PDF Oxu

Sosial

  • 116

Əmək huquqlarında özünümüdafiə haqqında

Əmək huquqlarında özünümüdafiə haqqında

İşçilərin əmək hüquqlarını özünümüdafiəsi məsələsi əmək hüquq elmində kifayət qədər tədqiq olunmamışdır. Zahid Cəfərov yazır: "Hal-hazırda əmək hüququnda özünümüdafiə probleminin öyrənilməsi zərurəti üç başlıca səbəblə diktə olunur. Birinci səbəb əmək qanunvericiliyinin daimi təkmilləşdirilməsi zərurəti ilə şərtlənir, o, təməlini bilavasitə istehsalçıların və istehsal vasitələrinin sahiblərinin qarşılıqlı ictimai əlaqələrini köklü surətdə dəyişmiş xüsusi mülkiyyətin təşkil etdiyi bazarın fəaliyyətinin aktual qanunauyğunluqları, geniş əmək bazarının mövcudluğu və yeni ictimai quruluşun digər amillərinin mövcudluğu ilə birbaşa bağlıdır. Biz ikinci səbəbə Rusiya Federasiyası Əmək Məcəlləsində (bundan sonra qısaca olaraq RF ƏM adlandırılacaqdır), bəzi MDB ölkələrinin əmək məcəllələrində, bilavasitə işçilərin əmək hüquqlarının müdafiəsinə, o cümlədən onların özünümüdafiəsinə həsr olunmuş xüsusi bölmənin qanunvericilik qaydasında təsbitini aid edirik, halbuki əvvəlki sovet dövrünün qanunvericiliyində bu, yox idi və ola da bilməzdi. Bizim fikrimizcə, üçüncü mühüm səbəb bundan ibarətdir ki, 1999-cu il fevralın 1-də qəbul edilmiş yeni Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə (bundan sonra qısaca olaraq AR ƏM adlandırılacaqdır) bir qədər əvvəl qəbul edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsi (bundan sonra qısaca olaraq AR MM adlandırılacaqdır) arasında müəyyən ziddiyyətlər, yaxud ən azı uyğunsuzluq mövcuddur. Yeni AR MM-də vətəndaşların hüquqlarının müdafiəsi və özünümüdafiəsi məsələləri kifayət qədər əhatəli surətdə tənzimlənmişdir, onlara xüsusi (ikinci) fəsil həsr olunmuşdur ki, bunu qüvvədə olan AR ƏM haqqında demək olmaz.

Əmək hüququ nəzəriyyəsi sahəsində mütəxəssislər bu hüquqi kateqoriyanın əmək qanunvericiliyində meydana çıxmasından sonra özünümüdafiə problemlərinin tədqiqinə başlamışlar. Onların bir çoxu artıq yüksək təcrübi əhəmiyyətə malik bu mürəkkəb problemə dair fikrini açıqlamışdır."

Qeyd olunmalıdır ki, O.S.İoffe "özünümüdafiə" terminindən istifadə etmir, hərçənd yuxarıda iqtibas gətirilən mətnin mənasından tamamilə aydındır ki, söhbət məhz mülki hüquqların özünümüdafiəsindən gedir.

N.İ.Murtuzovun qeyd etdiyi kimi, hal-hazırda demək olar ki, zəruri müdafiə və son zərurət kateqoriyaları özünümüdafiənin formaları kimi, praktik olaraq, hamısı, o cümlədən ümumi hüquq nəzəriyyəsi cinayət (AR CM-in 36-cı və 38-ci maddələri), inzibati (AR İXM-in 18-ci və 19-cu maddələri) və mülki (AR MM-in 20-ci, 563 və 564-cü maddələri) hüquq üzrə mütəxəssislər tərəfindən qəbul olunmuşdur.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 36-cı maddəsində ("Zəruri müdafiə") qanunvericiliyimiz bu normanın tərkibinə daxil olan "müdafiə" terminini birbaşa tətbiq edir. Y.Q.Basin yazır: "Cinayət hüququ elmində zəruri müdafiə dedikdə, adətən, hücum edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qorunmaq başa düşülür". Zəruri müdafiə hüququ təbii, insana doğulandan bəri xas olan yaşamaq hüququndan irəli gəlir. Cinayət hüququ üzrə mütəxəssislərin fikrincə, zəruri müdafiə vətəndaşın müstəqil subyektiv hüququdur. Zəruri müdafiədə müdafiənin xüsusiyyəti onun fəal xarakterindən ibarətdir.

Biz digər mülki hüquqçularda da özünümüdafiənin analoji anlayışı ilə rastlaşırıq. Belə ki, Leninqrad Universitetinin alimlərinin nəşr etdirdikləri "Mülki hüquq" dərsliyində (1982-ci il) özünümüdafiə fövqəladə hallarla əlaqədar tətbiq oluna biləcək müstəsna qaydaya aid edilir. Beləliklə, özünümüdafiə məhdud, dar mənada izah olunur və yalnız fövqəladə hallarda, yəni zəruri müdafiə, yaxud son zərurət hallarında istifadə oluna bilər.

AR Konstitusiyasının 26-cı maddəsindən və AR MM-in 20-ci maddəsindən, eləcə də RF Konstitusiyasının 45-ci maddəsindən və RF MM-in 12-ci maddəsindən belə bir nəticə çıxır ki, özünüdafiənin qanunla qadağan edilməmiş bütün üsulları mümkündür. Buna görə də, biz belə hesab edirik ki, işçinin subyektiv hüquqlarına və qanuni mənafelərinə işəgötürənin qəsdi kimi hüquqazidd davranışına işçinin özünəməxsus reaksiyası kimi istənilən faktiki hərəkətləri özünümüdafiə üsullarına aid edilməlidir. İşçinin davranışının hüquqauyğun olub-olmaması isə tamamilə başqa məsələdir.

Yuxarıda göstərilən mülahizələri nəzərə almaqla, bizim fikrimizcə, işçilərin özlərinin əmək hüquqlarının özünümüdafiəsi dedikdə, işçilərin işəgötürən tərəfindən pozulmuş subyektiv hüququnun, yaxud qanuni mənafeyinin bərpası məqsədilə müstəsna surətdə öz gücü ilə gördükləri, qanunla icazə verilmiş faktiki hərəkətlər (tədbirlər) başa düşülməlidir.

Müdafiə edən tərəfin hərəkətləri heç də bütün hallarda hüquqauyğun olmur. Belə ki, RF MM-in 14-cü maddəsinə ("Mülki hüquqların özünümüdafiəsi") şərhin müəllifləri göstərirlər ki, mülki hüquqda özünümüdafiə zəruri müdafiəyə və son zərurətə yaxındır. Bu özünümüdafiə üsulunun tətbiqi müdafiə olunanın hüquq və mənafelərini pozan, yaxud pozmuş şəxsə vurulmuş ziyana görə məsuliyyətdən azad etməlidir.

Beləliklə, deyilənlərdən belə bir mühüm nəzəri və təcrübi nəticəyə gəlmək olur ki, hüquqi təzahür kimi özünümüdafiəyə müəyyən dərəcədə zəruri müdafiə və son zərurət kimi hüquqi kateqoriyalara tətbiq olunan müddəalar tətbiq oluna bilər. Elə bir hal məlumdur ki, küçədə açıq piştaxtada alver edən işçi ticarət müəssisəsinin işəgötürəninin sərəncamı ilə şəhərin kənarında yerləşən başqa iş nöqtəsinə keçirildiyini bildikdə işəgötürənin bu hərəkətindən hiddətlənərək və onu ədalətsiz hesab edərək sərəncamı yerinə yetirməkdən imtina etmiş və işəgötürəni xəbərdar etmədən, malı mühafizəsiz buraxaraq, iş yerini özbaşına tərk etmişdir. Mal oğurlanmış, ticarət müəssisəsinə ciddi maddi ziyan vurulmuşdur. Göstərilən misal işçinin özünümüdafiə həddini aşması faktını nümayiş etdirir. Zəruri müdafiə həddini aşdığı hallarda olduğu kimi, eynilə işçi AR CM-in 36-cı və AR MM-in 563-cü maddələri ilə analogiya üzrə məsuliyyət daşımalıdır. Belə ki, AR MM-in 563.3-cü maddəsində yazılır: "Əgər hər hansı şəxs zəruri müdafiə həddini təqsirli şəkildə aşmışsa və zəruri müdafiə vəziyyətini qəsdən törətmişsə, vurulmuş ziyanın əvəzini ödəməlidir".

Bütövlükdə, özünümüdafiəyə və o cümlədən, əmək hüququnda özünümüdafiəyə qanunla icazə verilməsi, mövcud qəsdə qarşı həyata keçirilmə, faktiki hərəkətlərin yalnız öz gücü ilə həyata keçirilməsi xasdır. Müdafiə olunan tərəf (işçi) özünümüdafiənin qanunla yol verilən həddini aşdıqda isə belə davranış, belə hərəkətlər hüquqa zidd olur, hüquq pozuntusuna çevrilir və hüquqi məsuliyyətin müvafiq növünü doğurur. T.Y.Abova düzgün olaraq yazır: "Özümüdafiə (eynilə cinayət hüququnda zəruri müdafiə) həddinin aşılması faktları yurisdiksiya orqanları tərəfindən, o cümlədən əleyhinə özünümüdafiə tədbirlərinin tətbiq olunduğu şəxsin iddiası üzrə müəyyən olunur".

Artıq özünümüdafiənin ümumi hüquq nəzəriyyəsindən məlum olan təriflərinin, habelə əmək qanunvericiliyindəki yeniliyə sürətlə reaksiya vermiş mülki hüquqçuların işləyib hazırladıqları təriflərin təhlilinə istinadən hesab edirik ki, əmək hüquqlarını özünümüdafiənin yol verilən üsullarına bir sıra faktiki hərəkətlər aiddir. Biz belə hərəkətlərə, ilk növbədə, işçinin öz vəzifələrinin yerinə yetirilməsindən hüquqauyğun (əmək qanunvericiliyi ilə icazə verilən) imtinasını aid edirik.

Qanunvericimizin məntiqinə əsaslansaq, biz labüd surətdə belə bir nəticəyə gəlməliyik ki, işçinin özünün əmək funksiyalarını yerinə yetirməkdən imtina etməsi və sonradan təkbaşına tətil elan etməsi işçinin bir hüquqauyğun aktı, işəgötürənin hüquqazidd davranışına reaksiyasıdır. Aydındır ki, işdən imtina etmədən hər hansı tətil keçirilə bilməz. Lakin bizə məlumdur ki, təkbaşına tətil və onun keçirilməsi qaydası AR ƏM-in 295-ci maddəsi ("Fərdi əmək mübahisəsinin həlli məqsədi ilə işçinin təkbaşına tətil etmək hüququ və qaydası") ilə tənzimlənmişdir. Həmin maddənin 1-ci hissəsinə görə, təkbaşına tətil əmək mübahisəsinin həlli məqsədilə keçirilir. Qeyd olunmalıdır ki, qanunverici təkbaşına tətilin keçirilməsi üçün başqa əsaslar müəyyən etməmişdir. AR ƏM-in 230-cu maddəsində işçinin özünün əmək funksiyasını yerinə yetirməkdən imtina etməsinin əsası qismində işəgötürənin təhlükəsiz əmək şəraitini təmin etməməsi müəyyən olunmuşdur. Bu səbəbdən, belə hesab edirik ki, AR ƏM-in 230-cu maddəsində RF ƏM-in 379-cu maddəsində təsbitini tapmış özünümüdafiə üsuluna analoji surətdə söhbət işçinin xüsusi özünümüdafiə tədbirindən (formasından), yaxud üsulundan gedir.

Təkbaşına tətillə özünümüdafiə vasitəsi kimi işdən imtina arasında fərqi göstərən daha bir mühüm hala diqqət yetirməmək olmaz. AR ƏM-in 230-cu maddəsi ilə birmənalı surətdə müəyyən olunmuşdur ki, işçi heç bir məsuliyyət daşımır, halbuki AR ƏM-in 295-ci maddəsinin 8-ci hissəsində deyilir: "Təkbaşına tətil edən işçinin hərəkətlərinin qanunsuz və ya əsassız hesab edilməsi barədə məhkəmə qərar qəbul edərsə, işçı müvafiq qaydada intizam məsuliyyətinə cəlb edilə bilər", AR ƏM-in 70-ci maddəsinin "c" bəndinə müvafiq surətdə isə, o, işdən də çıxarıla bilər. Bununla birlikdə, RF ƏM-dən fərqli oiaraq, işçinin özünün əmək funksiyalarını yerinə yetirməkdən imtina etməsindən qanunvericimiz qüvvədə olan AR ƏM-də özünümüdafiə üsulu (özünümüdafiə tədbiri) kimi bircə dəfə 230-cu maddənin 2-ci hissəsində istifadə edir.

Qüvvədə olan AR ƏM və onun ayrı-ayrı normalarını, başlıca olaraq işçilərin müəyyən kateqoriyasının əlavə hüquqi təminatlarını təsbit edən normaları təhlil edərkən, biz belə bir nəticəyə gəldik ki, özünümüdafiə vasitəsi kimi işdən imtina, məsələn, AR ƏM-in 59-cu maddəsində ("Başqa işə keçirmə"), 60-cı maddəsində ("İşəgötürənin təşəbbüsü ilə başqa işə müvəqqəti keçirmə"), 98-ci maddəsində ("Gecə vaxtı işlərinə cəlb edilməsinə yol verilməyən işçilər"), 99-cu maddəsində ("İş vaxtından artıq iş"), 100-cü maddəsində ("İş vaxtından artıq işlərin son həddi"), 227-ci maddəsində ("Əməyin mühafizəsi şəraiti haqqında işçilərin məlumat almaq hüququ"), 242-ci maddəsində ("Qadınların gecə işlərinə, iş vaxtından artıq işlərə və istirahət günlərində işə cəlb olunmasının, habelə ezamiyyətlərinin məhdudlaşdırılması"), 250-ci maddəsində ("Yaşı 18-dən az olan işçinin əməyinin tətbiqi qadağan olunduğu işlər"), 254-cü maddəsində ("Yaşı 18-dən az olan işçilərin gecə işlərinə, iş vaxtından artıq işlərə və istirahət günlərində işə cəlb olunmasının, habelə ezamiyyətə göndərilməsinin qadağan olunması") hüquqauyğun olacaqdır.

İşçinin özünün əmək funksiyalarını yerinə yetirməkdən imtina etməsi hüquqauyğun olduqda bu halda işçinin iş yeri, vəzifəsi (peşəsi) və orta əmək haqqı saxlanılmalıdır.

Həmin maddənin 2-ci hissəsində göstərilir ki, işdən imtina etdikdə işçinin barəsində intizam məsuliyyəti tədbirləri tətbiq olunmamalıdır. Lakin işçinin barəsində intizam məsuliyyəti tədbirləri yalnız o şərtlə tətbiq olunmur ki, işçi özünümüdafiə çərçivələrindən kənara çıxmasın, onun işin yerinə yetirilməsindən imtinası hüquqauyğun olsun. Lakin bu halda da işçinin işəgötürənin təşəbbüsü ilə işdən çıxarılması kimi intizam məsuliyyəti sanksiyasının tətbiqini qadağan edən qəti təminatın müəyyən edilməsi zəruridir.

İşçinin öz funksiyalarını yerinə yetirməkdən imtina etməsi özünümüdafiə vasitəsi (üsulu) kimi özünəməxsus qeyri-dövlət məcburetmə formasıdır, yəni özünümüdafiəni mənəvi-psixoloji xarakterli xüsusi sosial sanksiya kimi nəzərdən keçirmək olar və bu keyfiyyətdə, o, işəgötürəndə müəyyən mənəvi-psixoloji həyəcan, mənəvi-psixoloji narahatlıq doğurmalıdır. Bizim fikrimizcə, istənilən hüquq pozuntusu kobud olub-olmamasından, qanunun aşkar surətdə pozulmaqla törədilib-törədilməməsindən asılı olmayaraq, cəmiyyət və dövlət tərəfindən cəmiyyətə zidd, mənfi təzahür kimi qiymətləndirilməlidir. O, eyni zamanda həm hüquqa, həm də mənəviyyata ziddir. Bununla əlaqədar biz A.M.Qasımovun belə bir fikrini bölüşürük ki, "işəgötürənin işçinin bu və ya digər subyektiv hüququnu pozan hər hansı bir hüquqazidd hərəkəti işçiyə mənəvi ziyan vurur. Qanunun pozulmasının istənilən forması, xüsusilə də işəgötürənin hüquqazidd hərəkətləri əxlaqa ziddir, çünki işəgötürənlə işçilər sosial tərəfdaşdırlar, əmək müqaviləsi onları yaxınlaşdırır, onlar müəyyən mənada sosial əlaqədədirlər".

Lakin işçinin özünün əmək funksiyalarını yerinə yetirməkdən imtina etməsi işçinin özünümüdafiəsinin yeganə mümkün üsulu deyildir. İşdən imtinanın da aid olduğu faktiki hərəkətlərdən başqa, işçinin hüquqi hərəkətləri də mümkündür: bunlar AR ƏM-in 69-cu maddəsi üzrə işçinin təşəbbüsü ilə əmək müqaviləsinin ləğvi, o cümlədən müddətli əmək müqaviləsinin müddəti bitməmiş ləğvidir. İşəgötürənin işçinin qanuni hüquqlarını kobud surətdə pozması ilə əlaqədar işçinin tələbi üzrə əmək müqaviləsinin ləğvini, xüsusilə işəgötürənin yüksək ixtisaslı işçini itirməsi hallarında işəgötürən barəsində özünəməxsus sanksiya kimi nəzərdən keçirmək olar.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər