Bu mövzuda treninq keçirilir
İnternetin geniş miqyasda yayılması və ondan müntəzəm istifadə edənlərin cəmiyyətdə yüksək sayda olması, kitabxanalarda kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması hazırda informasiya xidməti üçün geniş və mütərəqqi imkanlar yaratmışdır.
Kitabxanaçıların bilik və bacarıqlarını təkmilləşdirmək məqsədilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının təşkilatçılığı və YENESKO-nun "İnformasiya hamı üçün" Proqramının Azərbaycan Komitəsinin dəstəyi ilə 25-29 aprel 2016-cı il tarixdə Gənclər Kitabxanasında "Kitabxanalar innovasiya və müasir texnologiyaların tətbiqi şəraitində" mövzusunda treninq keçirilir.
Treninqdə çıxış edən C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Tahir Sadıqov treninqin təşkil olunmasında əsas məqsədin şəhər (rayon) kitabxanalarında çalışan mütəxəssislər üçün kompüterlə bağlı tələb olunan proqramların öyrədilməsi və fəaliyyətlərinin optimallaşdırılması istiqamətində təcrübə mübadiləsinin aparılması olduğunu bildirib.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kitab Dövriyyəsi və Nəşriyyatlarla İş Şöbəsinin müdiri vəzifəsini icra edən Aslan Cəfərov treninqdə çıxış edərək qeyd edib ki, bu gün kitabxanalarda müasir informasiya texnologiyalarının tətbiq olunması oxucular üçün operativ informasiya tələbatını təmin etməkdədir. O, eyni zamanda qeyd edib ki, bütün bu yeniliklərlə yanaşı, ənənəvi mütaliəyə də diqqət yetirmək və kitabla həmrəy olmaq lazımdır.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kitab Dövriyyəsi Sektorunun müdiri Lətifə Məmmədova çıxışında bildirib ki, müasir dövrün kitabxanaları rəqəmsal informasiya massivləri ilə işləyən istifadəçilər üçün intellektual asudə vaxt mərkəzlərinə çevrilmişdir. Eyni zamanda, oxuculara göstərilən xidmətlərin çeşidi mütəmadi genişlənməkdədir. O, treninqin iştirakçılarına tövsiyə etdi ki, burada qazandıqları bilik və təcrübəni çalışdıqları yerlərdə digər əməkdaşlara da aşılasınlar.
Treninqdə Ağcabədi, Abşeron, Qəbələ, Qubadlı, Beyləqan, Balakən, Masallı, Neftçala, Şəmkir, Şamaxı, Salyan, Sabirabad, Hacıqabul, Laçın, Cəlilabad, Tovuz, Xocavənd, Füzuli, Xızı, Yardımlı, Kəlbəcər rayon və Lənkəran, Şirvan, Yevlax, Mingəçevir şəhər kitabxanalarının, habelə Bakı Dövlət Universitetinin, Azərbaycan Texniki Universitetin, Respublika Elmi-Tibb Kitabxanasının, AMEA-nın Əlyazmalar İnstitutunun əməkdaşları iştirak ediblər.
Treninqin sonunda iştirakçılar sertifikatla təltif ediləcəklər.
ZÜMRÜD