Leyla Əliyeva: "Bu tədbirlər çox mühümdür, bizim bir-birimizlə görüşüb, ideyaları paylaşmağımız, söhbət etməyimiz vacibdir"
Paytaxt Bakı növbəti dəfə beynəlxalq səviyyəli tədbirə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi edir. Bu beynəlxalq forumun Bakıda reallaşması dünya birliyinin Azərbaycana etimadının və ölkəmizdəki multikultural mühitə verdiyi dəyərin daha bir göstəricisidir. Bu günə qədər Azərbaycanda din, mədəniyyət və sivilizasiyaların dialoqunun inkişaf etdirilməsinə yönəlmiş mühüm layihələr, qlobal təşəbbüslər, beynəlxalq tədbirlər keçirilib. Azərbaycan multikultural ənənələrə sadiqliyinin nümayiş etdirərək, son illər bir-birinin ardınca belə məzmunlu və əhəmiyyətli tədbirlərin keçirlməsinə nail olur. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə keçirilən beynəlxalq tədbirlər mədəniyyətlər arasında dialoqun qurulmasına, sülh və əmin-amanlığın yaranmasına töhfəsini vermiş olur. Dünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Humanitar Forumu, Bakı Qlobal Forumu artıq ənənə halını alıb. Bu gün isə ölkəmiz həmin təcrübəni zənginləşdirək Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun ölkəmizin beynəlxalq nüfuzunun təsdiqi baxımdan əhəmiyyətini vurğulayaraq, sözügedən tədbirin ölkəmizdə keçirilməsinin Azərbaycanda bu istiqamətdə həyata keçirilən işlərin BMT tərəfindən yüksək qiymətləndirilməsinə dəlalət etdiyini bildirib: "Bildiyiniz kimi, Bakı şəhəri ənənəvi olaraq humanitar forumlara ev sahibliyi edir və biz artıq bir neçə dəfə mədəniyyətlərarası dialoq mövzusunda təşkil olunan ümumdünya forumlarına ev sahibliyi etmişik. Sivilizasiyalar Alyansının Qlobal Forumunun paytaxt Bakı şəhərində keçirilməsi isə bizim üçün böyük şərəfdir və bizə yüksək dəyər verildiyini bir daha təsdiq edir".
Forumda çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri qismində bəzi fikirlərini bölüşərkən dünyamızın mənzərəsini diqqətə çəkərək, sivil dünyada baş verən hadisələrə münasibətini bildirmiş və dinindən, irqindən asılı olmayaraq hər kəsi birgə anlaşmaya dəvət edib: "Bu gün aclıq və aclıqla əlaqədar səbəblərdən hər dörd saniyədə bir nəfər dünyasını dəyişir. Daha kədərlisi odur ki, çox tez-tez uşaqlar dünyasını dəyişir. Bütün dünyada yoxsulluğa son qoyulması 2030-cu il gündəliyinin prioritetlərinə daxildir. Aclığı sıfıra endirmək təşəbbüsü ilə çıxış edən FAO bu işdə vacib rol oynayır. Buna baxmayaraq, heç bir uşağın aclıq və ya yetərincə qidalanmamadan ölmədiyi bir dünyanı təmin etmək üçün biz hamımız birlikdə işləməliyik və çox çalışmalıyıq. Ərzaq bizim mədəni kimliyimizin və köklərimizin ayrılmaz hissəsidir. O, sivilizasiyalar arasında anlaşma və hörmətin təbliğinə yol açır. Ərzaq mədəniyyətlərarası anlaşma və tolerantlığın yaradılmasında güclü alət kimi çıxış edə bilər".
Leyla xanım Əliyeva "Bizim şüarımız "Bir söz, bir gələcək"dir deyərək planetin mühafizəsində gənclərin daha mütəşəkkil qaydada, könüllü olaraq kütləvi şəkildə təbiətə sevgi və məhəbbətlərini göstərmək üçün səylə çalışdıqlarını bildirib. Belə tədbirlərin keçirilməsinin əhəmiyyətinə nəzər salan Leyla xanım "Bu tədbirlər çox mühümdür, bizim bir-birimizlə görüşüb, ideyaları paylaşmağımız, söhbət etməyimiz vacibdir"- deyib. Cəmiyyətdəki təcridolunmanın, sosial narazılıqların insanlarda çaşqınlıq hissini gücləndirdiynin qeyd edərək, bu cür halların radikal düşüncə tərzlərini qidalandıraraq insanları, xüsusilə də gəncləri zorakı ekstremizmə sövq etdiyini diqqətə çəkib. Bu gün inklüziv cəmiyyətin formalaşdırılması bəşəriyyət qarşısında duran ən önəmli çağırışlardandır və BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçirilməsi də təsadüfi deyil. Müasir dünyada etnik və dini zəminli qarşıdurmalarla müşayiət olunan neqativ hallar baş qaldırdığı zamanda dialoq, qarşılıqlı ünsiyyət vacib məsələrdən biridir. Belə beynəlxalq səviyyəli tədbirlər münaqişələrin səbəblərini təhlil etməyə, yaranmış mürəkkəb vəziyyətdən birgə çıxış yolları tapmağa kömək edə bilər. Qlobal Forumun mövzusu da "İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd"ə yönəlib.
NƏZAKƏT