PDF Oxu

Sosial

  • 44

AZƏRBAYCAN XALQININ ƏBƏDİLƏŞMİŞ LİDERİ

AZƏRBAYCAN XALQININ ƏBƏDİLƏŞMİŞ LİDERİ

YAP-ın rayon təşkilatları Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93 illiyini böyük coşqu və fərəh hissi ilə qeyd edirlər

Respublikamızın bütün şəhər və rayonlarında, eləcə də dünyanın hər yerində Azərbaycan xalqının dahi oğlu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93 illiyi təntənəli surətdə qeyd edilməkdədir. Bununla bağlı ölkəmizin bölgələrində əhəmiyyətli tədbirlər həyata keçirilir. Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının rayon təşkilatlarında da bir çox tədbirlər reallaşdırılmış, bu tədbirlər əsnasında müxtəlif müsabiqələr, idman turnirləri və rəsm sərgiləri keçirilməkdədir.

Nazim Ağayev: "Gənclərimiz rayonumuzun hər bir sahəsində fəal mövqe tutmaqla, Ümummilli Liderimiz Heydər Əliyevin müdrik ideyalarına səylə yiyələnirlər"

YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev bununla bağlı qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93 illiyi, hər yerdə olduğu kimi, Xaçmazda da böyük təntənə ilə keçirilir. Rayon təşkilatının sədri onu da vurğulayıb ki, Azərbaycan xalqının dahi oğlu, nəhəng siyasi xadim Heydər Əliyev müəyyənləşdirdiyi uğurlu siyasəti ilə bugünkü müasir, inkişaf edən Azərbaycanın banisidir. N.Ağayev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93 illiyi ilə bağlı keçirilən tədbirlər barədə danışarkən, onu da qeyd etdi ki, YAP Xaçmaz rayon təşkilatı, Xaçmaz rayon icra hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə hər ilə Ulu Öndərin anadan olması ilə bağlı gənclər arasında müxtəlif tədbirlər - yazı müsabiqəsi, mini-futbol yarışları keçirir: "Elə bunun bariz nümunəsidir ki, bu kimi əhəmiyyətli tədbirlər gənclərimiz arasında yüksək coşqunluq hiss olunur. Gənclərimiz rayonumuzun hər bir sahəsində fəal mövqe tutmaqla, Ümummilli Liderimiz Heydər Əliyevin müdrik ideyalarına səylə yiyələnir, təhsil və bilik sahəsində müvəffəqiyyətlər qazanmaqla, intellektual səviyyələrini yüksəltməklə ölkə başçısı Cənab İlham Əliyevin onlara göstərdiyi diqqət və qayğını layiqincə doğrultmağa çalışırlar. Keçirilən futbol turnirləri bir daha onu göstərir ki, gənclər Ulu Öndər Heydər Əliyev ideyalarına daim sadiqlik nümayiş etdirməklə, idmana çox böyük maraq göstərir və onlar zəngin potensial qüvvəyə yiyələnirlər".

Meydanəli Yolçuyev: "Bu gün iftixar hissi ilə deyə bilərik ki, Azərbaycanımızın inkişaf sükanı Heydər Əliyev siyasətinin davamçısı, uzaqgörən Prezidentimiz İlham Əliyevin əlindədir"

YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev tariximizin yetişdirdiyi ən böyük şəxsiyyətlərindən olan Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti barədə ətraflı danışaraq vurğulayıb ki, Azərbaycanın son 35 illik inkişafı birbaşa Onun adı və ideyaları ilə bağlıdır. Müstəqil Azərbaycan dövlətinin formalaşması, iqtisadiyyatın dinamik, sürətli inkişafı, cəmiyyətin bütün sahələrində aparılan islahatların uğurla nəticələnməsi də Heydər Əliyevin xidmətlərinin nəticəsidir. M.Yolçuyev Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünün Daşkəsən rayonunda da möhtəşəmliklə keçirildiyini vurğulayıb. Qeyd olunub ki, müxtəlif və bir-birindən maraqlı tədbirlər rayon sakinləri tərəfindən böyük sevinc hissi ilə qarşılanıb. Rayon təşkilatının sədri qeyd edib ki, ölkəmizin tərəqqisi, müasirləşməsi, Azərbaycanın bütün regionlarında quruculuq və abadlıq işlərinin geniş vüsət alması, Ulu Öndərin ideyalarının layiqli davamçısı Prezident İlham Əliyev siyasətinin xalq tərəfindən dəstəklənməsinin bariz ifadəsidir: "Xalqımız 1991-ci ildə dövlət müstəqilliyimizi bərpa etdiyi ilk günlərdə ölkəmiz böyük tarixi sınaqlarla üzləşdi. Belə şəraitdə 1993-cü ildə xalqımızın təkidli tələbi ilə yenidən rəhbərliyə qayıdan Ulu Öndər Heydər Əliyev çox ağır, lakin şərəfli bir vəzifəni öhdəsinə götürərək xalqımızı, dövlətimizi məhv olmaq təhlükəsindən xilas edib. Bundan sonra ölkəmiz inkişaf yolunda addımlamağa başladı. Bu gün iftixar hissi ilə deyə bilərik ki, Azərbaycanımızın inkişaf sükanı Heydər Əliyev siyasətinin davamçısı, uzaqgörən Prezidentimiz İlham Əliyevin əlindədir".

Ramiz Şabanov: "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev millətimizin və dövlətimizin gələcəyi naminə misilsiz xidmətlər göstərib"

YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 93-cü ildönümü ilə bağlı davamlı tədbirlər planı Tərtər rayonunda da yüksək səviyyədə keçirilir. R.Şabanov Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrləri ilə bağlı qeyd edib ki, Azərbaycan xalqını düşmüş olduğu bütün bəlalardan xilas edən Ulu Öndər dövlət və dövlətçiliyimizin əbədi olması üçün zəruri olan bütün adımları atıb: "Müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ulu Öndər Heydər Əliyev millətimizin və dövlətimizin gələcəyi naminə misilsiz xidmətlər göstərib. Dahi şəxsiyyət Heydər Əliyev hələ Sovet İttifaqının tərkibində respublikamızda rəhbər vəzifələrdə çalışdığı dönəmlərdə belə Azərbaycanın və azərbaycanlıların gələcəyini düşünmüş və bu günümüz üçün böyük işlərin və layihələrin əsasını qoymuşdur".

Ölkəmizin ikinci dəfə öz müstəqilliyini əldə etdikdən sonra düşmüş olduğu çətin dönəmlərdən də, məhz Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və yüksək bacarığı sayəsində xilas olduğunu söyləyən R.Şabanov dövlətimizin sağlam, sarsılmaz təməllər üzərində bərqərar olmasının əsasının da o dövrlərdə qoyulduğunu vurğuladı: "Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Cənab Prezident İlham Əliyevin praqmatik siyasəti ölkəmizin daha da yüksək inkişaf xətti tutmasına şərait yaradıb. Bu siyasəti isə Azərbaycan xalqı dəstəkləyir və bundan sonrakı illərdə də dəstəkləyəcək".

R.KAMALQIZI

Digər xəbərlər