PDF Oxu

Sosial

  • 32

Ölkəmizdə şərqşünaslıq sahəsində məktəb yaradan ziyalı

Ölkəmizdə şərqşünaslıq sahəsində məktəb yaradan ziyalı

Mayın 16-da AMEA-nın əsas binasında Şərqşünaslıq İntitutunun təşkilatçılığı ilə görkəmli şərqşünas-alim, akademik Əbdülkərim Əlizadənin anadan olmasının 110 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva akademik Əbdülkərim Əlizadənin Azərbaycan şərqşünaslıq elminin inkişafındakı xidmətlərindən söz açıb. Bildirilib ki, Azərbaycanda Şərqşünaslıq İnstitutunun yaradılmasında Ə.Əlizadənin mühüm xidmətləri olub və bu elm müəssisəsinin ilk direktoru olan akademik ölkəmizdə şərqşünaslıq sahəsində məktəb yaradıb. Bu sahədə görkəmli alimlər yetişdirən akademik Ə.Əlizadə ölkəmizdə mətnşünaslığın banisi hesab olunur.

G.Baxşəliyeva qiymətli tədqiqat əsərləri, tərcümələri, mətnşünaslıq sahəsindəki misilsiz xidmətləri ilə müasir şərqşünaslıq elmimizin əsasını qoymuş alimin həyat və fəaliyyətindən söz açıb: "Ə.Əlizadə, əsasən, Azərbaycanın və qonşu Yaxın Şərq ölkələrinin Səlcuqilər və monqollar dövrü tarixinin tədqiqatçısı idi. Görkəmli akademik Nizami Gəncəvinin "Sirlər xəzinəsi"ni, Rəşidəddinin "Cami ət-təvarix", Məhəmməd ibn Hinduşah Naxçıvaninin "Dəstur əl-katib fi təyin əl-məratib" əsərlərinin elmi-tənqidi mətnlərini hazırlayıb. Akademikin yorulmaz fəaliyyəti daim dövlətimiz tərəfindən yöksək qiymətləndirilib, Azərbaycanın əməkdar elm xadimi fəxri adına və bir sıra dövlət mükafatlarına layiq görülüb".

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli AMEA-da mütəmadi olaraq görkəmli alimlərin, klassiklərimizin yubileylərinə həsr olunan tədbirlərin təşkil olunduğunu söyləyib. O bildirib ki, bu cür tədbirlərin keçirilməsi görkəmli elm xadimlərimizin həyat və elmi yaraıcılığının təbliğ olunmasında və gələcək nəsillərə çatdırılmasında böyük əhəmiyyət kəsb edir. Görkəmli alimin Azərbaycan şərqşünaslıq elmindəki xidmətlərini yüksək dəyərləndirən akademik İ.Həbibbəyli onun ölkəmizdə mətnşünaslıq sahəsində məktəb yaratdığını qeyd edib: "Ə.Əlizadə, həmçinin müasir tarixşünaslıqda sistemli elmi- tədqiqatın əsasını qoyub, Azərbaycanın orta əsr tarixşünaslığının inkişafında da əvəzsiz rol oynayıb. Azərbaycan şərqşünaslığı üçün böyük töhfə olan alimin elmi irsi və fəaliyyəti bu gün şərqşünaslar tərəfindən öyrənməli və tədqiq edilməlidir".

Tədbirdə "Akademik Əbdülkərim Əlizadə və Azərbaycan şərqşünaslığı", "Akademik Əbdülkərim Əlizadə mətnşünas alim kimi" və "Akademik Əbdülkərim Əlizadə necə varsa" mövzularında məruzələr dinlənilib.

ZÜMRÜD

Digər xəbərlər