PDF Oxu

Sosial

  • 55

Müasirləşən və modernləşən bölgələr

Müasirləşən və modernləşən bölgələr

Naxçıvan iqtisadiyyatı ən yüksək inkişaf mərhələsində

Azərbaycanın və Şərqin ən qədim və iri şəhərlərindən olan Naxçıvanın yol boyu yeni və müasir tikililəri, xiyabanları, küçə və meydanları, parkları göz oxşayan mənzərə yaradır. Yaşı əsrlərlə ölçülən qədim türbə və tikililər, daş kitabələr, özündə sivilizasiyanın ilkin közərtilərini yaşadan sirli dağlar Naxçıvanın min illərin o üzündə qalmış tarixindən xəbər verir.

Naxçıvanı müasir inkişafa qovuşduran dövr

Təkcə Naxçıvan Muxtar Respublikasının deyil, bütövlükdə, Azərbaycan Respublikasının tarixinə dönüş ili kimi yazılmış 1969-cu ildən sonrakı dövr, bu mənada, Naxçıvan Muxtar Respublikasının da hərtərəfli inkişafında dərin izlərlə yadda qalmışdır. Bu dövrdən başlayaraq öz xalqına və millətinə xidmət etməyi ən böyük xoşbəxtlik sayan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın bütün bölgələrində olduğu kimi, Naxçıvanın da inkişaf dövrü başlanmışdır. 1969-1987-ci illərdə gedən sürətli inkişaf prosesləri nəticəsində Naxçıvanda ilk dəfə olaraq regionda yaradılmış irihəcmli istehsal müəssisələri hesabına rahat iş yerləri açıldı. Belə ki, 1985-ci ilədək Naxçıvanda müxtəlif sahələr üzrə 21 iri sənaye müəssisəsi istifadəyə verildi. Qeyd edək ki, 1993-cü ildən sonra Naxçıvan daha geniş işkişaf yoluna qədəm qoydu. Bu dövr xalqımızın öz Lideri Heydər Əliyevin ətrafında yenidən daha sıx birləşməsi dövrü kimi xarakterizə edilir. Bu dövrdə Naxçıvanın hər yerində, şəhər və kəndlərin də möhtəşəm quruculuq işləri həyata keçirilmişdir. Belə ki, muxtar respublikada ümumi inkişafı əks etdirən ümumi daxili məhsul istehsalı 1995-ci illə müqayisədə 56 dəfədən çox artaraq, 2 milyard 467 milyon manatı üstələmişdir. Hər bir nəfərə düşən ümumi daxili məhsul istehsalı 42 dəfədən çox artaraq, 5581 manatı ötmüşdür. Eyni zamanda, əgər 1995-ci ildə muxtar respublikada 56 sənaye müəssisəsi və cəmi 1 elektrik enerjisi istehsal edən müəssisə olmuşdursa, hazırda bu göstəricilər müvafiq olaraq 441-ə və 8-ə çatmışdır. Azərbaycan Respublikasının tərkibində muxtar respublika kimi öz inkişafının ən yüksək mərhələsinə çatmış Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında əldə olunmuş bu nailiyyətlər burada ictimai həyatın bütün sahələrində özünü göstərir.

Regional Dövlət Proqramının icrası muxtariyyətin sosial-iqtisadi inkişafında digər mühüm mərhələdir

Milli iqtisadi inkişaf strategiyasının tərkib hissəsi olan regional inkişafa 2003-cü ildən sonra xüsusi diqqət yetirilmişdir. Belə ki, regionların sosial iqtisadi inkişafını sürətləndirmək və miqyasını genişləndirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü, rəhbərliyi və nəzarəti ilə dövlət proqramları qəbul olunmuş və həyata keçirilməsi ardıcıl təmin edilmişdir. Regional Dövlət Proqramının icrası digər regionlarda olduğu kimi, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında da mühüm mərhələ olmuşdur. Belə ki, 2014-cü ildə Naxçıvan Muxtar Respublikasında 2003-cü ilə nisbətən məhsul (xidmət) istehsalı 12,3 dəfə, sənaye məhsullarının istehsalı 46,5 dəfə, kənd təsərrüfatı məhsulları 4,8 dəfə, tikintinin həcmi 12,5 dəfə, informasiya və rabitə xidmətləri 10 dəfə, xarici ticarət dövriyyəsi 12,2 dəfə artmışdır. Naxçıvan iqtisadi rayonunda ümumi məhsul (xidmət) istehsalında sənaye məhsulunun xüsusi çəkisi artaraq, 2014-cü ildə 32 faiz olmuşdur.

Qeyd edək ki, muxtar respublikada kənd təsərrüfatının inkişafı həmişə diqqət mərkəzində olmuşdur. Ona görə aqrar sektorda da böyük dönüş baş vermişdir. Aparılmış genişmiqyaslı işlərin, ardıcıl siyasətin nəticəsində artıq muxtar respublikada, demək olar ki, bütün əsas kənd təsərrüfatı məhsulları üzrə daxili tələbat nəinki tam ödənilir, hətta bəzi məhsullar ölkəmizin və yaxın xarici dövlətlərin bazarlarına da çıxarılır. Nəticə etibarilə, muxtar respublikanın ümumi daxili məhsulu 2010-cu ildəki 1,2 milyard manatdan 2014-cü ildə 2,4 milyard manata çatmışdır. Naxçıvan MR- də son 12 ildə, yəni 2003- 2015-ci illərdə əsas kapitala 5,7 milyard manat investisiya qoyulmuş və burada 63,2 min yeni iş yeri açılmışdır. Onların da 75 faizə qədəri daimidir. Regionda təsərrüfat subyektlərinin sayı artaraq, 2013-cü ildə 17 minə yaxın olmuşdur. Ümumi məhsul istehsalının həcmində qeyri-dövlət müəssisələrinin payı 87 faiz olmuş, sahibkarlıq subyektlərinin sayı isə 2 dəfədən çox artmışdır.

Naxçıvan iqtisadi rayonunda əsas kapitala investisiyaların 46,4 faizini dövlət, 53,6 faizini isə qeyri-dövlət investisiyaları təşkil etmişdir. Əsas kapitala investisiya qoyuluşu əsasən, 97 faiz daxili mənbələr hesabına həyata keçirilmişdir.

Beləliklə, yuxarıda sadalanan xüsusiyyətlər inkişafın Naxçıvan modelinin və ya Naxçıvan möcüzəsinin əsas səbəbi olmuşdur. Çünki Naxçıvan Muxtar Respublikasının ölkəmizin hərtərəfli inkişafındakı rolunu qiymətləndirmək, təkcə coğrafi baxımdan deyil, həm də iqtisadi, eyni zamanda da siyasi əhəmiyyətini dəyərləndirmək, sözün həqiqi mənasında, çox mühüm tarixi addımdır. Bu, bir daha göstərir ki, artıq Azərbaycanda mükəmməl idarəetmə strategiyasına söykənən mütərəqqi, müdrik bir siyasət yeridilir və bu siyasət hər qarış torpağına sahib çıxır, bunu bacarır və mərdliklə qorunmasına xidmət etməkdədir.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər