PDF Oxu

Sosial

  • 126

Akademik Zərifə xanım Əliyevanın anım günü ilə bağlı qanvermə aksiyası keçirildi

Akademik Zərifə xanım Əliyevanın anım günü ilə bağlı qanvermə aksiyası keçirildi

Dünən Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı tərəfindən B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunda əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın anım günü ilə bağlı qanvermə aksiyası keçirildi.

İlk olaraq Zərifə xanım Əliyevanın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı rayon təşkilatı tərəfindən, ənənəvi olaraq Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş silsilə tədbirlər çərçivəsində qanvermə aksiyasının keçirildiyini və bu aksiyada rayon təşkilatının fəallarının yüksək həvəslə və könüllü olaraq iştirak etdiyini bildirdi. O, qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu nəcib və humanist xarakterli aksiyaya qoşulan iştirakçılara minnətdarlığını vurğuladı.

Rayon təşkilatının sədri Zərifə Əliyevanın ömür yoluna qısa şəkildə nəzər salaraq, qaranlıq dünyalara şəfa verən fitri istedada malik novator alimin keçdiyi şərəfli həyat yolunun hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün örnək, müdriklik məktəbi olduğunu qeyd etdi: "Zərifə xanım Əliyevanın oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. Onun elmi, tibbi və pedaqoji fəaliyyəti, apardığı elmi tədqiqatların yüksək səviyyəsi, ictimai fəallığı, pedaqoji istedadı, çoxillik elmi-tədqiqat işlərində böyük xidmətləri layiqincə qiymətləndirilib. Zərifə xanım Əliyevanın sovet dövründə aldığı mükafatlar Nobel mükafatına bərabərdir. Bu adların hər biri qürur və iftixar mənbəyidir".

Sonra qanvermə aksiyası başlandı.

Aksiyada iştirak edənlər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu bildirdilər. Onlar belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcları olduğunu qeyd etdilər. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.

NƏZAKƏT

Digər xəbərlər