Ağcabədi rayon Muğam Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə rəqs müsabiqəsi keçirilib.
Müsabiqəni YAP Ağcabədi rayon təşkilatının sədr müavini Teymur Rəhimov açıq elan edərək, iştirakçılara müsabiqənin şərtləri barədə məlumat verib.
Müsabiqədə rayonun məktəbəqədər tərbiyə müəssisələrinin, orta məktəb, musiqi və incəsənət məktəblərinin şagirdləri iştirak ediblər.Al-əlvan geyinmiş, rəngarəng, bir-birindən gözəl rəqslər ifa edən rəqqasələr arasından qalibləri seçmək münsiflər heyəti üçün heç də asan olmamışdır.
Gərgin keçən mübarizədən sonra münsiflər heyətinin yekdil qərarı ilə Ağcabədi şəhər 8 saylı uşaq bağçası-körpələr evinin rəqs qrupunun balaca rəqqasələri I yerə, Ağcabədi şəhər 5 saylı uşaq bağçası II yerə, və Ağcabədi şəhər 1 saylı uşaq bağçasının rəqs qrupu III yerə layiq görülüblər.
Qeyd edək ki, orta məktəb şagirdlərinin rəqsləri daha dolğun və rəngarəng olmuşdur. Uşaqlar Azərbaycan, hind, özbək, türkmən, ispan rəqslərini həmin xalqların öz milli geyimlərində məharətlə ifa ediblər.
I yeri Ağcabədi şəhər 1 saylı tam orta məktəb, II yeri Ağcabədi şəhər 5 saylı tam orta məktəb və III yeri Ağcabədi şəhər 3 saylı məktəb liseyin şagirdləri qazanmışlar.
Musiqi məktəbləri şagirdlərinin müsabiqəsində I yeri Ağcabədi şəhəri Üzeyir Hacıbəyov adına İncəsənət Məktəbinin şagirdləri tutmuşlar.
Qaliblər Ulu Öndərin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş təntənəli yığıncaqda fəxri fərmanlar və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
ZÜMRÜD