XXI yüzillikdə müstəqil dövlət kimi Azərbaycanın dünya təşkilatları ilə iqtisadi, siyasi, sosial və s. sahələrdə qurulan əməkdaşlığı və dostluq münasibətlərinin inkişafı ölkəmiz haqqında təsəvvürləri daha da genişləndirib. Bu əlaqələrin nəticəsidir ki, bu gün Azərbaycan bütün dünyaya açıq qapıdır. Ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi etməsi də dünyanın Azərbaycana olan maraq dairəsini daha da artırıb. Ölkəmizlə əməkdaşlıq, yaxud da müxtəlif məqsədlərlə səfər edənlər Azərbaycanın bugünkü inkişafı ilə tanış olur, keçirilən bütün beynəlxalq tədbirlərin, görüşlərin sabitlik, əmin-amanlıq şəraitdə baş tutduğunu görür, sosial sahənin bütün sferalarında olan uğurarımızla tanış olurlar. Mövcud olan multikulturalizm və tolerantlıq kimi dəyərlər bütün dünya üçün örnəyə çevrilir. Dünyada terror, ksenofobiya, irqçiliklə bağlı münaqişələrin baş verdiyi halda, birgə yanaşı yaşamaq haqqında təsəvvürlər, məhz bizim torpağımızda genişlənir. Elə müasir dünyamızda dünya mətbuatının, efirinin beynəlxalq aləmlə bağlı yaydığı məlumatlarda Azərbaycanın adının xüsusi vurğulanması da elə bu və ya digər amillərdən qaynaqlanır. Azərbaycanın təsvir obyektinə çevrilməsi, adının bütün hallarda dəyişməsi elə ölkəmizin yüksək imic yaratdığından xəbər verir.
"CƏMİ 25 İL ƏVVƏL MÜSTƏQİLLİK ƏLDƏ ETMƏSİNƏ BAXMAYARAQ, MÖVCUD TƏBİİ EHTİYATLARDAN BACARIQLA İSTİFADƏ EDƏN AZƏRBAYCAN RƏHBƏRLİYİ BÖYÜK UĞURLAR QAZANIB"
Elə Yaponiya mətbuatı Okinava prefekturası nümayəndə heyətinin Azərbaycana səfərindən sonra yazılan məqalə diqqəti çəkir. Yaponiyanın Okinava prefekturasının Myakocima şəhərinin mətbu orqanı olan "Miyakomainiçi" qəzeti həmin prefekturanın nümayəndə heyətinin Azərbaycana, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasına səfəri barədə məqalələr dərc edib. Məqalələrdə dostluq və əməkdaşlıq münasibətlərinin qurulması məqsədilə həyata keçirilən səfərin çox uğurlu alındığı, nümayəndə heyətinin Azərbaycanda səmimi qonaqpərvərlik və böyük hörmətlə qarşılandığı, aparılan müzakirələrin hər iki tərəf üçün çox maraqlı olduğu xüsusi vurğulanır. Məqalə müəllifi Azərbaycanın müstəqillik tarixinin uzun illəri əhatə etməsinə baxmayaraq, böyük nailiyyətlərə imza atdığını qeyd edir:"Cəmi 25 il əvvəl müstəqillik əldə etməsinə baxmayaraq, mövcud təbii ehtiyatlardan bacarıqla istifadə edən Azərbaycan rəhbərliyi böyük uğurlar qazanıb. Karbohidrogen ehtiyatlarından əldə edilən gəlir nəticəsində yalnız paytaxt Bakı deyil, regionlar da müasir inkişaf səviyyəsi ilə fərqlənir".
MÜSƏLMAN DÜNYASI İLƏ İNTEQRASİYA AZƏRBAYCANDAN BAŞLAYIR
Müəllif nümayəndə heyətinin Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasına səfərini qeyd edərkən, yapon oxucusunu Naxçıvana qiyabi səfərə aparmış olur. Məqalədə bəlli olur ki, Azərbaycanın bu qədim tarixə, zəngin mədəniyyətə və müasir inkişafa malik hissəsi öz uğurları ilə yaponiyalı qonaqları heyran qoyub. O, yazır ki, Ermənistan tərəfindən blokadaya alınmasına baxmayaraq, Naxçıvan sürətli inkişafına görə dünyanın ən qabaqcıl regionları ilə müqayisə oluna bilər.
ERMƏNİSTANIN ƏYNİNƏ BİÇDİYİ MƏKRLİ DONU ƏYNİNDƏN SÜBUTLA ÇIXARILIR
Dünya mətbuatını ardıcıl izləsək, demək olar ki, hər gün Azərbaycanla bağlı olan bu cür ürəkaçan yazılara təsadüf etmək mümkündür. Çünki Azərbaycanın həqiqətləri onun torpağındakı ab-havadan güc alır. Əgər dünyaya sülh mesaji ilə özünün təqdim edən Azərbaycanda qeyd etdiyimiz mühit olmasyadı, yəqin ki, Azərbaycan imici dünyada özünü doğrultmazdı. Bu günün insanını artıq hiylə və yalanla aldatmaq mümkün deyil. Qarşılıqlı beynəlxalq əlaqələr düzgün fikir formalaşdırır. Necə ki, bugünkü Ermənistanın donu artıq əynindən sübutla çıxarılır. Məsələn, sivil dünyanın insanın arzuladığı, görmək istədiyi ab-hava ilə Ermənistdanda qarşılaşmayanda, onun siyasəti də, əməlləri də tənqid obyektinə çevrilir. Elə Acarıstan Muxtar Respublikasının nüfuzlu "Adjara P.S." qəzetinin 17 may tarixli nömrəsində "SOS - nüvə və radioaktiv materialların satışı faktları nəyə görə tez-tez baş verir" adlı geniş məqalədə nüvə və radioaktiv materialların qaçaqmalçılığında Ermənistanın xüsusi rol oynaması, o cümlədən 1999-2016-cı illər ərzində ermənilərin iştirakı ilə pis niyyətli məqsədlərlə yüksək miqdarda nüvə və radioaktiv materialların satışı faktlarının aşkar olunması məsələləri əksini tapıb. Bu kimi halların bəşəriyyət üçün yüksək təhlükə yaratması barədə məlumatlar ətraflı şəkildə gürcü ictimaiyyətinin diqqətinə çatdırılıb.
ERMƏNİSTANIN AZƏRBAYCAN ƏRAZİLƏRİNƏ ATDIĞI AĞ FOSFORLU TOP MƏRMİLƏRİNİN İSTİFADƏSİ QƏBULEDİLMƏZDİR
Qətərin "Əl-Cəzirə" telekanalı da Ermənistanın cəbhə bölgəsində qadağan olunmuş ağ fosforlu top mərmilərindən istifadə etməsi ilə bağlı reportaj yayımlayıb. Reportajda deyilir ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülkü şəxslərinin yaşadıqları qəsəbə və kəndləri bombalaması münaqişə tərəfləri arasında gərginliyi daha da artırıb. Azərbaycan tərəfi Ermənistanın Azərbaycan ərazilərinə insanların ölümünə və yaralanmasına səbəb olan ağ fosforlu top mərmiləri atdığını bildirir. Reportajda bildirilib ki, Azərbaycan tərəfi rəsmi olaraq bəyan edib ki, həmin mərminin istifadəsi qəbuledilməzdir və sənədləşdirilərək aidiyyəti üzrə bütün beynəlxalq təşkilatlara göndəriləcək. Daha sonra deyilir: "Aprelin sonunda təmas xəttində yaşanan gərginlik zamanı Ermənistan ordusu Tərtərin Əskipara yaşayış məntəqəsinə kimyəvi mərmi atıb. Xoşbəxtlikdən mərmi əkin sahəsinə düşüb. Ağ fosforlu top mərmisi açıq havada alışır. Ondan çıxan dumanlı hava təsir etdiyi bütün canlılara həyati təhlükə törədir". Yaponiyanın "World Investors TV" internet televiziyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və cəbhə xəttindəki son vəziyyət barədə xüsusi veriliş yayımlanıb. Bildirilib ki, ermənilərin işğal etdikləri əzəli Azərbaycan torpaqları olan həmin ərazilərdə və Ermənistan tərəfindən işğal edilmiş yeddi rayonda bir nəfər də olsun azərbaycanlı qalmayıb. Ermənistan hakimiyyətinin işğalçı siyasəti nəticəsində həmin rayonlardan olan azərbaycanlılar ölkə daxilində məcburi köçkünə çevrilib, öz ata-baba yurdlarından didərgin salınıblar. Verilişdə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti kəskin şəkildə pislənilib, bu işdə ona yardımçı olan xarici dövlətlər tənqid edilib. Qeyd olunub ki, bu ərazilərdə tarixən yaşamayan ermənilər sonradan Çar Rusiyasının məkrli siyasəti nəticəsində tarixi Azərbaycan torpaqlarına köçürülüblər. Ermənilər öz işğalçılıq siyasətindən əl çəkməyib, Qarabağa da göz dikərək, buranın hüquqi sahibləri olan azərbaycanlılara qarşı dəfələrlə soyqırımı siyasəti həyata keçiriblər. Canlı efir zamanı ermənilər tərəfindən törədilən Xocalı soyqırımından da söhbət açılıb və bu faciə XX əsrin ən böyük cinayətlərindən biri kimi pislənilib.
Bəli, yazılan məqalələrə nəzər saldıqca, həqiqətin Azərbaycan tərəfində olduğunu görürük. Artıq biz iyirminci əsrin son onilliklərinin ölkəsi deyilik. Bu gün Azərbaycan dünyaya öz qapısını açaraq, ona qarşı yönələn məkrli siyasəti dəf etmək gücündədir.
Nəzakət ƏLƏDDİNQIZI