PDF Oxu

Sosial

  • 113

Binəqədi Mərkəzi Mədəniyyət Evində "Torpaq uğrunda ölən varsa Vətəndir" adlı tədbir keçirilib

Binəqədi Mərkəzi Mədəniyyət Evində "Torpaq uğrunda ölən varsa Vətəndir" adlı tədbir keçirilib

Binəqədi rayonundakı Mərkəzi Mədəniyyət Evində "Torpaq uğrunda ölən varsa Vətəndir" adlı tədbir keçirilib. Tədbir 2-4 aprel tarixlərində düşmənlə təmas xəttində gedən döyüşlərdə şəhid olmuş Binəqədi qəsəbə sakinləri Emin Bağırov və Fəxrəddin Qurbanlının əziz xatirəsinə həsr olunub. Şəhid ailələrinin valideynləri və yaxın qohumlarının iştirakı ilə keçirilən tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və hər iki şəhid haqqında hazırlanan video görüntülər nümayiş olunub.

Tədbirdə çıxış edən Binəqədi Mərkəzi Mədəniyyət Evinin direktoru Zivər Abbasova Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu sahəsində gördüyü işlərə nəzər salaraq, Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edildiyini, ordumuzun möhkəm nizam-intizama, yüksək döyüş ruhuna malik olduğunu qeyd edib: "Bu gün dövlətimiz düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordunun yaradılmasına nail olub. Son günlərin hadisələri də bunun bariz nümunəsidir. Aprelin 2-4 tarixlərində Ermənistan tərəfinin təxribat törədərək atəşkəsi növbəti dəfə pozması, təmas xəttinə yaxın yaşayış məntəqələrində dinc əhalini iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutması ordumuz tərəfindən sarsıdıcı zərbələrlə qarşılandı. Müstəqil Azərbaycanın yenilməz ordusu öz qanı və qəhrəmanlığı ilə erməni ordusu üzərində parlaq zəfər çalaraq, böyük bir qəhramanlıq dastanı yazdı. Düşmənin illərlə bundan əvvəl işğal etdiyi torpaqlarımızda qurduğu mühəndis-istehkam qurğuları qəhrəman əsgərlərimizin şücaəti nəticəsində, bir həmlə ilə darmadağın edildi, ordumuzun gücünü hiss edən düşmən əsgər və zabitləri vahimə içərisində silah-sursatlarını atıb döyüş meydanından qaçdılar.

Azərbaycan Ordusu vətəni, torpağı canından əziz tutur. Vətən torpağı uğrunda şəhid olan olmuş oğullarımızın xatirəsi hər bir Azərbaycan vətəndaşı üçün əzizdir".

Daha sonra tədbirdə Binəqədi rayon icra hakimiyyətinin məsul işçisi Rəvanə Əliyeva, şəhid Emin Bağırov və Fəxrəddin Qurbanlının ailə üzvləri çıxış ediblər.

Tədbirdə "Qarabağ şikəstəsi", aktyor Şirzad Pirallahının ifasında "İttiham" şeiri, vətənpərvərlik mövzusunda hazırlanmış kompozisiya təqdim olunub. Sonda "Koroğlu uvertürası"nın sədaları altında Azərbaycan bayraqları səhnəyə gətirilib.

ZÜMRÜD

Digər xəbərlər