PDF Oxu

Sosial

  • 123

Litva radiosu Ermənistan ordusunun hərbi təxribatları ilə bağlı həqiqətləri səsləndirib

Litva radiosu Ermənistan ordusunun hərbi təxribatları ilə bağlı həqiqətləri səsləndirib

Litva İctimai Radiosunun "Aktual problemlər studiyası"nda yayımlanan 50 dəqiqəlik analitik radio verilişi aprelin ilk günlərində Ermənistan ordusunun Azərbaycanla təmas xəttində törətdiyi hərbi təxribatlara həsr olunub. Diasporla İş üzrə Dövlət Komitəsindən qəzetimizə verilən məlumata istinadən, "Qarabağın Qordion düyünü" başlıqlı tarixi və ictimai-siyasi təhlil yönümlü diskussiya verilişində Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Litva Respublikası Hökuməti yanında Milli İcmalar Şurasının üzvü Mahir Həmzəyev Vilnüs Universitetinin Beynəlxalq Münasibətlər və Siyasi Elmlər İnstitunun Beynəlxalq münasibətlər kafedrasının dosenti Dovile Yaknyunayte, Litva-Ermənistan Beynəlxalq Forumunun koordinatoru, vilnüslü hüquqşünas Armen Ayrapetyan, litvalı tarixçi, siyasi şərhçi və konfliktoloq İmantas Melyanas iştirak ediblər.

Tanınmış litvalı jurnalist, rejissor Rimas Brujasın apardığı verilişdə aprel hadisələri, onun tarixi kökləri və geosiyasi səbəbləri müzakirə olunub. Həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həll olunmaması, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrin indiyədək yerinə yetirilməməsinin səbəbləri müzakirə edilib. Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti və bu siyasətin Azərbaycan xalqı və dövlət üçün acı nəticələri barədə məlumat verən Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev, Azərbaycanın 20 faiz torpaqlarının hələ də erməni işğalı altında olduğunu bildirib. Diaspor üzvü Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü təmin olunmaqla beynəlxalq hüquq normaları çərçivəsində, sülh yolu ilə həllinin təmin edilməsinin zəruriliyi vurğulayıb və dünya ictimaiyyətini bu münaqişəyə biganə qalmamağa çağırıb.

NƏZAKƏT

Digər xəbərlər