PDF Oxu

Sosial

  • 111

Azərbaycanın sıçrayışlı inkişaf dövrü

Azərbaycanın sıçrayışlı inkişaf dövrü

Həyatını ölkəmizin yüksəlişinə və insanların xoşbəxtliyinə həsr edən Ulu Öndər səhiyyəni cəmiyyət və dövlət həyatında ən mühüm sahə kimi qiymətləndirib

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev siyasi dünyagörüşü, zəngin dövlət təcrübəsi ilə bütün dünyanı heyran edən dahi şəxsiyyət olaraq Azərbaycan dövləti və xalqı üçün böyük işlərə imza atmışdır. Ümummilli Lider Heydər Əliyev dövlətçiliyin, azərbaycançılıq ideyasının elmi-nəzəri və təcrübi əsaslarını yaradan görkəmli dövlət xadimi olaraq adını tarixə əbədi olaraq həkk etdi. Belə ki, Azərbaycana rəhbərlik etdiyi fəaliyyəti dövründə misilsiz xidmətləri ilə bu illər ərizində zamana sığmayan ömür salnaməsini əməl və məqsədilə yazdı. Onun bütün sahələrdə gördüyü işlər ölkənin gələcək həyatını əks etdirdi.

Ulu Öndər Heydər Əliyev, həqiqətən də, böyük şəxsiyyət və siyasi Lider olduğunu gördüyü işləri ilə tarixin səhifələrində əks etdirdi. Azərbaycanın bütün sahələrində Heydər Əliyev əzəməti göründü və bu gün də Onun Şəxsiyyəti məhz əməllərini yaşadan Azərbaycanın, bütövlükdə panoramasında özünü göstərir.

Heydər Əliyevin Azərbaycanın mədəniyyət, siyasət, iqtisadiyyat və digər sahələrində gördüyü işlərin zirvəsində azərbaycançılıq ideyası dayanır. Ötən əsrin 60-cı illərin sonu, 70-ci illərin əvvəlləri, Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk aylardan başlayaraq Azərbaycanın sosial-iqtisadi, elmi-mədəni həyatında böyük canlanma yarandı. Respublikanın xalq təsərrüfatının bütün sahələrində, elm və təhsildə, incəsənət və mədəniyyətdə, səhiyyə və məişətdə sıçrayışlı bir inkişaf dövrü başlandı.

Həyatını ölkəmizin yüksəlişinə və insanların xoşbəxtliyinə həsr edən Ulu Öndər xalqın sağlamlıq məsələlərinə də daim taleyüklü məsələ kimi yanaşıb, səhiyyəni cəmiyyət və dövlət həyatında ən mühüm sahə kimi qiymətləndirib: "Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir".

Təkcə 1970-1980-ci illərdə Azərbaycanda yüzlərlə iri səhiyyə obyektləri inşa edildi. Sovet dövründə ölkədə çox geniş yayılan malyariya, difteriya, vərəm və s. kimi yoluxucu xəstəliklərin qarşısının alınmasında da Ümummilli Liderin çox böyük xidmətləri olub. Heydər Əliyev uzaqgörən siyasətçi kimi profilaktik tədbirlərin önəmini və ilkin tibbi xidmətin gücləndirilməsinin əsas şərtlərdən biri olduğunu bilirdi və bu istiqamətdə tədbirlər həyata keçirirdi. İnsanların sağlamlığının sahə həkimlərindən asılı olduğunu deyirdi. Təsadüfi deyil ki, sahə həkimlərinin ilk qurultayı, məhz Onun rəhbərliyi dövründə Bakı şəhərində keçirilib.

Xalqın təkidli tələbi ilə dünya şöhrətli siyasətçi Heydər Əliyevin 1993-cü ilin iyun ayında hakimiyyətə yenidən qayıdışından sonra, Azərbaycan Respublikası tam müstəqil dövlət kimi möhkəmləndi, ölkəmizin dünya miqyasında layiqli yer tutmasına şərait yaratdı. Müasir və yeniləşən Azərbaycanın memarı və qurucusu Heydər Əliyev Azərbaycanın bütün sahələrinin inkişafı ilə yanaşı, səhiyyənin də sivil ölkələr səviyyəsinə yüksəlməsinə bütün gücünü sərf etmişdir. İnsanların fiziki və ruhi sağlamlığı ölkənin inkişafında həlləedici rol oynayan amillərdən olduğundan Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan səhiyyəsinə böyük tələbkarlıqla yanaşaraq, bu istiqamətdə bir çox lahiyələrin gerçəkləşməsinə nail oldu. 1992-1994-cü illərdəki çətin proqnozlaşdırılan, müvafiq surətdə təşkil edən inflyasiya əhalinin sağlamlığının pisləşməsinə şərait yaratmışdır. Demoqrafik göstəricilərin pisləşməsi ilə yanaşı, təhlükəli infeksion xəstəliklərin dinamikası da mənfi istiqamətdə dəyişmişdi. Ulu Öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin nəticəsi olaraq, səhiyyə ilə bağlı bir çox fərman və sərəncamlar imzaladı. Ümummilli Liderin 1998-ci il Sərəncamı ilə səhiyyə sistemində islahatların təşkili və aparılması məqsədilə Hökumət Komissiyası yaradıldı.

