Pirallahı rayonunda faciə qurbanlarının xatirəsi anılmışdır
Pirallahı rayonundakı 168 №-li tam orta məktəbin akt zalında Pirallahı rayon icra hakimiyyəti tərəfindən təşkil edilmiş və 1986-cı il aprelin 26-da Çernobıl AES-də baş vermiş qəzanın 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir Çernobıl qəzası qurbanlarının, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək şəhid olan hərbçilərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Görüşdə çıxış edən Pirallahı rayon icra hakimiyyəti başçısının müavini Vəzir Səfixanov bildirib ki, Azərbaycanda Çernobil əlillərinə və onların ailə üzvlərinə dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilir. Çernobıl qəzasının nəticələrini aradan qaldırmaq üçün çalışan və bu zaman sağlamlığını itirən hər bir soydaşımızın həyatının bizim üçün dəyərli olduğunu vurğulayan V.Səfixanov qeyd edib ki, onların gündəlik qayğılarının və problemlərinin həlli istiqamətində Pirallahı rayon icra hakimiyyəti tərəfindən mütəmadi olaraq addımlar atılır.
Pirallahı rayon icra hakimiyyəti aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vüsal Babayev çıxış edərək bildirilmişdir ki, Azərbaycanda Çernobıl əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların sağlamlığının qorunması istiqamətində dövlət tərəfindən zəruri tədbirlər həyata keçirilir. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü sayəsində Milli Məclis tərəfindən "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi" haqqında Azərbaycan Respublikasının qanunu qəbul edilib və Çernobıl əlillərinin hərtərəfli dövlət qayğısı ilə təmin olunması işlərinə başlanaraq, onlara bir sıra güzəşt və imtiyazlar verilib. Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş qaydalara uyğun olaraq, digər əlillərlə yanaşı, Çernobıl əlilləri də sanator-kurort yollayışları ilə təmin olunurlar. Çernobıl əlillərinin tibbi reabilitasiyası sahəsində də məqsədyönlü işlər görülür.
Çernobıl qəzasının canlı şahidi olmuş Famil Səfiyev çıxış edərək, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Pirallahı rayon icra hakimiyyətinin rəhbərliyinə minnətdarlığını ifadə etdi.
Tədbirin yekununda Çernobıl əlillərinə və onların ailə üzvlərinə icra hakimiyyəti tərəfindən maddi yardımlar göstərilmişdir.
Samir