Görkəmli oftalmoloq, respublikamızda tibb elminin inkişafına mühüm töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93 illiyi Nəsimi rayonunda geniş şəkildə qeyd olunur. Əlamətdar ildönümü ilə bağlı idarə və təşkilatlarda görkəmli alimin xatirəsinə həsr olunmuş bir sıra tədbirlər təşkil olunur. Tədbirlər çərçivəsində rayonun orta məktəblərində, görkəmli oftalmoloq, tibb elmləri doktoru Zərifə xanım Əliyevaya həsr olunmuş "Azərbaycan qadını" və "Ana - müqəddəslik zirvəsidir" mövzularında inşa yazı, divar qəzetləri, bədii qiraət müsabiqələri, şagirdlərin rəsm əsərləri sərgiləri, məktəblərin foyelərində Azərbaycan tibb elminin görkəmli şəxsiyyəti olan, akademik Zərifə xanım Əliyevaya həsr olunmuş guşələr yaradılıbdır.
Azərbaycan Milli Elmlər Akademiyasının Elmi Kitabxanasında Nəsimi rayon icra hakimiyyəti və Azərbaycan Milli Elmlər Akademiyası Alimlər Evinin təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 93-cü ildönümünə həsr olunmuş "İnsanlara nur bəxş edən alim" mövzusunda növbəti tədbir keçirilibdir. Tədbirdə Milli Məclisin deputatları, AMEA-nın və ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə açaraq, oftalmoloq-alim Zərifə Əliyevanın tibb elminin inkişafına mühüm töhfələr verərək, oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları, elmi-pedaqoji və ictimai fəaliyyəti ilə həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərdiyini qeyd edib.
Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə məlumat verib. A.Əsgərov akademik Zərifə xanım Əliyevanın respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək, oftalmologiyanın aktual problemlərinə dair tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında böyük şöhrət qazandığını vurğulayıb: "Məhz akademik Zərifə xanım Əliyevanın elmi-pedaqoji və ictimai fəaliyyəti bu gün həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir. Zərifə xanım Əliyevanın elmi fəaliyyətinin əsas istiqamətlərindən olan peşə oftalmologiyası təşkil edir. Görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə görə akademik Zərifə Əliyeva keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafat olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. Keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın-alim kimi onun adı oftalmologiya elminin tarixinə düşüb".
A.Əsgərov onu da vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı olan Zərifə xanım görkəmli alim olmaqla yanaşı, həm də fəal ictimai xadim, qayğıkeş ana olub: "Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır".
AMEA-nın biologiya və tibb elmləri bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinin müxtəlif məqamlarından söz açıb, Onun Azərbaycan səhiyyəsinə verdiyi töhfələrin əhəmiyyətini yüksək dəyərləndirmişdi. Zərifə xanım Əliyeva təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməyib, yüksək ixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirib.
Tədbirin sonunda Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin IV kurs tələbələri Əli Əliyevin və Eldəniz Ələkbərzadənin ifasında Zərifə Əliyevaya həsr etdiyi musiqilər səsləndirilib.
R.HÜSEYNOVA