Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Suraxanı rayon icra hakimiyyəti başçısı yanında şuranın geniş iclasında ətraflı müzakirə olunmuş, qarşıda duran vəzifələr konkretləşdirilib. Şura iclasında əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Geniş məruzə ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı çıxışında səsləndirdiyi başlıca müddəalar barədə ətraflı məlumat verdikdən sonra ilin birinci rübündə rayonun sosial-iqtisadi göstəricilərini şərh edərək bildirib ki, 2016-cı ilin 1-ci rübündə Suraxanı rayonunun sosial-iqtisadi inkişafı davam etdirilmiş, sənaye məhsulunun istehsalı 51,3 milyon manat, tikinti-quraşdırma işləri 7,7 milyon manat, nəqliyyat xidmətləri 1,2 milyon manat, əsas kapitala yönəldilən investisiyalar 1,9 milyon manat, kənd təsərrüfatı 0,9 milyon manat, pərakəndə ticarət dövriyyəsi 84,3 milyon manat, orta aylıq əmək haqqı 538 manat təşkil etmiş, əhaliyə 68,9 milyon manat məbləğində pullu xidmətlər göstərilmiş, 934 yeni iş yeri açılıb.
Rayon rəhbəri "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda Suraxanı rayonu üzrə 54 tədbirin nəzərdə tutulduğunu, onların 5-inin icra olunduğunu, 19-nun icrasına başlanıldığını, başa çatdırılan və başlanılan tədbirlər proqramın 44,5 faizini təşkil edildiyini vurğulayıb.
O bildirib ki, bu dövr ərzində 347 p.m. yeni qaz kəməri çəkilmiş, rayon əhalisinin 98 %-dən çoxu məişət qazı ilə təmin olunmuş, 10 ədəd Transformator Məntəqəsində, 8 ədəd Komplekt Transformator Məntəqəsində cari təmir işləri aparılmışdır. Hazırda rayon əhalisinin 100 %-i elektrik enerjisi ilə təmin olunmuş, müxtəlif diametrli borularla 10 min 795 p.m. su xətti çəkilmiş, 904 p.m. istilik xətləri dəyişdirilmiş, qazanxanalarda cari və əsaslı təmir işləri aparılmış, rayonun küçə və yollarında cari təmir işləri görülmüş, köhnə Bakı-Aeroport yolundan "Şuşa" köçkün şəhərciyinə gedən yolun asfaltlanması, Zığ dairəsi-Hövsan-Türkan-Qala avtomobil yolunun yenidən qurulması işləri davam etdirilib.
İ.Abbasov qeyd edib ki, rayonun mənzil-kommunal idarələri tərəfindən 13 ünvanda nümunəvi abad məhəllənin salınmasına və mövcud "Nümunəvi abad məhəllə"lərdə təmir-bərpa işlərinə başlanılmış, işlərin may ayının ilk günlərində başa çatdırılması planlaşdırılır.
Rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi məsələləri daim nəzarətdə saxlanılmış, bu məqsədlə 2016-cı ilin 1-ci rübü ərzində rayonun aidiyyəti idarələri tərəfindən 7497 nəfərə 1 milyon 740 min manatdan artıq sosial müavinət ödənilmiş, 2400 ailəyə 1 milyon 138 min manatdan artıq ünvanlı dövlət sosial yardım göstərilmiş, 212 nəfər tənha, əlil vətəndaşa evdə sosial xidmət göstərilmiş, rayon Məşğulluq Mərkəzinə müraciət edənlərdən 571 nəfəri işlə təmin edilmişdir.
Rayon rəhbəri məruzəsində vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli icra strukturlarına verdiyi tapşırıqların icrası ilə bağlı Suraxanı rayon icra hakimiyyəti ilin birinci rübü ərzində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Rayonda iqtisadi durumun yaxşılaşdırılması, dotasiyalardan asılılığın minimuma endirilməsi məqsədilə daxili imkanlardan istifadə etməklə sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, keçirilən tenderlərdə şəffaflığın təmin olunması, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması daim diqqət mərkəzində saxlanılmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli Qərarına əsasən Bakı şəhərinin bir sıra rayonlarında, o cümlədən Suraxanı rayonu ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, əhalinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulub.
Hesabat yığıncağında əldə olunmuş nailiyyətlərlə yanaşı, həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları də müzakirə olunub.
Sonda rayon icra hakimiyyətinin başçısı İ. Abbasov xüsusi vurğulayıb: "Dövlətimizin başçısı Cənab İlham Əliyevi bir daha əmin etmək istəyirəm ki, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin siyasi və iqtisadi kursuna sadiq olan rayonun əmək kollektivləri və sakinləri qəbul edilmiş dövlət proqramlarında müəyyən olunmuş iqtisadi inkişaf hədəflərinin təmin olunması, nəzərdə tutulmuş bütün işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi, qazanılmış uğurların daha da artırılması üçün əzmlə çalışacaq, rayonun inkişaf etdirilməsi və abadlaşdırılması naminə üzərimizə düşən vəzifələri bundan sonra da məsuliyyətlə yerinə yetirəcəyik".
Şuranın geniş iclasında Milli Məclisin üzvü Fərəc Quliyev çıxış edib.
ZÜMRÜD BAYRAMOVA