Dünən YAP Qusar rayon təşkilatının gənclər birliyinin və rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə "Vətənpərvərlik" mövzusunda tədbir keçirilib. Tədbirdən öncə Azərbaycanın Dövlət Himni səsləndirilib.
Daha sonra rayon Heydər Əliyev Mərkəzinin direktoru, YAP rayon təşkilatının qadınlar şurasının sədr müavini Neva Abdurahmanova çıxış edərək, vətənpərvərliyin qəhrəmanlığın əsasını qoyan amil olduğunu qeyd edib. Xalqımızın hər zaman şanlı tarixi və əfsanəvi qəhrəmanları ilə fəxr etdiyini bildirib.
Tədbirdə çıxış edən Səfərbərlik Hərbi Çağırış Dövlət Xidməti Qusar rayon şöbəsinin zabiti Musa Nağıyev müstəqilliyini bərpa etmiş dövlətimizin ideologiyasının, həmçinin azərbaycançılıq və vətənpərvərlik ideyalarının gənclər arasında təbliğ edilməsinə böyük ehtiyac olduğunu bildirib. Azərbaycanımız üçün əsl vətəndaş yetişdirmək böyük gələcəyimiz naminə ən mühüm vəzifə kimi təhsilimizin və mədəniyyətimizin qarşısında durduğunu vurğulayıb.
Tədbirdə, həmçinin rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Nahid Hacıyev və Hacıxanım Xəlilova, Qusar şəhər 1 saylı tam orta məktəbinin 11-ci sinif şagirdi Murad Salman mövzu ətrafında çıxış ediblər, Qusar şəhər tam orta məktəblərinin aşağı sinif şagirdlərinin şeirləri dinlənilib. Sonra rayon İncəsənət Məktəbinin müəllimləri Səbinə Hüseynova və Qazəhməd Bayramov hərbi vətənpərvərçilik mövzusunda mahnılar ifa ediblər.
NƏZAKƏT