PDF Oxu

Sosial

  • 68

Vyana görüşü Azərbaycanın qələbəyə doğru atdığı növbəti diplomatik uğurun məntiqi nəticəsidir

Vyana görüşü Azərbaycanın qələbəyə doğru atdığı növbəti diplomatik uğurun məntiqi nəticəsidir

TEZİS ƏSASINDA

Ermənistan tərəfi mövcud status-kvonun dəyişdirilməsi üçün konstruktiv danışıqları davam etdirməyə məcbur edildi

Artıq məlum olduğu kimi, mayın 16-da Vyanada ABŞ-ın dövlət katibi Con Kerri, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov, Fransa Respublikasının Avropa Məsələləri üzrə dövlət katibi Harlem Desir, ATƏT-in Minsk Qrupunun həmsədrləri, ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşikin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. İstər beynəlxalq aləmdə, istərsə də dünyanın nüfuzlu ictimai-siyasi dairələrində maraqla izlənilmiş Vyana görüşü müxtəlif pozitiv və bu kimi yanaşmalarla da yadda qalmış oldu. Ümimiyyətlə götürdükdə isə, bu görüşü bir neçə aspektdən pozitiv hesab etmək mümkündür.

Ermənistan şantaj yolunu tutmaqla münaqişənin həllini uzadıb

1) Ermənistanın ciddi səylərinə və müqavimətinə baxmayaraq, Azərbaycan Ordusunun aprelin 1-5 tarixlərində 2000 ha ərazini işğaldan azad etməsi beynəlxalq birlik tərəfindən qəbul olundu. Ermənistan Vyana danışıqlarına qədər ciddi-cəhdlə orduların təmas xəttinin 1994-cü mayında imzalanmış atəşkəs zamanı müəyyən edilən xəttə çəkilməsinə çalışmış, əks-təqdirdə, beynəlxalq ictimaiyyəti atəşkəsin pozulacağı ilə şantaj edirdi. Bu vasitə ilə Ermənistan şantaj yolunu tutmaqla münaqişənin həllini uzadıb.

Azərbaycan Ordusunun aprel zəfəri Ermənistanı danışıqlar masası arxasına oturmağa məcbur etməklə yanaşı, ATƏT-in Minsk Qrupunu Ermənistana konstruktiv danışıqlar məcrasına qayıtması üçün rəsmi Yerevana təzyiq göstərməyə vadar etdi

2) Ermənistan 2014-cü ildəki Paris danışıqlarından sonra ATƏT-in Minsk Qrupu çərçivəsində davam etdirilən sülh müzakirələrini pozub, hər dəfə danışıqlarda irəliləyişə ümid yarananda, cəbhə xəttində təxribatlara əl atıb və danışıqları pozmağa çalışıb. Məsələn, Almaniya federal kanslerinin təşəbbüsü ilə bu ilin fevral ayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılmış müzakirələrdən sonra da aprelin əvvəllərində Ermənistan belə təxribata əl atdı. Beləliklə, işğalçı Ermənistan bütün beynəlxalq müzakirələrin formal olduğunu nümayiş etdirir, heç bir vəchlə danışıqlar masası arxasında ciddi müzakirələr aparmağa meyil göstərmirdi. Bu baxımdan, Azərbaycan Ordusunun aprel zəfəri həm Ermənistanı danışıqlar masası arxasına oturmağa məcbur etdi, həm də ATƏT-in Minsk Qrupunu Ermənistana konstruktiv danışıqlar məcrasına qayıtması üçün rəsmi Yerevana təzyiq göstərməyə vadar etdi.

Azərbaycan dövlətini işğal faktı ilə barışmağa məcbur etmək mümkün deyil, bundan sonra da münaqişə dondurulmuş vəziyyətdə saxlana bilməz

3) Həm Ermənistan, həm də ATƏT-in Minsk Qrupunun üzvü olan dövlətlər anladılar ki, mövcud status-kvonun zaman limiti bitib, status-kvonu uzatmaqla Azərbaycan dövlətini işğal faktı ilə barışmağa məcbur etmək mümkün deyil, bundan sonra da münaqişə dondurulmuş vəziyyətdə saxlana bilməz. Azərbaycan dövləti, Azərbaycan xalqı konstruktiv danışıqlar ruhuna sadiq olmaqla yanaşı, münaqişəni istənilən vaxt beynəlxalq hüquq çərçivəsində güc yolu ilə həllinə qadirdir. Bununla da, Ermənistan tərəfi mövcud status-kvonun dəyişdirilməsi üçün konstruktiv danışıqları davam etdirməyə məcbur edildi.

Ermənistan beynəlxalq konvensiyalarla qadağan edilmiş silahlardan, o cümlədən kimyəvi silahdan istifadə edib, Azərbaycan isə yalnız atəşkəsin pozulması hallarında, düşmənin hərbi obyektlərini hədəfə almaqla cavab verib

4) Vyana danışıqlarında aprel insidentinin araşdırılması məqsədilə ATƏT-in yeni faktaraşdırıcı missiya yaratması qərara alınıb. Bu baxımdan, şübhə yoxdur ki, münaqişə bölgəsində monitorinqlər aparacaq missiyanın gələcəyi qənaət də ATƏT-in əvvəlki missiyalarının rəyləri kimi Azərbaycanın xeyrinə olacaq. Çünki Azərbaycan Ordusu özgə ərazisində deyil, Azərbaycan Respublikasının beynəlxalq hüquqla tanınmış ərazisində işğalçı ordunun təxribatlarına cavab verir. Ermənistan ordusu yaşayış məntəqələrini, mülki əhalini hədəfə alır, xəstəxanaları, məktəbləri, əkin sahələrini bombardman edir. Dinc sakinlərə qarşı beynəlxalq konvensiyalarla qadağan edilmiş silahlardan, o cümlədən kimyəvi silahdan istifadə olunur. Bu faktlar təsbit edilərək dəfələrlə beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT üzvü olan dövlətlərin nəzərinə çatdırılıb. Azərbaycan isə yalnız atəşkəsin pozulması hallarında, düşmənin hərbi obyektlərini hədəfə almaqla cavab verib. Son aprel hadisələri zamanı ordumuzun qarşısında qoyulmuş tələblərdən biri də Dağlıq Qarabağda yaşayan mülki əhalinin hədəfə alnmaması ilə bağlı olub.

Artıq rəsmi Yerevan da bu faktı dərk edir və işğalçılıq siyasətini yürüdəcəyi təqdirdə, daha acınacaqlı vəziyyətə sürüklənəcəyini anlayır

Nəticə etibarilə biz belə bir qənaətə gələ bilərik ki, Vyana danışıqları aprelin əvvəllərində Azərbaycan Ordusunun zəfərinin diplomatiya sahəsində davamı kimi dəyərləndirilməlidir. Ümumiyyətlə, əldə edilmiş hərbi və diplomatik üstünlük Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyini gücləndirir və münaqişənin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həlli üçün ciddi zəmin yaradır. Artıq rəsmi Yerevan da bu faktı dərk edir və işğalçılıq siyasətini yürüdəcəyi təqdirdə, daha acınacaqlı vəziyyətə sürüklənəcəyini anlayır. Təsadüfi deyil ki, erməni cəmiyyətində də bənzər fikirlər səslənir, bir çox erməni politoloqları və konfliktoloqları vəziyyətin onların xeyrinə olmadığını bəyan edirlər. Ona görə də Vyana görüşünün nəticələrinin, məhz Azərbaycan üçün uğurlu hal kimi qiymətləndirilməsi torpaqlarımızın qısa zamanda düşmən tapdağından azad olunması faktoru reallığa çevrilmək üzrədir.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər