PDF Oxu

Sosial

  • 106

Ədəbiyyat İnstitutunda görkəmli qazax yazıçısı Oljas Süleymenova Fəxri doktor diplomu təqdim olunub

Ədəbiyyat İnstitutunda görkəmli qazax yazıçısı Oljas Süleymenova Fəxri doktor diplomu təqdim olunub

Azərbaycan Milli Elmlər Akademiyasinin (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun elektron akt zalında görkəmli Qazax yazıçısı və ictimai xadim Oljas Süleymenovla elmi ictimaiyyətin görüşü olub.

Tədbir iştirakçıları əvvəlcə AMEA-nın əsas binasının foyesində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin büstünü ziyarət ediblər. Azərbaycan və Qazaxıstan elmi ictimaiyyətinin nümayəndələri akademiyanın elmi-tədqiqat institutlarının nailiyyətlərini əks etdirən elm sərgisi ilə tanış olublar.

Tədbiri AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik, millət vəkili İsa Həbibbəyli açaraq, görkəmli qazax yazıçısı Oljas Süleymenovun 80 illik yubileyinin qazax xalqının nümayəndələri ilə birlikdə təntənəli surətdə qeyd edilməsini əlamətdar hadisə kimi səciyyələndirib, ədibin elmi və ədəbi yaradıcılığından ətraflı bəhs edib. Görkəmli yazıçının əsərlərinin Azərbaycanda da sevilə-sevilə oxunduğunu diqqətə çatdıran akademik İsa Həbibbəyli Oljas Süleymenovun əsərlərinin Azərbaycan dilində dəfələrlə böyük tirajla çap olunduğunu qeyd edib: "Yazıçının "Az-ya" kitabı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" Sərəncamına əsasən, 2007-ci ildə 25 min tirajla çap edilərək geniş ictimaiyyətə və oxuculara çatdırılıb. Vaxtilə Ulu Öndər Heydər Əliyevin yüksək dəyərləndirdiyi görkəmli yazıçının xidmətləri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də həmişə qiymətləndirilib". İ.Həbibbəyli ədibin beynəlxalq miqyasda, dünya miqyasında qəbul olunmuş ictimai xadim və qədim tarixi ənənələrə malik olan türk dünyasının müasir epoxadakı görkəmli nümayəndəsi olduğunu bildirib. Akademik onu da vurğulayıb ki, Oljas Süleymenovun Qazax ədəbiyyatının və ictimai fikrinin qiymətli nümunələri olan əsərləri dünya ədəbiyyatını və türk xalqlarının ədəbiyyatını zənginləşdirir.

Tədbirdə qeyd olunub ki, Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının 22 aprel 2016-ci il tarixli qərarı ilə görkəmli qazax yazıçısı və ictimai xadim Oljas Omaroviç Süleymaneva Azərbaycanda müstəqillik ideallarının möhkəmləndirilməsində, ədəbiyyatın və ictimai fikrin inkişafında görkəmli xidmətlərinə görə "Fəxri doktor" elmi dərəcəsi verilib.

Sonra İ.Həbibbəyli "Fəxri doktor" diplomu və xüsusi hazırlanmış mantiyanı Oljas Süleymenova təqdim edib.

Görüşdə Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayev, Ədəbiyyat İnstitutunun elmi işçisi, filologiya elmləri doktoru Aida Feyzullayeva, Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universitetinin rektoru, akademik Qalımqair Mutanov, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Atatürk Mərkəzinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, filologiya elmləri doktoru Şirindil Alışanlı, filologiya elmləri doktoru Nizami Tağısoy çıxış edərək, Oljas Süleymenovun zəngin yaradıcılığının müxtəlif istiqamətləri barədə ətraflı danışıblar.

Sonda görkəmli qazax mütəfəkkiri Oljas Süleymenov çıxış edərək, səmimi qarşılandığına, ona göstərilən diqqət və qayğıya, "Fəxri doktor" elmi dərəcəsinə görə Milli Elmlər Akademiyasının rəhbərliyinə dərin minnətdarlığını bildirib.

Tədbirdə qarşılıqlı olaraq xatirə hədiyyələri və kitablar təqdim edilib.

Sonda Qazax şairi Oljas Süleymenovun həyat yolunu əks etdirən video və fotoslaydlar nümayiş etdirilib.

R.HÜSEYNOVA

Digər xəbərlər