi qeyd edən alim Ulu Öndərin bu siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və ordumuzun gündən-günə gücləndiyini diqqətə çatdırıb.

İ.Həbibbəyli xalqımızı dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməyə çağırıb, tezliklə işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad olunacağına əminliyini bildirib.

Tədbirdə akademiklər Əhliman Əmiraslanov, Vaqif Abbasov, AMEA-nın müxbir üzvləri Yaqub Mahmudov, Gövhər Baxşəliyeva və başqaları son günlər cəhbədə baş verən hadisələrdən, Azərbaycan Ordusunun qüdrətindən və uğurlu əməliyyatlarından danışıblar. Natiqlər ermənilərin son təxribatçılıq hərəkətlərini qətiyyətlə pisləyərək doğma torpaqlarımızın tezliklə erməni işğalçılarından azad olunacağına inamlarını ifadə ediblər.

Sonda AMEA-nın kollektivi adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər