PDF Oxu

Sosial

  • 122

İƏT Azərbaycanın sərhəd toxunulmazlığını dəstəkləyir

İƏT Azərbaycanın sərhəd toxunulmazlığını dəstəkləyir

İlham Əliyev: "Beynəlxalq birlik və təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüquq normalarına uyğun, ədalətli həllinin tərəfdarıdır"

Müstəqil dövlət kimi Azərbaycanın dünya təşkilatları ilə əməkdaşlığı və dostluq münasibətlərinin inkişafı ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdəndir. Müxtəlif sahələrdə iqtisadi, siyasi, sosial və s. qurulan əməkdaşlıq münasibətləri dövlətlər arasında qarşılıqlı anlaşmanın qurulmasına və davamlı olmasına öz təsirini göstərir. Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına üzv olması da nəticəsin verir. Bu təşkilatla münasibətlər çoxşaxəli, qarşılıqlı maraq əsasında qurulmuş, əməkdaşlıq əlaqələrinin inkişafına üstünlük verilmişdir. Müsəlman ölkələrinin sərhəd toxunulmazlığının bərpa olunması və qorunması, münaqişələrin həlli və qarşısının alınması, sabitliyin bərpası və inkişaf istiqamətlərinin müəyyən edilməsinə dair müzakirələr aparılır və qərarlar qəbul olunur.

Azərbaycanın fəal üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı dünyada islam həmrəyliyi işinə töhfələr verir. Hələ müstəqilliymizin ilk illərində erməni təcavüzünə məruz qalmış, informasiya-təbliğat imkanları zəif və məhdud olan Azərbaycanın haqlı mövqeyinin islam dövlətləri tərəfindən dəstəklənməsi və onun vasitəsilə təcavüzün ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rolu qeyd edilməlidir. Rəsmi Yerevanın tutduğu qeyri-konstruktiv mövqeyini diqqətdə saxlayaraq, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı yekdil və birmənalı qərarlar qəbul etmişdir. İƏT Xarici İşlər Nazirlərinin Şurası tərəfindən "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü", "Azərbaycana iqtisadi yardımın göstərilməsi" və "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında islam dininə aid tarixi və mədəni irsin və ibadət ocaqlarının dağıdılması və təhqir olunması" adlı qətnamələr qəbul edilib.

ZİRVƏ TOPLANTISINDA TƏCAVÜZKAR ERMƏNİSTANIN AZƏRBAYCANA QARŞI DAVAM ETDİRDİYİ İŞĞALÇILIQ SİYASƏTİ PİSLƏNİLİB

Bu günlərdə İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində də müsəlman ölkələrindəki qarşıdurmalara nəzər salınaraq, tezliklə həll olunması diqqətə çəkilib. İƏT-in İstanbul Sammiti digər müsəlman ölkələrindəki münaqişələr kimi, Dağlıq Qarabağ problemini də diqqətdə saxlayıb. "Ədalət və sülh üçün birlik və əməkdaşlıq" devizi ilə keçirilən Zirvə toplantısında təcavüzkar Ermənistanın Azərbaycana qarşı davam etdirdiyi işğalçılıq siyasətindən söz açılıb. Sammitdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev iştrakçıların diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb edərək, Ermənistanın 20 ildən artıqdır ki, Azərbaycana qarşı işğalçılıq siyasəti apardığını bildirib:"Bu siyasət nəticəsində Azərbaycan ərazisinin 20 faizi - Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon Ermənistan tərəfindən işğal edilmiş, həmin ərazilərdə etnik təmizləmə siyasəti aparılmış və bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ermənistan Xocalı soyqırımını törətmişdir. Beynəlxalq birlik və təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüquq normalarına uyğun, ədalətli həllinin tərəfdarıdır". Cənab İlham Əliyev münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin olduğunu diqqtə çatdıraraq bu qətnamələrdə erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasının tələb edildiyini vurğulayıb:"Eyni zamanda, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası Parlament Assambleyası və digər təşkilatlar da oxşar qərar və qətnamələr qəbul etmişlər. Mən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyən ədalətli qətnamələrə görə İƏT-ə səmimi minnətdarlığımı bir daha ifadə edirəm. Lakin işğalçı Ermənistan bu qərarlara məhəl qoymur və danışıqlar prosesini pozmaq üçün vaxtaşırı silahlı təxribatlara əl atır".

Ölkə başçısı son günlərdə aprelin əvvəllərində törədilmiş silahlı hücum nəticəsində Azərbaycan hərbçiləri və mülki şəxslərin həlak olduğunu da sammit iştrakçılarını diqqətinə çatdırıb və Azərbaycan Ordusunun Ermənistanın təxribatının qarşısını aldığını bildirib.

İƏT-İN İSTANBUL SAMMİTİNİN DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ İLƏ BAĞLI ƏDALƏTLİ VƏ QƏTİYYƏTLİ MÖVQEYİ

Sammitdə iştirakçı dövlətlər tərəfindən də təcavüzkar Ermənistanın Azərbaycana qarşı davam etdirdiyi işğalçılıq siyasəti pislənilib. İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni Ermənistanın Dağlıq Qarabağda işğalıçılıq siyasətini davam etdirdiyini dilə gətirərək, bu problemin Birləşmiş Millətlər Təşkilatının münaqişə ilə bağlı qərarlarına uyğun olaraq həlli olunmasının vacibliyini qeyd edib. Bildirib ki, Azərbaycan dövlətinin beynəlxalq aləmdə tanınan sərhədləri və suverenliyinin bərpası, bölgədə sülhün və təhlükəsizliyin bərqərar edilməsi vacib məsələlərdəndir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə sammitin bağlanış mərasimində çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranması və problemin bu vaxtadək həll edilməməsinin səbəbləri barədə məlumat verərək, İƏT-in bir daha Azərbaycanın sərhəd toxunulmazlığını dəstəklədiyini diqqətə çatdırıb. Vurğulayıb ki, İƏT ciddi səylərlə müsəlman ölkələrindəki problemlərin, silahlı münaqişələrin həllinə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə öz təsirini göstərməlidir.

Qeyd edək ki, İƏT-in İstanbul Sammiti digər müsəlman ölkələrindəki münaqişələr kimi, Dağlıq Qarabağ problemi barədə də ədalətli və qətiyyətli mövqe nümayiş etdirib. Sammitin yekun kommunikesində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə geniş yer verilib və Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasət pislənilib. Kommunikedə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində həlli tələb olunur. İƏT işğal edilmiş Azərbaycan ərazilərində mədəni irsin, müqəddəs yerlərin dağıdılmasını, qeyri-qanuni iqtisadi fəaliyyətlərin həyata keçirilməsini pisləyir, üzv dövlətləri milli qanunvericilik vasitəsilə bununla bağlı tədbirlər görməyə çağırır.

İƏT-in İstanbul Sammiti digər müsəlman ölkələrindəki münaqişələr kimi, Dağlıq Qarabağ problemi barədə də ədalətli və qətiyyətli mövqe nümayiş etdirib.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər