PDF Oxu

Sosial

  • 49

Gəlin-qayınana probleminin həlli yolları (ARAŞDIRMA)

Gəlin-qayınana probleminin həlli yolları (ARAŞDIRMA)

Azərbaycan ailələrinin əsas problemlərindən biri gəlin-qayınana problemidir desək, yanılmarıq. Çox təəssüf ki, bu problem bəzən kiçik gərginliklərlə müşahidə olunmur, bir sıra hallarda boşanmalarla səbəb olur, hətta tərəflərdən birinin ölümü ilə nəticələnir. Hətta qayınananın gəlinini döyməsi, öldürməsi, gəlinin isə öz qayınanasını qətlə yetirməsi kimi kriminal xəbərlər də eşidirik. Xüsusilə, gəlin və qayınana eyni evdə yaşayırlarsa, problem daha qabarıq şəkildə özünü göstərir. Bütün hallarda özlərinin heç bir səhvi yoxmuş kimi, gəlinlər qayınanalardan, qayınanalar da gəlinlərdən şikayətçidirlər. Bəs bu daimi mübahisələrin səbəbi nədir? Problemin qarşısını almaq mümkündürmü? Suallara cavab tapmağa çalışdıq.

"Yeni ailələr üçün xüsusi məktəblər olmalıdır"

Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Aqiyə Naxçıvanlı bildirib ki, gəlin-qayınana münasibətlərinin əsasında tərbiyə məsələsi dayanır: "İstənilən qız anasına göstərdiyi münasibəti gələcəkdə qayınanasına da göstərməlidir. Əgər qız həyat yoldaşını sevib, hörmət edirsə, onu dünyaya gətirən ananı da sevməli, hörmət etməlidir. Necə ola bilər qız ana evində öz valideynlərinin iradını qəbul edir, anlayır, lakin qayınananın iradlarını qəbul etmir? İndiki dövrdə, çox təəssüf ki, bəzi qızlarımız "Facebook" sosial şəbəkəsində tanış olduqları insanla tez bir zamanda ilə qururlar. Belə qızların nəinki qayınanaları ilə, eləcə də seçdikləri insanlarla da problemi olur. Qız anaları övladlarını qadınlığa, analığa, gəlinliyə əvvəlcədən öyrətməlidirlər. Keçmişdə qız gəlin köçəndə onun yaxın qohumları, ağbirçəkləri yığışıb ona tövsiyələr verirdilər. Hər bir qız gələcək qayınanasını öz anası kimi qəbul etməyi bacarmalı, böyüklərə hörmət edib, onların qulluğunda dayanmalıdır. Bunu düzgün qəbul edən qızların ailə həyatında problemi olmur.

Gəlin-qayınana münasibətlərinə mənfi təsir edən amillərdən biri qayınananın oğlunu paylaşa bilməməsidir. Hesab edirəm ki, bunun da kökündə düzgün tərbiyə dayanır. Hər bir oğul anası özünü gələcəkdə gəlin gətirəcəyinə və onunla bir yerdə yaşayacağına hazırlamalıdır. Bəzən analar oğul övladlarını gələcəyin ailə başçısı, əsil kişi kimi böyüdə bilmirlər. Belə oğullar ömürləri boyu valideyn himayəsində yaşmağı öyrənir, ailə qurduqdan sonra müstəqil qərar qəbul edə bilmirlər. Elə qızlar da var ki, onlar öz evlərində həddindən artıq ərköyün olur və düşünürlər ki, köçdükləri ailədə hər kəs onların bu xüsusiyyətini qəbul etməlidir. Bu, düzgün deyil. Həm oğlan, həm qız düzgün tərbiyə edilməlidir. Onlar tam hazır olduqdan sonra ailə qurmalıdırlar. Əlbəttə, ayrı-ayrı mühitlərdə tərbiyə edilən iki nəfərin birdən-birə yeni həyata qədəm qoyması o qədər də asan deyil. Böyüklər gənclərin ailə həyatına uyğunlaşmasında köməkçi olmalıdırlar. Yeni qurulan ailələrdə müəyyən problemlər ola bilər. Lakin ailələr bu problemləri qabartmaq əvəzinə, daha sakit şəkildə həllinə çalışmalıdırlar. Xüsusilə də, böyüklər gənclərin ailələrinə müdaxilə etməməlidirlər. Ailəyə müdaxilə narazılıqlara səbəb olur. Ümumiyyətlə, ailədə düzgün tərbiyə, dözümlülük vəhdət şəklində olmalıdır.

Gənclər də, öz növbəsində ağbirçəklərin sözündən imtina etməməli, onları dinləməlidirlər. Bəzən gənclər ailə qurduqları zaman subaylıqda etdikləri vərdişlərdən imtina etmək istəmirlər. Lakin ailə quran şəxslər öz hərəkətlərinə korrektə etməli, çılğın həyatlarına son qoymağı bacarmalıdırlar.

Bir çox hallarda körpənin doğulması belə ailələrdə problemlərə səbəb olur. Gənclər yeni doğulan körpənin yaratdığı narahatlıq və yuxusuzluğa qarşı səbirli olmaq istəmirlər. Yeni ailə quran şəxslər ailənin gözəllikləri ilə yanaşı, onun çətinliklərinə də hazır olmalı, səbir göstərməlidirlər. Ailə məsələsinə uyğunlaşmaq üçün uzun yoldan keçmək lazımdır. Bu baxımdan, düşünürəm ki, xarici ölkələrdə olduğu kimi, bizdə də yeni ailələr üçün xüsusi məktəblərin olmalıdır. Hesab edirəm ki, gənclər bu məktəblər vasitəsilə ailədə üzləşəcəkləri problemlərdən çıxmağın yollarını, eləcə də yeni doğulan körpəyə necə baxmaq, qulluq etmək və digər məsələlər haqqında məlumat ala bilərlər".

"Gəlin-qayınana münasibətlərinin normal olması üçün qarşılıqlı hörmət vacib şərtdir"

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova söyləyib ki, əgər ailədə qayınana və gəlin bir-birlərinə hörmət edirlərsə, o zaman istənilən anlaşılmazlıqları həll etmək mümkündür. Uzun müddət həyat yoldaşı ilə birlikdə yaşayan, dünyaya övladlar gətirən, nəsillərarası münasibətləri qoruyan təcrübəli qadınların fikrinə görə, gəlin-qayınana münasibətlərinin normal olması üçün qarşılıqlı hörmət vacib şərtdir. Ailənin qoruyub saxlanılmasında, övladların xoşbəxt böyüməsində qadının tarixi rolu hamıya məlumdur: "Biz Azərbaycan ailəsi dedikdə, ulu baba və nənələrimizin keçdiyi yolu nəzərdə tuturuq. Onlar üçün ailə - sədaqət, qarşılıqlı məhəbbət, övladları düzgün tərbiyə etmək, onları boya-başa çatdırmaq kimi dəyərlər üzərində qurulan bir ailədir. Bu dəyərlərə torpağa, vətənə, anaya, övlada sonsuz məhəbbət aşılamaq da daxildir. Məhz bu təməllər üzərində qurulan ailələrdə gəlin-qayınana münasibətləri də düzgün qurulur. Komitəmiz tərəfindən ailənin cəmiyyətdəki rolunun yüksəldilməsi, nümunəvi ailələrin təbliği, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və nəsildən-nəsilə ötürülməsi, gənclərin ailə həyatına hazırlığı, ailə sağlamlığının qorunması, ailədə uşaqların tərbiyəsinin və inkişafının düzgün üsullarının aydınlaşdırılması, yaşlı nəslin təcrübəsindən faydalanaraq nəsillərarası qarşılıqlı hörmətin qorunub saxlanılması məqsədilə ailə həyatına qədəm qoyan qızlar üçün "Yaşlı nəslin təcrübəsindən faydalanaq" adlı maarifləndirmə layihəsi çərçivəsində ağbirçəklər şurasının üzvlərinin iştirakı ilə "Gənc ana" kursların açılması istiqamətində respublikanın şəhər və rayonlarında tədbirlərin həyata keçirilməsi məhz bu məsələni özündə əks etdirir".

"Gəlin-qayınana münasibətləri boşanmaya səbəb olan əsas problemlərdəndir"

Hüquqşünas Murtuzəli Abbasov söyləyib ki, Azərbaycanda boşanmalara gətirib çıxaran əsas problemlərdən biri məhz gəlin-qayınana münasibətləridir: "Azərbaycanda çox hallarda gəlinlər qayınana ilə birgə yaşayırlar. Lakin onların birgə yaşayış mühitinə uyğunlaşa bilməmələri bir sıra problemlərə yol açır ki, bunun da nəticəsində, sonunda ailələr dağılır. Bəzən qayınanalar gənc ailələrin həyatına yersiz müdaxilə edirlər. Bu da, əlbəttə gənclərin narazılığına səbəb olur. Azərbaycanda elə ailələr var ki, gənclərlə bağlı bütün məsələlər qayınana ilə razılaşdırılmalıdır. Bu fonda qayınananın hər məsələyə müdaxiləsi sonda ağır nəticələrə gətirib çıxarır.

Bu cür problemlər ucbatından boşanmaya üz tutan ailələrə münasibətləri tənzimləmək üçün müəyyən müddət verilir. Məhkəmələr gənc ailələrin dağılmamasında maraqlıdır. Bəzən bu müddət problemin müsbət tərəfdən həllinə imkan yaradır. Amma elə ailələr var ki, orada problem artıq qloballaşdığından, onun həlli mümkün olmur və nəticə etibarı ilə gənclər boşanmağa üstünlük verirlər. Biz belə şəxslərə yalnız hüququ cəhətdən yardım edə bilir, onlara psixoloji tərəfdən yardım edə bilmirik. Azərbaycanda mental məsələlər cəmiyyətə təsir etmək imkanına malikdir. Lakin bunun həddən artıq olması, xırda problemlərin yersiz şəkildə şişirdilməsi acı nəticələrə gətirib çıxarır. Hesab edirəm ki, ailələrdə gənclərin işinə müdaxilə az olmalı, əksinə, onlar dəstəklənməlidirlər".

"Ailə qurduğumuz zaman "mən" olmaqdan əlavə "biz" olmağı bacarmalıyıq"

Psixoloq Təhminə Çələbinin fikrincə, ailədə normadan artıq gözləntilər xoşagəlməz nəticələrə gətirib çıxara bilər: "Bəzən normal, mehriban bir qadın qayınana olduqdan sonra sanki obrazını dəyişərək, fərqli davranmağa başlayır. Eyni zamanda, bunu gəlinə də şamil etmək olar. Lakin bu cür hallara yol vermək olmaz.

Bəzən gəlin-qayınana arasında yaşanan xoşagəlməz hadisələrin səbəbi sadəcə insan psixologiyasında müdafiə mexanizminin işə düşməsi ilə bağlı ola bilir. Elə ailələr var ki, orada gəlin qayınananın, qayınana da gəlinin qorxulu röyasına çevrilir. Belə olan halda, onlar bir-birindən müdafiə olunmaq üçün yaxın münasibət qura bilmir, bu da ailə daxilində normal münasibətlərin qurulmasına mane olur. Çox təəssüf ki, bizim cəmiyyətdə qayınana deyəndə, ilk növbədə, ağıla heç də gülərüz və mehriban obraz deyil, əksinə daha ciddi, qəddar və gənclərin işinə hər an müdaxilə edən bir şəxs canlanır. Əslində, bu tamamilə yanlışdır. Çünki bu günün anası sabahın qayınanasıdır.

Gəlin-qayınana münasibətlərinin pozulmasına gətirib çıxaran əsas problemlərdən biri bizdə övladlara qarşı hiperqayğının olmasıdır. Bir çox hallarda oğul anaları övladını paylaşmaq istəmir. Bu cür hallar ailədə narazılığa, söz-söhbətlərə gətirib çıxarır.

Ümumiyyətlə, ailələrdə qarşı tərəfdə qüsur axtarmaq iddiası olmamalıdır. İstənilən şəxsin mənfi və müsbət cəhətləri var. Onları öz üzərimizə götürüb haqlı çıxartmaq, daxili nifrətə gətirib çıxara bilər. Kiçik problemləri böyütmək düzgün deyil. Ailədə şəxsi mənfəəti deyil, ailənin rifahını düşünmək lazımdır. Çünki ailə qurduğumuz zaman "mən" olmaqdan əlavə, həm də "biz" olmağı bacarmalıyıq. Belə olduqda xoşagəlməz problemlər yaranmaz".

NAİLƏ MƏHƏRRƏMOVA

Digər xəbərlər