Cəbhənin təmas xəttində ermənilərin təxribatının qarşısını alarkən qəhrəmanlıqla döyüşən və yaralanan hərbçilər hərbi hospitallarda müalicə olunurlar. Dövlətimiz tərəfindən yaralı əsgərlərin müalicəsi istiqamətində zəruri tədbirlər görülür, onların tezliklə sağlamlıqlarına qovuşmaları üçün tibb heyəti gecə- günduz əllərindən gələni əsirgəmirlər. Bu döyüşlərdə qəhrəmancasına vuruşmuş hərbçilərə, yaralı əsgərlərimizə dəstək olaraq Nəsimi rayon icra hakimiyyəti tərəfindən rayon ictimaiyyətinin iştirakı ilə qanvermə aksiyaları davam edir. Belə tədbirlərdən olan Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı, Nəsimi rayon icra hakimiyyəti və Sağlam Ailə Tibb Mərkəzinin təşkilatçılığı ilə keçirilən könüllü qanvermə aksiyası keçirilib.
Mərkəzi Qan Bankının xüsusi tibbi briqadasının həkim-hemotoloqları donorların sağlamlıq vəziyyətini müəyyən etdikdən sonra onlardan qan götürüblər.
Qanvermə aksiyası, vətən uğrunda yaralananlar, qəza nəticəsində qan itirənlər, həmçinin hemofiliya və talassemiyadan əziyyət çəkən şəxslərin təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün respublikada artıq ənənəvi hal alan tədbirlərin davamıdır.
Aksiyada iştirak edənlər Azərbaycanın qəhrəman vətənsevər, cəsarətli, milli qürur və ləyaqətli əsgərləri ilə fəxr etdiklərini bildiriblər.
Aksiyada, ümumilikdə 300-ə yaxın şəxsdən qan götürülüb. Götürülən qan nümunələri laboratoriyada müayinə edildikdən sonra aidiyyəti üzrə istifadə olunacaq.
Ü.ƏSGƏROV