PDF Oxu

Sosial

  • 116

Azərbaycanın inkişaf və tərəqqisi üçün çalışmış unudulmaz akademik

Azərbaycanın inkişaf və tərəqqisi üçün çalışmış unudulmaz akademik

YAP Xaçmaz rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatında qadınlar şurası və gənclər birliyinin təşkilatçılığı ilə akademik Zərifə xanım Əliyevanın doğum günü ilə bağlı elmi-praktik konfrans keçirilib. Tədbirdə YAP Xaçmaz rayon təşkilatının fəalları, eləcə də rayonda fəaliyyət göstərən dövlət strukturlarının nümayəndələri iştirak ediblər. Elmi-praktik konfrans başlamazdan öncə, tədbir iştirakçıları Xaçmaz rayon 8 saylı akademik Zərifə Əliyeva adına Məktəb Liseyin qarşısındakı abidəsinin önünə tər qərənfillər düzüblər. Tədbir öz işini həmin məktəbdə fəaliyyət göstərən akademik Zərifə xanım Əliyeva adına muzeydə davam etdirilib.

Elmi-praktik konfransı giriş sözü ilə açan YAP Xaçmaz rayon təşkilatının qadınlar şurasının sədri Sevinc Sədullayeva qeyd edib ki, Zərifə xanım Əliyevanın həyatı və fəaliyyəti bilavasitə Azərbaycanın inkişafına və tərəqqisinə yönəlmişdi: "Onun tibb sahəsində, eləcə də ictimai yaşamda göstərdiyi böyük rolu bir daha sübut edir ki, Zərifə xanımın bu işdə dəstəkverici qüvvəsi, məhz Ulu Öndər Heydər Əliyev olmuşdur. Zərifə Əliyevanın Azərbaycan tibb elmində xidmətləri danılmazdır. Ümumiyyətlə, Onun istər ictimai xadim kimi, istərsə də bir alim kimi fəaliyyəti hər zaman xalqımız tərəfindən yüksək qiymətləndirilib. O, eyni zamanda Ulu Öndərin ömür-gün yoldaşı, sirdaşı kimi xalqımıza bir örnək olmuşdur. Bu gün bizlərin hər biri bu zəhmətlərin bəhrələrini görməkdəyik".

Tədbirdə çıxış edən YAP Xaçmaz rayon təşkilatı gənclər birliyinin sədr müavini Esmira Babayeva, rayon Gənclər və İdman İdarəsinin məsul işçisi Elman Məmmədov, gənclər birliyinin üzvü Gülçəmən Həbibova və başqaları da akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə fikirlərini bildirərək, qeyd ediblər ki, bu gün istər Zərifə xanımın, istərsə də Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı üçün gördükləri işlər uğurla davam etdirilir.

Tədbirdə o da qeyd olunub ki, bu iki böyük Şəxsiyyət Azərbaycan xalqının müstəqilliyini inkişaf etdirib daha da möhkəmləndirən, dünya siyasətində xüsusi çəkisi və nüfuzu olan Azərbaycan xalqının sevimli oğlu, möhtərəm Prezidentimiz İlham Heydər oğlu Əliyevi Azərbaycan xalqına bəxş ediblər: "By gün xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Zərifə xanım Əliyevanın Azərbaycan xalqı üçün reallaşdırmağa çalışdıqları arzu və istəklərini, ümumiyyətlə, Onların xalqımız üçün arzuladıqları inkişaf və tərəqqini ölkə Prezidenti İlham Əliyev uğurla gerçəkləşdirməkdədir. Ölkəmizdə aparılan nəhəng quruculuq-abadlıq işləri, bütün sahələrdə əldə olunan yeniliklər bilavasitə Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin məntiqi nəticəsidir".

Tədbirdən sonra, konfrans iştirakçıları Zərifə xanım Əliyevanın adını daşıyan, Onun həyat və fəaliyyətini əks etdirən muzeyə baxış keçiriblər.

Rəfiqə KAMALQIZI

Digər xəbərlər