Dünən Qaradağ rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 93-cü ildönümünə həsr olunmuş dəyirmi masa keçirildi. İlk öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə güllər düzərək, dahi şəxsiyyətə hörmət və ehtiramlarının bildirdilər.
Tədbiri giriş sözü ilə açan Qaradağ rayon icra hakimiyyəti başçısının müavini Təranə İsmayılova akademik Zərifə xanım Əliyevanın, bütövlükdə öz parlaq fəaliyyəti ilə tarixin salnaməsinə əbədi həkk olunmuş şərəfli və mənalı bir ömür yaşadığını, Onun elmin çətin yollarında inamla irəliləyərək, tibb elminin ən uca pillələrinə yüksəldiyini, çox məsuliyyətli, eyni zamanda ibrətamiz, nümunəvi bir həyat yolu keçdiyini vurğuladı.
Daha sonra çıxış edən millət vəkili, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov oftalmoloq-alimin zəngin ömür yolundan, pedaqoji fəaliyyətindən, tibb elminə verdiyi töhfələrdən danışdı: "Azərbaycan tibb elminin, xüsusilə onun az inkişaf etmiş oftalmologiya sahəsinin inkişafında müstəsna xidmətləri olan Zərifə xanım Əliyeva Ümummilli Lider Heydər Əliyevin yaxın silahdaşı olmuşdur. Zərifə xanım Əliyeva Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Vaxtilə Əziz Əliyevin ailəsində görüb-götürdükləri yaxşı bir təcrübə kimi ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatıb. O, Dahi Öndər Heydər Əliyevə mənəvi dayaq və arxa olmuşdur".
Tədbirin sonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın həyatından bəhs edən film nümayiş edildi.
RƏFİQƏ