Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırığına uyğun olaraq əhalinin pulsuz tibbi müayinəsi Suraxanı rayonunda uğurla yekunlaşır. Tibbi müayinənin yüksək səviyyədə, operativ təşkil edilməsi məqsədilə rayon icra hakimiyyəti başçısının sərəncamı ilə komissiya yaradılmış, rayon ərazisində yerləşən müəssisə və idarələrin kollektivlərinin tibbi müayinədən keçmə qrafiki tərtib olunmuşdur.
Suraxanı rayonunun 214400 nəfər əhalisinin və rayonda məskunlaşmış 20 mindən yuxarı məcburi köçkünün tibbi müayinədən keçirilməsi 4 xəstəxanada, 4 poliklinikada və 1 ambulatoriyada həyata keçirilir. Hər bir vətəndaş yaşadığı əraziyə yaxın olan tibb müəssisələrində tibbi müayinədən keçir.
12 may tarixinədək Suraxanı rayonunda 166 min 707 nəfər vətəndaş və 139 kollektiv tibbi müayinədən keçib. Bu da tibbi müayinədən keçməsi nəzərdə tutulanların 71,1%-ni təşkil edir. Tibbi müayinədən keçən 5116 nəfər vətəndaşda müxtəlif xəstəliklər aşkarlanıb. 235 nəfər stasionar müalicəyə cəlb edilib, 256 nəfər təkrar müayinə və müalicə olunmaq üçün Bakı şəhərinin müxtəlif xəstəxanalarına göndərilib. 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Arif Məmmədov bildirib ki, xəstəxana 2011-ci ildə əsaslı təmir edilib və müasir avadanlıqlarla təchiz olunub. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin əhalinin tibbi müayinəsinin keçirilməsilə bağlı tapşırığını yerinə yetirmək üçün xəstəxananın poliklinika şöbəsi tam hazır vəziyyətə gətirilib. Əhalinin tibbi müayinədən keçirilməsində əsas məqsəd xəstəliklərin erkən aşkarlanmasıdır. Əhalinin müayinəsi tərtib edilmiş qrafikə əsasən aparılır. Müəssisə 39077 nəfər böyük əhaliyə və 13728 uşağa xidmət edir. Tibbi müayinə başlayandan bu günə qədər 25173 nəfər tibbi müayinədən keçib. Müayinədən keçən vətəndaşların 1527 nəfərində xəstəlik aşkar olunub. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir.
Qaraçuxur qəsəbə sakinləri ağsaqqallar şurasının sədri Əlağa Hüseynov, Türkan Fətullayeva 15 nömrəli BŞX-nin tibbi heyətindən, burada yaradılan şəraitdən razılığını bildirib və vətəndaşların qayğısına qalındığına, problemlərinə diqqətlə yanaşdığına görə, dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
ZÜMRÜD