Elə həmin il Ümummilli Liderin Fərmanı əsasında "Azərbaycan Respublikasında səhiyyə sahəsində islahatlar üzrə Dövlət Komissiyası haqqında Əsasnamə" təsdiq olundu. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən qanunvericilik aktlarının və dövlət proqramlarının əməli surətdə həyata keçirilməsi məqsədilə sənədlər işləyib hazırlandı və təsdiq edildi. Səhiyyənin və əhalinin sağlamlığının qorunmasının yeni sisteminin qanunvericilik və hüquqi bazası yaradıldı. Bütün bunlarla yanaşı, səhiyyə sahəsində beynəlxalq əlaqələrdə genişləndirildi. Adətən, bu cür əlaqələr inkişaf etmiş ölkələrlə inteqrasiya olmağa imkan yaradır. Elə buna görə də ayrı-ayrı qurum və təşkilatlarla beynəlxalq əlaqələrə diqqət ayrıldı. 1994-cü ildən başlayaraq, Səhiyyə Nazirliyində xarici əlaqələr üzrə xüsusi əlaqələr yaradılmışdır. Bu şöbə yarandığı vaxtdan öz fəaliyyətini milli səhiyyənin Ümumdünya Səhiyyə Təşkilatı, BMT Uşaq Fondu kimi öncül beynəlxalq strukturlar və ölkədə təmsil olunan bir sıra qeyri-hökumət beynəlxalq humanitar təşkilatlarla fəal əməkdaşlığı üzərində qurdu. Xarici əlaqələr şöbəsinin qarşısında, yuxarıda adları çəkilən təşkilatlarla, ilk öncə, ÜST-ün Avropa Bürosu ilə sıx əməkdaşlıq çərçivəsində proqramlar silsiləsini həyata keçirmək vəzifəsi dururdu. Gənc müstəqil dövlət ölkənin başlıca iqtisadi-sosial və digər xarakterli problemləri sırasında milli səhiyyənin də öncül məsələlərini həll etməli idi. Bu məsələlər Azərbaycan hökuməti və ÜST Avropa Bürosu kooperasiyasının fəaliyyətini qaydaya salan sənədlərdə öz əksini tapmışdır.

Ulu Öndərimizin rəhbərliyi ilə bu sahədə 15-dən çox qanunun qəbul edilməsi, Ümummilli Liderimizin 2001-ci il 4 iyun tarixli Sərəncamı ilə hər il iyun ayının 17-nin ölkəmizdə tibb işçilərinin peşə bayramı kimi qeyd olunması, səhiyyə işçilərinin əməkhaqlarının dəfələrlə artırılması həm bu sahənin müasir tələblər səviyyəsində yeniləşdirilməsinə, həm də insanların sağlamlıqlarının etibarlı şəkildə qorunmasına xidmət edib.

Ümummilli Lider Heydər Əliyevin səhiyyə sahəsində dövlət siyasətinin başlıca məqsədi ölkə vətəndaşlarının sağlamlığının yaxşılaşdırılmasından, əhalinin bütün təbəqələrinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsindən ibarətdir. Heydər Əliyevin səhiyyənin inkişafı istiqamətində həyata keçirdiyi islahatlar və irəli sürdüyü ideyalar ölçüyəgəlməzdir və bütün zamanlar üçün dəyərlidir.

Müasir dövrümüzdə Heydər Əliyev ənənələri yaşayır və səhiyyədə görülən işlər Ümummilli Liderin məqsədyönlü siyasətinin nəticəsidir. Heydər Əliyev kursunun davamçısı Azərbaycan Prezidenti Cənab İlham Əliyevin uğurla davam etdirdiyi siyasi xətt, ölkəmizdə digər sahələrdə olduğu kimi, səhiyyənin inkişafına da müsbət təsirini göstərməkdir. Prezident İlham Əliyevin Sərəncam və islahatları nəticəsində səhiyyənin maddi-texniki bazası möhkəmləndirilmişdir. Azərbaycanda sosial və səhiyyə sahələrində həyata keçirilən genişmiqyaslı islahatlar dünyada olan nüfuzlu qurumların da diqqət mərkəzindədir. Qeyd edək ki, bir neçə ildir ki, Azərbaycan haqqında Avropa Komissiyasının Tərəqqi Hesabatlarında səhiyyə sahəsində olan yeniliklər və islahatlar obyektiv olaraq müsbət rəylə işıqlandırılır.

Respublika rəhbərliyinin yüksək siyasi dəstəyi ilə aparıcı texnologiyalarla, müasir tibbi avadanlıqlarla, keyfiyyətli dərman vasitələri ilə təchiz olunmuş yeni tibb mərkəzlərinin yaradılması istiqamətində genişmiqyaslı işlər davam etdirilir. Yeni tikilən, yaxud da əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilən tibb ocaqlarının sayı durmadan artır. Paytaxt Bakı ilə yanaşı, bölgələrdə də müasir elmi mərkəzlər, tibbi mərkəzlər, diaqnostika-müalicə mərkəzləri qurulur. Səhiyyə ocaqları dünya standartları səviyyəsində qurulur. Bütün bunlar Azərbaycan səhiyyəsinin əldə etdiyi uğurlar nəticəsində reallaşır. Azərbaycanın sürətli iqtisadi inkişafı, dövlət tərəfindən aparılan məqsədyönlü islahatlar səhiyyənin bu şəkildə inkişafına təsirini göstərir.

Ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş səhiyyə müəssisələri əhaliyə yüksək səviyyədə xidmət göstərir. Bütün bunlar göstərir ki, səhiyyə sahəsində qəbul edilmiş dövlət proqramlarının icrası uğurla davam etdirilir.

Əhalinin sağlamlığının qorunması Azərbaycan dövlətinin qarşıya qoyduğu prioritet istiqamətlərdən biri olduğundan Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır.

NƏZAKƏT ƏLƏDDİNQIZI

Digər xəbərlər