PDF Oxu

Sosial

  • 95

Azərbaycan dünyada mühüm məsələlərin müzakirə olunduğu siyasi-iqtisadi və humanitar mərkəz kimi tanınır

Azərbaycan dünyada mühüm məsələlərin müzakirə olunduğu siyasi-iqtisadi və humanitar mərkəz kimi tanınır

Azərbaycanda keçiriləcək BMT Sivilizasiyalar Alyansının Vll Qlobal Forumu xüsusi əhəmiyyət kəsb edir

Azərbaycan bütün dünyanın diqqət mərkəzində olan, qlobal səviyyəli tədbirlərə ev sahibliyi edən, dünyada sülhün, təhlükəsizliyin qorunmasında xüsusi rol oynayan dövlətdir. Azərbaycan müstəqillik qazandığı gündən bu günə qədər çox mühüm nailiyyətlərə imza atmış, xeyli sayda beynəlxalq və regional layihələrin əsas təşəbbüskarı və icraçısı olmuş, öz müstəqil siyasəti ilə dünya siyasətində və beynəlxalq münasibətlər sistemində layiqli yer tutub. Təsadüfi deyil ki, ölkəmiz mühüm məsələlərin müzakirə olunduğu siyasi-iqtisadi və humanitar mərkəz kimi tanınır. I Avropa Oyunları, Formula I yarışları, şahmat üzrə dünya çempionatı, IV İslam Həmrəyliyi Oyunları, Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, Dini Liderlərin Zirvə toplantısı, Qlobal Bakı Forumu və digər tədbirlər, məhz Azərbaycanda keçirilir. Keçirilən tədbirlər ölkəmizin beynəlxalq arenadakı mövqeyini daha da gücləndirir və ölkəmiz qarşısında yeni perspektivlər açır. Heç şübhəsiz ki, ölkəmizdə keçirilən hər bir qlobal tədbir bizim dünya siyasətindəki yerimizi möhkəmləndirir, tədbir iştirakçıları olan nüfuzlu dövlət və hökumət başçıları, ictimai-siyasi xadimlər və dünyaca məşhur ekspertlər Azərbaycanın inkişafını təqdir edirlər.

Həmçinin, bu il aprelin 26-da Bakıda "İnkluziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd" şüarı altında BMT Sivilizasiyalar Alyansının Vll Qlobal Forumu keçiriləcək. 2014-cü il sentyabrın 26-da Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı Dostlar Qrupunun Nazirlər Toplantısında Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun 2016-cı ildə Bakıda keçirilməsi barədə qərar qəbul edilib. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 2015-ci il iyulun 24-də forumun ölkəmizdə keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması barədə Sərəncam imzalayıb. 2015-ci il oktyabrın 1-də BMT Baş Assambleyası çərçivəsində keçirilmiş BMT Sivilizasiyalar Alyansının Nazirlər Şurasının iclasında BMT-nin Baş Katibi Ban Ki Moon və digər yüksək səviyyəli rəsmilərin iştirakı ilə forumun və ölkəmizin təqdimatı keçirilib. 2015-ci ilin oktyabrın 24-də isə London şəhərində BMT Sivilizasiyalar Alyansı üzrə ali nümayəndə Nassir Əbdüləziz əl-Nasser ilə görüş keçirilib və görüş çərçivəsində "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı arasında VII Qlobal Forumun 2016-cı il 25-27 aprel tarixində Bakı şəhərində keçirilməsinə dair Saziş" imzalanıb. Saziş Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilib.

Vll Qlobal Forumda dövlət və hökumət başçıları, yüksək səviyyəli dövlət və ictimai xadimlər, nazirlər, nüfuzlu beynəlxalq qurumların, dünyada tanınmış beyin mərkəzlərinin rəhbərləri, diplomatlar, elm adamları və digər şəxslər də daxil olmaqla 3000 nəfərdən çox adamın iştirakı nəzərdə tutulub. VII Qlobal Forum çərçivəsində Bakı Konqres Mərkəzi və Heydər Əliyev Sarayına 40-dan çox tədbirin- açılış mərasimi və plenar iclasın, panel toplantılarının, sessiyaların, yüksək səviyyəli iclasların, BMT SA Gənclər tədbirinin, biznes simpoziumun, və s. keçirilməsi planlaşdırılıb. Forumda ekstermizmə və terrora qarşı mübarizə, qlobal miqrasiya, qlobal vətəndaşılıq, nifrət nitqinin yayılmaması, təhsil, din, idman, gənclərin rolu, Bakı prosesi, inkluziv cəmiyyətlərin qurulması, multikulturalizm və digər məsələlər müzakirə ediləcək. VII Qlobal Forumun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev çıxış edəcək.

VII Qlobal Forum çərçivəsində müxtəlif tədbirlər, "Münaqişə zonalarında sülhün bərqərar edilməsi prosesində qadınların rolu", "Davamlı və inklüziv inkişaf naminə idman", "Qlobal miqrasiya prosesində şəhərlərin rolu", "Sülhün bərqərar edilməsi və terrorun aradan qaldırılması", "Sülhsevər və inklüziv cəmiyyətlərin formalaşdırılmasında gənclərin iştirakı", "Nəsillər və sahələr arasında tərəfdaşlıq əlaqələrinin həlledici rolu", "Multikultural cəmiyyətin formalaşdırılmasında Azərbaycanın rolu", "Birgə yaşayışın öyrənilməsi: təhlükə və münaqişə problemi", "Biznes simpozium", "Dini rəhbərlər və zorakı ekstremizm", "Qabaqlayıcı tədbirlərlə bağlı çətinliklər", "Vətəndaş cəmiyyəti və biznes: sülh, təhlükəsizlik və davamlı inkişaf naminə birgə fəaliyyət" və s. mövzularda panellər keçiriləcək.

Samir

Digər xəbərlər