PDF Oxu

Sosial

  • 53

Azərbaycan tolerantlıq nümunəsidir

Azərbaycan tolerantlıq nümunəsidir

İlham Əliyev: "Biz kilsəni bərpa etdik, onlar məscidləri dağıtdı"

Azərbaycan tolerant ölkədir. Bu sözün əsl mənasında və hər baxımdan belədir. Amma bizim dözümlülüyümüzün də bir həddi və bir hüdudu var.

Dəfələrlə həm ölkə Prezidenti İlham Əliyev və həm də ayrı-ayrı dövlət adamlarımız çıxışlarında da bəyan ediblər ki, Azərbaycandakı dini, milli dözümlülük, tolerantlıq birbaşa olaraq Azərbaycanın milli-dövlətçilik maraqlarına xidmət edir. Yəni bu da o deməkdir ki, kimlərəsə yaradılan əlahiddə azadlıq Azərbaycanın dövlət maraqlarının hüdudlarını aşa bilməz. Elə qanunlarımız da bunu deyir, bunu müdafiə edir.

Təəssüflə qeyd edək ki, xalqımızın tolerantlıq keyfiyyətindən sui-istifadə edən, dövlət səviyyəsində etnik təmizləmə və işğalçılıq siyasəti aparan Ermənistanın Azərbaycana qarşı təcavüzü davam edir. Bu təcavüzün qurbanları arasında tarixi-dini abidələrimiz, fərqli dini konfessiyaların və müxtəlif xalqların mənsubları da vardır. Azərbaycandakı dini konfessiyaların nümayəndələri Ermənistanın təcavüzkarlıq və etnik təmizləmə siyasətindən əl çəkməsi, qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum olmuş bir milyondan artıq Azərbaycan vətəndaşının öz yurd-yuvasına qayıtması tələbi ilə dəfələrlə beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə müraciət edib. Lakin işğalçı Ermənistan hələ də məkrli planlarından əl çəkmək istəmir. Bununla belə, dini konfessiyaların başçıları Azərbaycan xalqının sülh istəyini və dövlət başçısının apardığı sülhpərvər siyasəti təqdir edərək dəstəkləyir və onun uğurlu və müdrik siyasəti nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarının azad ediləcəyinə əmindir.

Azərbaycan - dini tolerantlığın və multikulturalizmin inkişaf məkanı

Ölkə Prezidenti İlham Əliyev bütün görüşlərində olduğu kimi, Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun açılışı zamanı etdiyi çıxışında da bir daha Azərbaycanda dini tolerantlığın və multikulturalizmin hər zaman inkişaf etdiyini bildirib: "Azərbaycan əsrlər boyu mədəniyyətlərin kəsişməsində yerləşir. Əsrlər boyu mədəniyyət və dillər Azərbaycanda lazımi səviyyədə inkişaf edib. Dini tolerantlıq, multikulturalizm hər zaman inkişaf edib. Öz tariximizlə fərəhlənirik. Ən qədim məscidlərdən biri Şamaxıda yerləşir. Qədim Alban kilsələri də, məhz Azərbaycandadır. Əsrlər boyu bu zənginlikləri siyasi və sosial problemlərə baxmayaraq, qoruyub saxlamışıq".

Ölkə Prezidenti xalqımızın tolerantlıq keyfiyyətindən sui-istifadə edən, dövlət səviyyəsində etnik təmizləmə və işğalçılıq siyasəti aparan Ermənistanın hələ də Azərbaycana qarşı təcavüzünün davam etdiyini bildirib: "Əfsuslar olsun ki, bəzi tendensiyaları bizim regionda - Yaxın Şərqdə görürük. Onun üçün toplaşmışıq ki, sülh və qarşılıqlı həmrəyliyə töhfə verək. Azərbaycan nadir ölkələrdəndir ki, Avropa Şurası ölkələri və islam əməkdaşlıq ölkələri nümayəndələrini Bakıya toplayıb. Ötən il Avropa Oyunları oldu, gələn il isə İslam Oyunları keçiriləcək. Bu forumun keçirilməsi multikulturalizmə dəstək verir. Bütün dünya da buna dəstək verir. Multikulturalizm dövlət siyasətimiz və həyat tərzimizdir. Azərbaycanda bütün azadlıqlar təmin edilir. Mətbuat azadlığı, sərbəst toplaşmaq, dini, söz azadlığı təmin edilir. Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqları işğal edildi. Bunun nəticəsində 1 milyondan çox qaçqınımız var. Baxın görün, biz Bakıda erməni kilsəsini bərpa etmişik. Lakin bizim işğal olunan ərazilərdə məscidlərimiz dağıdılıb".

Azərbaycanda separatizmin daha bir nümunəsi

İftixarla qeyd etməliyik ki, tarixin bütün mərhələlərində ölkəmizdə milli, irqi və dini zəmində heç bir diskriminasiya hadisəsi olmayıb.

25 illik müstəqilliyimiz dövründə isə bu ali dəyər qanunla qorunur və dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib.

Dini və milli tolerantlıq termininin geniş məna tutumuna lakonik izah verən Ulu Öndər Heydər Əliyev deyib: "Tolerantlıq həm insani münasibət və cəmiyyətdə gedən proseslərin, həm də dövlətlərarası, millətlərarası, dinlərarası münasibətlərin bir çox cəhətlərinə aiddir... O, təkcə dinlərin bir-birinə dözümlülüyü deyil, həm də bir-birinin adətlərinə, mənəviyyatına, mədəniyyətlərinə dözümlülük deməkdir".

Göründüyü kimi, tolerantlıq düşüncə tərzi, cəmiyyətin tarixi inkişafının nəticəsi, müxtəlif mədəniyyətlərin birgəyaşayışıdır. Tolerantlıq ayrıca bir dövlətin deyil, artıq bütün dünyanın qlobal, sosial-mədəni problemi statusunu kəsb edib. Artıq çağdaş Azərbaycan multikulturalizm məkanı kimi mədəniyyətlərin, dinlərin müxtəlifliyini yaşadan və inkişaf etdirən unikal ölkəyə çevrilib.

Qloballaşma şəraitində həyata keçirilən irimiqyaslı enerji, nəqliyyat və informasiya dəhlizlərinin yaradılması, xarici investorların Azərbaycana uzunmüddətli sərmayə qoyması da ölkədəki daxili sabitlik və onu reallaşdıran milli və dini tolerantlıq siyasəti sayəsində mümkün olub.

Bir sözlə, əminliklə qeyd etməliyik ki, müasir Azərbaycanda tolerantlıq və multikulturalizm Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının dəyərlər sisteminin tərkib hissəsidir.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər